Bradikardiya hekimtap.az

Bradikardiya

6618
Author: Kardioloq Günay Novruzova, Əlaqə: (+994) 50 628-68-97

Published: 06.04.2020
Gunay Novruzova

Bradikardiya nədir?

Bradikardiya – ürək yığılmalarının sayının dəqiqədə 60 vurğudan az olması ilə səciyyələnən bir aritmiya formasıdır. Peşəkar idmançılarda bu pozğunluq normal hesab olunur. Əksər hallarda bradikardiya müxtəlif ürək patologiyalarının fonunda yaranır. Bradikardiyanın mülayim dərəcəsi hemodinamik pozulmalara səbəb olmur. Daha ciddi hallarda azalmış ürək ritmi orqan və toxumaların qan təchizatının azalmasına, oksigen aclığına gətirib çıxarır, onların fəaliyyətini pozur.

Bradikardiyanın növləri

Bradikardiya fizioloji və patoloji olur. Patoloji bradikardiya kəskin formada gedərək onu törədən xəstəlik (miokard infarktı, miokardit, intoksikasiyalar) aradan qaldırıldıqdan sonra keçib gedə bilər. Bəzi xəstəliklərdə isə bradikardiyanın xronik formalarına rast gəlinir. 

Ürəkdaxili səbəblərin lokalizasiyasından asılı olaraq sinus bradikardiyası və ürək blokadaları ayırd edilir. 

İnkişaf səbəblərinə görə sinus bradikardiyası aşağıdakı formalara bölünür: ekstrakardial (neyrogen), üzvi (ürək zədələnmələri), dərman, toksik və idmançı bradikardiyası. 

Bradikardiyanın əlamətləri

Mülayim bradikardiya qan dövranı pozğunluqları ilə müşayiət edilmir, klinik əlamətləri olmaya da bilər. 

Ürək yığılmalarının sayı 40 vurğu/dəqiqədən az olduqda, eləcə də ürəyin üzvi dəyişikliyi fonunda başhərlənmə, halsızlıq, bayılmaönü vəziyyət və bayılma halları müşahidə edilir. Həmçinin yorğunluq, çətinləşmiş tənəffüs, qeyri-stabil arterial təzyiq, döş qəfəsində ağrılar, diqqət və yaddaşın, görmənin qısamüddətli pozulması, huşun dumanlaşması izlənilə bilər.

Bradikardiyanın əlamətləri ümumilikdə onu fonunda inkişaf edən hemodinamik pozğunluqların ağırlığı ilə düz mütənasibdir. Miokardın yığılma funksiyasının və qan dövranının zəifləməsinə ilk növbədə hipoksiyaya məruz qalan baş beyin reaksiya verir; bir neçə saniyədən 1 dəqiqəyə qədər davam edən huşun itirilməsi, qıcolma tutmaları baş verə bilər. Belə vəziyyətlər həyat üçün təhlükə daşıdığından təxirəsalınmaz tibbi yardımın aparılmasını tələb edir. Uzunmüddətli tutmalar tənəffüsün dayanması ilə nəticələnə bilər.

Bradikardiyanın diaqnostikası

Bradikardiyanın xarakterik əlamətləri anamnezin toplanması və obyektiv müayinə prosesində aşkarlanır. Baxış zamanı seyrək nəbz, normal ürək tonları, bəzən tənəffüs aritmiyası müəyyən edilir. 

Elektrokardioqrafiya müayinəsində seyrək ürək atımları, blokadalar qeydə alınır. Qeydiyyat anında bradikardiya epizodları aşkar edilmədikdə EKQ-nin sutkalıq monitorinqindən (Holter müayinəsi) istifadə olunur. Exokardioqrafiya vasitəsilə ürəyin atım gücünün 45%-dən çox olmayan azalması, ürək ölçülərinin böyüməsi, miokardın degenerativ dəyişikliyi təyin edilir. Tredmil-test (fiziki yüklənmə sınağı) köməyi ilə fiziki iş zamanı ürək atımı qiymətləndirilir. Tranzitor (keçici) blokadaları EKQ və Holter monitorinqi ilə müəyyən etmək mümkün olmadıqda ürəyin ötürücü yollarının transezofagial (qida borusundan) elektrofizioloji müayinəsi tətbiq edilir.

Bradikardiyanın müalicəsi

Klinik əlamətlərlə müşayiət olunmayan mülayim və funksional bradikardiya müalicə tələb etmir. Üzvi, ekstrakardial , toksik formalarda əsas xəstəliyin müalicəsi həyata keçirilir. Stenokardiya, arterial hipertoniya, bayılma, ürək çatışmazlığı, mədəcik aritmiyasının inkişafı bradikardiyanın aktiv müalicəsinə göstəriş sayılır. Morqani-Adams-Stoks tutmaları (qəflətən başhərlənmə, diskoordinasiya, dərinin solğunluğu və soyuq tərlə örtülməsi, huşun itməsi) yarandıqda kardiocərrahın konsultasiyası və elektrostimulyatorun – fizioloji tezlikli elektrik impulsları hasil edən süni aparıcı ritm aparatının implantasiyası ilə baölı məsələnin həlli mütləqdir. 

Adekvat və davamlı ürək ritmi normal hemodinamikanın bərpasına səbəb olur. 

Bradikardiyanın proqnoz və profilaktikası

Ürəyin üzvi zədələnmələri bradikardiyanın gedişinə qeyri-qənaətbəxş təsir edir. Ritmin dayanıqlı azalması fonunda tromboembolik ağırlaşmaların yaranma ehtimalı, həmçinin əlilliyin inkişafı mümkündür.

Bradikardiyanın mülayim və ya fizioloji formalarında proqnoz qənaətbəxşdir

Ekstrakardial səbəblərin, ürəyin üzvi xəstəliklərinin, miokarda toksik təsirlərin aradan qaldırılması, dərman dozalarının düzgün seçilməsi bradikardiyanın qarşısını almağa imkan verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az