Abdominal (qarın) ağrıları
 hekimtap.az

Abdominal (qarın) ağrıları

19086
Author: İlhamə Əmiraslanova

Published: 18.12.2017
Ilhame Amiraslanova

Ağrı ən geniş yayılmış simptomlardan biridir, hansı ki, pasiyentlərə ağır fiziki və psixolojı təsir göstərir. Demək olar ki, ağrı təbabəti inkişaf etdirən amillərdən biridir. Təbabətin ilk nailiyyəti ağrının aradan götürülməyi ilə əlaqədardır.

Qarında ağrı sindromu, yəni abdominal ağrı kliniki praktikada qarın boşluğunda yerləşən orqanların əksər xəstəlikləri ilə bağlıdır. Abdominal ağrı müxtəlif səbəblərdən yarana bilər. Burada əsas məqsəd ağrını differensasiya etməkdir, yəni bu narahatçılıq adi köpmə nəticəsində də yarana bilər və yaxud ciddi patoloji prosessin simptomu da ola bilər.

Adətən bir neçə saniyədən 2-3 dəqiqəyə qədər uzanan ağrı narahatçılığa səbəb deyil.

Abdominal ağrı əsasən visseral və somatik olur:
 - Visseral ağrı boş orqanların divarlarında yerləşən sinir uclarının qıcığı nəticəsində əmələ qəlir. Bunlar həmin orqanın spazmı ya da genişlənməsi ilə bağlı ola bilər. Bu ağrıların intensivliyi və yayılma xarakteri müxtəlifdir.
 - Somatik ağrı isə onurğa beynindən çıxan peritonu innervasiya edən sinir uclarının qıcığlanması sayəsində yaranır. Visseral ağrılara əks olaraq somatik ağrılar mütəmmadi, müəyyən lokalizasiyalı, peritonun ön divarının əzələ gərginliyi ilə müşayiət olunur, kəsici xarakter daşıyır, hərəkət və tənəffüs zamanı  artır, bu səbəbdən xəstələr məcburi vəziyyət alır.

Qarın ağrısına səbəb olan xəstəliklərin və patoloji halların əsas qrupları:
 - Qarın boşluğunun orqanlarının, mədə və 12 barmaq bağırsağın, qaraciyər və öd yollarının, mədəaltı vəzin, bağırsaqların,  dalağın funksional və ya orqanik xəstəlikləri;
 - Qida toksikoinfeksiyası;
 - Peritonun iltihabı, zədələnməsi;
 - Böyrək və sidik yollarının xəstəlikləri;
 - Qarın boşluğunda yerli arterial qan dövranının pozulması;
 - Sinir sisteminin bəzi xəstəlikləri (Herpes Zoster);
 - Onurğa sütununun xəstəlikləri, məsələn spondiloartroz;
 - Birləşmə toxumanın diffuz xəstəlikləri (düyünlü periartrit), revmatizm;
 - Hiperlipoproteinemiya, şəkərli diabet, tirotoksikoz və s. kimi xəstəliklərdə nadir hallarda kəskin qarın ağrıları qeyd olunur;
 - Qan sisteminin bəzi xəstəlikləri (hemorragik vaskulit, tromboflebik splenomegaliya);

Qarında ağlarına səbəb olan, nadir və ən pis müalicəyə tabe olan xəstəlik xərçəngdir. Ağrılarla bağlı müayinə zamanı ilk növbədə onkoloji xəstəlikləri inkar etmək lazımdır.

Qarında ağrı zamanı nə etmək lazımdır

Qarın ağrısı zamanı  müayinəsiz ağrıkəsicilərldən, qızdırıcıdan (isti qrelka), imalələrdən qəti istifadə etmək olmaz, çünki bu simptomun həkim müayinəsindən əvvəl aradan götürülməsi səhv diaqnozun qoyulmasına və ciddi fəsadlara səbəb ola bilər. Belə hallarda buz tətbiq oluna bilər. İlk növbədə, qarın nahiyyəsində ağrı hiss etsəniz həkimə müraciət etməyiniz məsləhətdir.

Nə vaxt təcili tibbi yardima ehtiyac ola bilər:
1. Qarının sağ tərəfində əmələ gələn ağrılar kəskin appendisit haqqında düşündürə bilər. Kəskin appendisit – kor bağırsağın soxulcanabənzər çıxıntının (appendiks)  iltihabı, cərrahi müdaxilə tələb edən və son dərəcə təhlükəli bir xəstəlikdir.

