Metalsız keramik qapaqlar
 hekimtap.az

Metalsız keramik qapaqlar

40698
Author: Stomatoloq Əsəd Rəhmanov, Əlaqə:055 410-84-94

Published: 08.11.2017
Əsəd Rəhmanov

İnsanlarda dişlərin arzuolunmayan rəngi, forması, yerləşməsi bir sıra hallarda belə dişlərə keramik qapaqların hazırlanması zərurəti yaradır. Keramik qapaqları iki qrupa ayırmaq olar: metal əsaslı keramik qapaqlar və metalsız keramik qapaqlar. Metalsız keramik qapaqların daha estetik olması və bir sıra başqa üstünlükləri müasir dövrümüzdə insanlar arasında onlara olan təlabatı daha da artırır.

Metalsız keramik qapaqlar nədir?

Metalsız keramik qapaqlar – içərisində metal olmayan keramik qapaqlardır. Müasir texnologiyalar içərisində metal olmasa da kifayət qədər möhkəmliyə malik keramik konstruksiyaların yaradılmasına imkan verir. Hal-hazırda hazırlanan metalsız keramik qapaqlar 20-30 il əvvəl hazırlanan metalsız keramik qapaqlardan möhkəmliyinə görə qat-qat üstündür.

Metalsız keramik qapaqlarının üstün cəhətləri hansılardır?

İnsan orqanizminə ziyansızdırlar. İnsan bədəninə yerləşdirilən hər hansı bir konstruksiyaya ən başlıca tələb bu konstruksiyanın orqanizmə ziyansız olmasıdır. Orqanizm bu konstruksiyaları yad cisim kimi qəbul etməməlidir. Bu baxımdan metalsız keramikanın insan orqanizminə heç bir ziyanı yoxdur.

Alergik reaksiyalar törətmirlər. Metal əsaslı keramik konstruksiyaların tərkibindəki metallar bəzi insanlarda allergik reaksiyalar törədir. Bu baxımdan metalsız keramik qapaqlar belə bir problem yaratmırlar.

Diş ətini qıcıqlandırmırlar. Metalsız keramikanın dişə və diş əti toxumalarına bioloji uyğunluğa malik olması səbəbindən metalsız keramik qapaqlar diş ətini qıcıqlandırmırlar.

Qapaqla təmas sahəsində diş ətinin rəngi olduğu kimi qalır. Metal əsaslı keramik qapaqlarda qapağın kənarlarının diş əti ilə təmas sahəsində keramika təbəqəsi nazik olduğundan onun altındakı metal bəzən diş ətinin altından boz rəngi zolaq şəklində görünür. Metalsız keramik qapaqlarda isə belə hal baş vermir.

İçərisində metal karkas olmadığı üçün formaca daha incə olurlar. Metal əsaslı keramik qapaqlar hazırlanarkən metal karkasa olan tələblərdən biri normativə uyğun qalınlıqda olmasıdır. Bu qalınlıq xüsusilə, ön dişlər hazırlanarkən imkan vermir ki, qapaqlar daha incə formada hazırlansın. Metalsız keramik qapaqların daxilində metal karkasın olmaması onları daha incə formada hazırlamağa imkan verir.

Hazırlanarkən dişlər az yolunur. Daxilində metal karkas olmadığı üçün dişlər yalnız hazırlanacaq incə qapağın qalınlığı qədər yonulur.

Çəkisi yüngül olduğundan insan tez bir zamanda öyrəşir. Diş konstruksiyalarının çəkisi onlara öyrəşmə müddətini müəyyən edən amillərdən biridir. Ona görə də insanlar çəkisi yüngül olan metalsız qapaqlara çox tez öyrəşirlər.

Qapaqların kənarları dişlərin üzərinə çox dəqiq oturur. Metalsız keramik qapaqların hazırlanmasında hal-hazırda kompüter texnologiyalarından istifadə olunur. Bu səbəbdən qapağın kənarları diş əti nahiyyəsində dişin boynuna çox dəqiq oturur. Bu isə qapağın altına ağız suyu və mikrobların keçməsinin və gələcəkdə qapağın altındakı dişin kariyeslə zədələnməsinin qarşısını alır.

Çox estetik olub təbii dişlərdən seçilmirlər. Metalsız keramikanın təbii işıq şüalarını keçirmə və əks etdirmə xüsusiyyəti dişin toxumaları ilə oxşar olduğundan bu tip qapaqlar təbii dişdən seçilmirlər.

Hansı hallarda metalsız keramik qapaqlar hazırlamaq olar?

