COVİD-19 və ürək-damar xəstəlikləri hekimtap.az

COVİD-19 və ürək-damar xəstəlikləri

1810
Author: Kardioloq Günay Novruzova, Əlaqə: (+994) 50 628-68-97

Published: 14.04.2020
Gunay Novruzova

Ürək xəstəlikləri riski nə qədərdir?

Artıq məlumdur ki, COVİD-19 əsasən ağciyərləri zədələyir. Eyni zamanda koronavirus, hətta ürək xəstəliyi olmayan insanlarda da ciddi ürək-damar problemləri yarada bilər. Artıq ürək xəstəliyi olan pasiyentlərdə virus vəziyyəti daha da ağırlaşdıra və fatal nəticələrə gətirə bilər. 

Ürək çatışmazlığı olan xəstələr arasında COVİD-19 səbəbilə ölüm halları 10,5% təşkil edir. Həmçinin, 65 yaşdan yuxarı ürəyin işemik xəstəliyi və ya arterial hipertoniya xəstəliyi olan insanlarda virusa yoluxma və kritik vəziyyətlərin yaranması halları üstünlük təşkil edir. Hospitallaşdırılmış COVİD-19 xəstələrinin təxminən 40%-də ürək xəstəlikləri vardır.

Əsas şikayətlər hansılardır? 

Ürək şikayətlərindən əlavə, COVİD-19 ilə bağlı əsas simptomlar temperaturun yüksəlməsi, öskürək və təngnəfəslikdir. Bir çox xəstələr həmçinin, əzələ ağrıları, boğazda ağrılar, burun tutulması və baş ağrılarını da bildirmişlər. Koronavirusa yoluxmuş 138 xəstənin 16,7%-də aritmiya, 7,2%-də miokardın (ürək əzələsinin) kəskin zədələnməsi, 8,7%-də kardiogen şok müşahidə olunmuşdur. Yaşlı insanlarda xəstəlik əsasən qızdırmasız keçir, öskürək və təngnəfəslik əsas əlamət olur. Koronavirus simptomları miokard infarktını maskalaya bilər. Virusun miokardit (ürək əzələsinin iltihabı) yaratma ehtimalı da vardır. 

Hansı tədbirlər görülməlidir?

Hər bir virus infeksiyası kimi, COVİD-19 da iltihabın inkişafı hesabına aterosklerotik piləyin destabilləşməsini törədə bilər. Bu dövrdə piləyi stabilləşdirən dərmanların (statinlər, aspirin və s.) qəbulu xəstəliyin gedişini yüngülləşdirə bilər.

Ekspertlər ürək-damar xəstəliyi olanlara pnevmokokk və qrip əleyhinə peyvəndlərin olunmasını məsləhət görürlər. Bu, COVİD-19-un bakterial ağırlaşmalarının riskini azaltmaq, həmçinin, COVİD-19-u təqlid edə biləcək qripin profilaktikası üçün lazım bilinir.

Ürək xəstələri nələrə diqqət etməlidir?

Kardioloqun təyin etdiyi müalicənin davam etdirilməsi və tövsiyə olunan rejimə riayət olunması vacib şərtdir. Həkimin tapşırığı olmadan dərmanların qəbulu dayandırılmamalıdır. Vəziyyətinin kəskinləşdiyi və ya hər hansı yeni əlamətin meydana çıxdığı hallarda xəstə mütləq kardioloqa müraciət etməlidir. Bundan əlavə, ümumi profilaktik qaydalara əməl olunması çox vacibdir; xüsusən 65 yaşdan yuxarı şəxslərin özünütəcridi, əllərin gigiyenasına fikir verilməsi, şəxsi məişət əşyalarının (yemək dəsti, əl-üz dəsmalı və s.) tamamilə individuallaşdırılması zamanı xəstəliklərdən qorunma təmin oluna bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az