Appendisitin əlamətləri:
 - Ağrı qəflətən mədə və ya göbək ətrafı nahiyyələrdə əmələ gəlir, sonra bütün qarını əhatə edə bilər və bir neçə saatdan sonra müəyyən yerdə, adətən sağ qalça çuxur nahiyyəsində lokalizasiya olur;
 - Bədən hərərətinin yüksəlməsi, ürək bulanma və qusma müşahidə oluna bilər;
 - Appendiksin yüksək yerləşməsi (qaraciyərin altında) zamanı ağrı qarının üst sağ yarısında lokalizasiya edilir;
 - İltihablı appendiks kor bağırsağın arxasında yerləşərsə, ağrı bel nahiyyəsinə və ya qarın boyu yayıla bilər;
 - İltihablı appendiks çanaqda yerləşən zaman sağ qalça çuxur nahiyyəsində olan ağrılara qonşu orqanların iltihabı əlamətləri - sistit (sidik kisəsinin  iltihabı), sağ tərəfli adneksit (sağ uşaqlıq artımlarının iltihabı) - qoşulur.

Ağrının gözlənilməz kəsilməsinə diqqət yetirin, çünki  bu hal iltihablı bağırsaq divarının deşilməsi ilə bağlı ola bilər.

Yaşlı insanlarda yuxarıda sadalanan əlamətlər zəif qeyd olunur, çünki yaşla əlaqəli olaraq orqanizmin cavab reaksiyası aşağıdır. Az yaşlı uşaqlarda isə kəskin appendisit təzahürlərinin xüsusiyətləri budur:
 - Narahat olurlar;
 - Yeməkdən imtina edirlər; 
 - Güclü ağrı zamanı qışqırırlar; 
 - Ağız boşluğunda quruluq əmələ gəlir; 
 - Bədən hərarəti 38—39 °С qədər qalxır.

Yardım:
 - Təcili tibbi yardımın çağırılması;
 - Qida və maye qəbulu, ağrıkəsicilərdən istifadə qadağandır;
 - Qarın nahiyyəsinə buz qoyulmalıdır.

2. Yırtıq nahiyyəsində əmələ gələn ağrı – yırtığın boğulması əlamətidir. Qarın boşluğunda yırtığın yerləşməsindən asılı olaraq onun boğulması nəticəsində qarında kəskin ağrılar əmələ gəlir və aşağıdakı göstərilən simptomlarla müşayət edilir:
 - Yırtığın böyüməsi və bərkiməsi;
 - Geri qarın boşluğuna sərbəst daxil ola biməməsi;
 - Palpasiya zamanı ağrılı olduğu;
 - Ürək bulanma, qusma;
 - Nəcis və qaz ifrazatının ləngiməsi;
 - Əksər hallarda yırtıq üzərində dərinin göyərməsi;
 - Ürək döyüntülərinin sayının artması.

Yardım:
 - Xəstəyə yataq rejimi təşkil olunmalıdır;
 - Qarın boşluğunda yırtığı geri düzəltməyə çalışmayın, çünki bu bağırsağın zədələnməsi ilə nəticələnə bilər;
 - Qida və mayə qəbulu, ağrıkəsicilərin istifadəsi qadağandır;
 - Gecikmədən təcili tibbi yardım çağırılmalıdır.

3. Qarında ağrı kəskin pankreatin (mədəaltı vəzin iltihabı) əlaməti də ola bilər. Kəskin pankreatitin inkişafında qaraciyər, öd yollarının və həzm sisteminin başqa orqanlarının patologiyası, qida rejiminin kobut şəkildə pozulması, alkoqoldan sui istifadə, ağır damar xəstəlikləri, allergik vəziyyətlər və s. mühüm rol oynayır.

Simptomları:
 - Ağrılar kəskin, kəmərvari və uzun sürəndir;
 - Bazu və bel nahiyyəsinə yayılır;
 - Daimi mədə nahiyəsində ağrı müşahidə olunur;
 - Ürək bulanma, rahatlıq gətirməyən qusma və əksər hallarda ishal ilə müşayiət olunur;
 - Sarılığın qoşulma ehtimalı var;
 - Qarında köp və əzələlərində gərginlik qeyd olunur;
 - Xəstə adətən bir yanında məcbur hərəkətsiz qalır;

Yardım:
 - Təcili tibbi yardımın çağırılması;
 - Heç bir dərmanlardan istifadə olunmaması;
 - Qarın nahiyyəsinə təcili buzun qoyulması.

