Böyütmə mammoplastikası
 hekimtap.az

Böyütmə mammoplastikası

7120
Author: Uzman həkim İlyas Axundzadə, plastik, rekonstruktiv və estetik cərrah, FEBOPRAS

Published: 22.08.2017
İlyas Akhundzade

Süd vəzisi qadınlıq və analıq rəmzi olub qadınlarda özünü qiymətləndirməyə, bədənini bəyənməyə və ümumi yaxşı hiss etməyə mühüm təsir göstərir. Normal inkişaf etmiş süd vəziləri həm dişi cinsiyyətinə aid olmanı göstərib bununla əlaqəli davranışlara ahəng verir. Ona görə, təsadüfi deyil ki, döş forması yaxud həcmindəki doğuşdan ya da qazanılmış hər hansı sapmalar böyük stressə və gərginliyə yol açır.

Döş həcminin təyini ən sadə şəkildə qadının istifadə etdiyi iç camaşır (büsthalter) boyu ilə ölçülür.  Amerikada qəbul olunmuş sistemə görə lifçiyin (büsthalterin) döş boyları kiçikdən böyüyə A, B, C və s. hərflərlə işarələnir. Bundan əlavə sinə dairəsinin boyu santimetr olaraq göstərilir. Azərbaycanda isə keçmişdə qəbul olunmuş sistem hələ də istifadə olunur, və döş boyları kiçikdən böyüyə 1, 2, 3 və s. rəqəmlərlə işarələnir.

Süd vəzilərinin kiçik olmasından əziyyət çəkən qadınlar həkimə müraciət edərkən, ümumi bədən boyları və digər faktorları nəzərə alaraq döşün istədikləri yeni boyuna qərar verməlidirlər. Döş böyüməsinin hazırda ən etibarlı və dünyaca qəbul görmüş metodu isə əməliyyat ilə xüsusi silikon implantların (protezlərin) yeridilməsidir. Müasir dövrdə istehsal olan implantlar həm baxışda həm də toxunulduqda təbii döş xassələrinə malikdir.

Silikon implantların elastik xarici qabığı var.  Protezin içini silikon gel ya da (daha çox Amerikada) steril duz məhlulu təşkil edir. Bu implantların iki əsas şəkli var: yuvarlaq və damla (anatomik) şəkilli. Bundan əlavə protezlər həcm və yüksəkliyə görə, səthin hamarlığına görə, əsasının boylarına görə fərq göstərir. Əməliyyata qərar verildikdən sonra həkim hər bir xəstəyə ən uyğun olan implantı seçir.

İmplant müxtəlif yollarla, o cümlədən süd vəzisinin alt büküşündən, məmə ucu ətrafından, qoltuq altından və hətta göbək dəliyindən yerləşdirilə bilər. Döşdəki implant süd vəzisinin altında, döş əzələsinin altında ya da qarışıq şəkildə yer alır. Silikon implantlar ilə döş böyütmə əməliyyatı təxminən 1 saat çəkir, xəstəxanada 1 gün qalmaq kifayətdir. Xəstə 1 həftə sonra normal günlük həyatına başlaya bilər.

Silikon implantlar çox etibarlı döş böyütmə metodu olmaqla bərabər xəstələrdə bəzi sualları doğurur. Məsələn, bir çox, gələcəkdə ailə qurub ana olmaq istəyən qadınlar implant əməliyyatından sonra uşağı əmzirmə mövzusunda narahatdır. Qeyd edim ki, əksər böyütmə əməliyyatından sonra bu mümkündür. Xəstə bu istəyi haqqında həkimi xəbərdar etməlidir. İkinci məsələ silikon implantın xərçəng xəstəliyi ilə əlaqəsi ilə bağlıdır. Aparılmış bir çox tədqiqat süd vəzisi xərçənginin əməliyyat olmuş qadınlarda nəinki dəyişməməyini, hətta daha az görüldüyünü göstərir. Bu yaxında, silikon implantlar bəzi müəlliflər tərəfindən limfositlərdən əmələ gələn bədxassəli xəstəlikləri az da olsa artırdırdığını fərz etsə də, bu mövzuda dəqiq məlumat yoxdur.   

Silikon implantları yeridilmiş xəstələrin 5-10% protez ətrafındakı birləşdirici toxumanın (kapsulanın) büzülməsi nəticəsində döşlərdə sərtləşmələr və görünüşdə pozulmalar əmələ gəlir. Bu halda implantın çıxarılıb yenisi ilə dəyişməsi lazım olur. Qeyd etdiyim ki, bu kifayət qədər nadir görülən haldır.

Böyütmə mammoplastikası olub istədiyi döş formasına nail olmuş qadınların psixoloji vəziyyətinin yaxşılaşması, özlərinə etibarın artması və cinsi həyatlarının nizamlanması bir çox klinik tədqiqatda  təsdiqlənib.

Bütün qadın oxuyucularımıza daim gözəl və cəlbedici olmalarını arzulayıram! Sağlıqla qalın!

Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.