Uşaqlarda piylənmə
 hekimtap.az

Uşaqlarda piylənmə

4275
Author: Nabat Ağayeva

Published: 14.11.2017
/papers/1319?locale=en

Son illər artıq çəkili uşaqların sayı artmaqdadır. Bunun səbəbi uşaqların televizor, kompyuter, telefona çox vaxt ayırmaları, eləcə də təhlükəsizlik baxımından evdən kənarda vaxt keçirməmələri ilə əlaqədardır. Günümüzdə çox az hallarda həyətdə aktiv oynayan uşaqlarla rastlaşırıq. Bu, həm də uşaqların dərs yükünün çox olması ilə əlaqədardır. Televizora baxmaqla artıq çəki arasındakı əlaqə belə izah olunur: fiziki aktivlik azalır, reklamların təsiri ilə qida tələbatı artır, oturaq halda əsas mübadilə zəifləyir. Odur ki, 2 yaşdan kiçik uşaqlar heç TV-yə baxmamalı, 2 yaşdan böyüklər isə gündə 2 saatdan çox TV-yə baxmamalıdırlar. Reklam olunan qidaların əksəriyyəti yüksək kalorili, asan mənimsənilən yağ və şəkərdən, duzdan ibarətdir. Sutkada normadan artıq 50 kkal qəbulu (bu 1/3 banka şirin içki, 1 ovuc çips və ya 25 qr dondurmaya bərabərdir) il ərzində bədən kütləsinin 2.25 kq artmasına səbəb olur. Çəki artıqlığında uşaq üçün məktəbə qoyulan yeməklərdə düzgün seçilməlidir. Məktəb yeməyində meyvə-tərəvəz üstünlük təşkil etməlidir. Uşaq apardığı qidadan utanmasın deyə, onu bufetdə satılan hazır qida almağa sövq etmək olmaz. 

Uşaqlarda piylənmə Kuşinq, Prader-Villi sindromu kimi hormonal və irsi xəstəliklərin nəticəsi ola bilər. Bu hallar inkar olunduqdan sonra təkcə uşaq deyil, bütün ailə sağlam həyat tərzinə keçməlidir. Belə ki, yalnız uşağın sağlam həyat tərzinə keçməsi çətin olur. Uşaq valideynlərindən motivasiya və örnək almalıdır. İlk növbədə qeyri-sağlam ailə vərdişləri - gec saatlarda yemək, yataq otağında yemək və s. - aradan qaldırılmalıdır. Körpələrin yalnız ana südü ilə 6 ayadək qidalanması, ana südünün ən az 1 ilə qədər  davam etdirilməsi də gələcəkdə piylənmənin qarşısını alan faktorlardandır. 

Uşaqlarda piylənmənin qalıcı təsirli dərman müalicəsi yoxdur, odur ki, erkən yaşlardan uşaqlar düzgün həyat tərzinə uyğunlaşdırılmalıdırlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.