4. Öd daşı xəstəliyi və xroniki xolesistit (öd kisənin iltihabı) sağ qabırğa altı nahiyyəsində ağrıya səbəb ola bilər. Bu xəstəliklərin kəskinləşməsi daşların öd kisəsinin boyun nahiyyəsində, öd axarlarında tıxanmasına, öd kisəyə infeksiyanın keçməsi və iltihabın yaranmasına bağlıdır. Əksər hallarda buna səbəb düzgün qidalanmamaq (çox yağlı, əddviyallı, qızardılmış yeməklər), hədsiz fiziki yükləmələr, streslər və s.

Simptomlar:
 - Sağ qabırğa altı nahiyyədə qəflətən kəskin tutmaşəkilli ağrıların yaranması və davamlı olması, kürəyin sağ hissəsinə, qarın boyu yayılması;
 - Ürək bulanma, rahatlıq qətirmiyən ödlə qusma;
 - Hərarətin yüksəlməsi;
 - Neytrofil leykositoz (qanda leykositlərin sayının artması);
 - Dəridə və görünən selikli qişalarda sarılığın yaranması;
 - Xəstələrin çox narahat olması, durmadan bədən üçün rahat vəziyyət axtarılması.

Yardım:
 - Tam sakitlik və yataq rejimin yaradılması;
 - Təcili yardımın çağırılması;
 - Maye, qida və dərmanların qəbulu həkim gəlməzdən əvvəl qəti qadağandır.

5. Bel nahiyyəsində qəflətən yaranan ağrı kəskin böyrək sancılarının əlaməti ola bilər.

Böyrək sancısı sidiyin böyrəklərdən ifrazatı zamanı maneəyə rast gəlməsindən yaranır və ağrı tutması ilə özünü göstərir. Ağrı tutmaları çox vaxtı daşların böyrəkdən sidik yolları ilə keçən zamanı əmələ gəlir. Nadir hallarda tuberkuloz, sidik sisteminin şişləri, böyrəklərin zədələnməsi böyrək sancısına səbəb olurlar.

Əlamətləri:
 - Bir neçə dəqiqədən bir neçə saata qədər davam edən qəflətən yaranan kəsici ağrılar;
 - Bəzi hallarda ağrılar qısa müddətli fasilələrlə bir neçə gün davam edir;
 - İlk olaraq ağrı bel nahiyyəsində xəstə böyrək tərəfindən yaranır, sonra qasığa yayılır;
 - Tezləşmiş diurez (sidik ifrazatı), sidikdə qan izləri müşahidə ola bilər;
 - Ürəkbulanma, qusma.

Yardım:
 - Tam sakitlik və yataq rejimi;
 - Bel nahiyyəsinə qızdırıcının qoyulması və ya 10-15 dəqiqə ərzində isti vanna qəbulu;
 - Təcili tibbi yardımın çağırılması.

6. Mədə və 12 barmaq bağırsağın xora xəstəliyin kəskinləşməsinin əlamətləri:
 - Ac, yeməkdən qısa müddətdən sonra əmələ gələn və ya gecə yuxudan oyadan kəskin ağrılar;
 - Ağrıların əsas lokalizasiyası: mədə, sağ və sol qabırğa altı nahiyyələr;
 - Yayılma nahiyyələri: bel, döş qəfəsi, qarının aşağı hissəsi;
 - Məcburi vəziyyətdə ağrılar azalır;
 - Ürəkbulanma, qusma qəhvəyi rəngtə möhtəviyyatla, qara rəngdə nəcis (melena).

Yardım: 
 - Təcili qastroenteroloqa müraciət.

Mədə ağrılarına bənzər ağrılarla yanaşı ürək nahiyyəsində kəskin ağrıların olması miokardın infarktı haqqında düşündürür.

Yardım:
 - Hərəkət qəti qadağandır;
 - Təcili tibbi yardım dərhal çağırılmalıdır.

7. “Kəskin qarın”ın səbəbləri: mədə və ya 12 barmaq bağırsaq xorasının deşilməsi, kəskin bağırsaq keçməməzdiyi, peritonit, qadınlarda uşaqlıq borusunun dağılması və s.

Əlamətləri:
 - Qarında yayılmış, çox qüclü kəskin (xəncər sancılanması) ağrılar;
 - Məcburi burulmuş vəziyyət ayaqların qarına sıxılması ilə;
 - Qusma, zəiflik, üşütmə.

Yardım:
 - Maye və qida qəbulu, ağrıkəsicilərdən istifadə, hərəkət qəti qadağandır;
 - Qarın nahiyyəsinə selofana sərilmiş buzun qoyulması;
 - Dərhal təcili yardımın çağırılması.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.