 - Bir ədəd zədələnmiş dişin olması zamanı
 - Diş cərgəsində bir və ya bir neçə dişin olmaması zamanı
 - Ön dişlərdə estetik qüsur olduqda
 - Bir dişin və ya diş cərgəsinin qüsuru zamanı
 - Dişin müalicəsindən sonra plomb qoyulmuş sahə çox böyük olduqda
 - İnsanlarda metala qarşı allergiya olduqda
 - İmplant üzərinə diş düzəldilən zaman

Hansı hallarda metalsız keramik qapaqlar düzəltmək olmaz?

 - Xroniki xəstəliklərin kəskinləşmə dövründə
 - Hamiləlik zamanı
 - Ağız boşluğunda iltihabi xəstəliklər zamanı
 - Bruksizm zamanı. Bu zaman insanlar dişlərini bir-birinə sıxır və ya güclü şəkildə sürtürlər ki, bu da keramikanın çatlamasına və sınmasına səbəb ola bilər

Metalsız keramik qapaqların hansı növləri var?

 - Tam keramik
 - Tam zirkon
 - Keramik kütlə ilə üzlənmiş zirkon karkaslı

Metalsız keramik qapaqların hazırlanmasında tətbiq olunan texnologiyalar hansılardır?

 - Qatlarla farfor əlavə edilməklə preslənmiş tökmə üsulu
 - Qalvanoplastika
 - CAD/CAM. Kompüter 3D modelləşdirilmənin ən müasir üsuludur. Buraya CAD (Computer-Aided Design) və CAM (Computer-Aided Manufacturing) texnologiyaları aiddir.
CAD texnologiyasında hazırlanacaq keramik qapağın forması və ölçüləri  kompüter vasitəsi ilə müəyyən edilir.
CAM texnologiyasında isə kompüterin verdiyi nəticələrə əsasən proqramla idarə olunan dəzgah keramik bloklardan keramik qapaqları və ya onların karkasını yonub hazırlayır.

Metalsız keramik qapaqların hazırlanma mərhələləri hansılardır?

 - Dişlərin yonulması. Dişlər hazırlanacaq qapaqların qalınlığı qədər  yonulur
 - Yuxarı və aşağı diş cərgələrindən ölçü alınması. Bu ölçülər şəraitdən asılı olaraq ya ölçü qaşıqları ilə, ya da optik üsulla götürülür.
 - Hazırlanacaq qapaqların rənginin seçilməsi. Bu mərhələdə qonşu dişlərin, əks çənədəki dişlərin və pasientin istəyi nəzərə alınır.
 - Yonulmuş dişlərin üzərinə plastik kütlədən olan müvəqqəti qapaqların hazırlanması və müvəqqəti sementlə fiksasiyası. Qapaqların hazırlanması dövründə yonulmuş dişləri, diş aralarındakı diş ətini qorumaq məqsədi ilə, habelə pasientin çeynəmə, nitq və estetik sahədə çətinliyini nəzərə alıb dişlərin üzərinə plastik kütlədən hazırlanmış müvəqqəti qapaqlar taxılır və müvvəqəti sementlə fiksasiya edilir.
 - Metalsız keramik qapaqların laboratoriya şəraitində hazırlanması.
 - Hazırlanmış qapaqlaqların yonulmuş dişlərin üzərində yoxlanması və fiksasiyası.

Metalsız keramik qapaqlara necə qulluq etməli?

 - Ağız boşluğuna və dişlərə gündəlik gigiyenik qulluq edilməsi vacibdir. Bu qapaqlar təbii dişlər kimi gün ərzində 2 dəfə diş fırçası və pastası ilə təmizlənməlidir. Bu zaman yüksək abrazivli (dənəvərliyi çox olan) diş pastası məsləhət görülmür.
 - Qida qəbulundan sonra keramik qapaqlarla diş ətinin kontakt sahələrindən və diş aralarından qida qalıqları kənar edilməli, ağız boşluğu su və ya xüsusi ağız yaxalayıcıları ilə yaxalanmalı, dişlərin arası diş sapı ilə təmizlənməlidir.
 - İsti və soyuq qidaların bir yerdə qəbulu (məsələn, isti çay, isti qəhvə ilə dondurma) yolverilməzdir. Keramik qapaqlarla tum, qoz, sümük, buz, dırnaq kimi çox möhkəm əşyaları gəmirmək olmaz.

Metalsız keramik qapaqlara müvafiq qulluq edildiyi təqdirdə onlar insana uzun müddət gözəl təbəssüm bəxş edir. Bu səbəbdən ağız boşluğunda dişlərin qapaqlarla örtülməsi zərurəti yaranarsa, metalsız keramik qapaqların yuxarıda sadalanan üstünlüklərini nəzərə alaraq əks-göstərişlər olmadığı təqdirdə dişlərin məhz metalsız keramik qapaqlarla örtülməsi tövsüyə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
   https://hekimtap.az