Rinoplastika. Xarici burun quruluşu
 hekimtap.az

Rinoplastika. Xarici burun quruluşu

11802
Author: Uzman həkim İlyas Axundzadə, plastik, rekonstruktiv və estetik cərrah, FEBOPRAS

Published: 15.10.2017
İlyas Akhundzade

Bu məqalədə burun şəkilinin dəyişdirilməsi üçün aparılan rinoplastika əməliyyatından söhbətimizi davam edirik.

Daha əvvəl qeyd etdiyim kimi, burun əməliyyatının bəlkə də ən mühüm mərhələsindən biri əməliyyat qabağı qərardır. Bunun üçün də həkim ilə pasient arasında düzgün ünsiyyətin qurulması böyük rol oynayır. Həkimə burnunuzda sevmədiyiniz tərəflərə işarə etmək, gözlədiyiniz dəyişikləri rahat izah etmək üçün burnun müxtəlif hissələrinin adlarını bilmək məsləhətdir.

Gəlin bunlar ilə yaxından tanış olaq. Burun, dəri və yumşaq toxumalarla örtülmüş sümük (üst 1/3) və qığırdaq  (alt 2/3) hissələrindən ibarətdir. Burnun sümük hissəsi ortada birləşən iki burun sümüyü və yanlardan bunlara yapışan əng sümüyünün alın çıxıntılarından ibarətdir. Burun sümüklərinin alt hissəsinə üst yan (üçbucaq ya da sadəcə yan) qığırdaqlar yapışır. Ən aşağı hissədə isə alt yan (burun qanadı) qığırdaqları yerləşir. Qığırdaq hissəyə burnun içində yer alan burun çəpəri (dördbucaq) qığırdaq da aiddir. Bundan əlavə burnun müxtəlif hissələrində kiçik əlavə qığırdaqlar da yerləşə bilər.

Burnun üzdəki nişanlarına nəzər salaq. İki göz yuvası arasından başladığı dar hissəyə burun kökü deyilir. Burun kökündən aşağıya doğru uzanan hissə burun belciyidir. Burun belciyi ən altda önə qabarıq olan burun ucu ilə qurtarır. Burun ucunun altından başlayıb üst dodağa yapışan hissəya sütuncuq (kolumella) deyilir. Burnun yan hissələri üstdəki nisbətən düz yan səthlərdən və altdaki bayıra qabarıq burun qanadlarından ibarətdir. Burun qanadları, sütuncuq və üst dodağın başlanğıcı ilə əhatələnmiş girişlərə burun dəlikləri deyilir.

Rinoplastika əməliyyatında ən çox dəyişməsi istənilən hissə burun belciyidir. Burdakı önə qabarıqlığa donqar (Rusca “qorb”) deyilir. Donqar götürüldükdən sonra burun belciyinə Azərbaycan xalqımıza yaraşan düz, ya da, xəstənin istəyi ilə daha çökük, slavyan və bəzi Avropa xalqlarına səciyyəvi şəkil verilə bilər. Burun ucu, istəyə bağlı dik ya da yuxarıya qaldırılmış hala gətirilə bilər. Yuxarıya qaldırılmış burun ucu ilə çökük belcik forması “fındıq burun” (Rusca “kurnosıy”) adlanır.

Burun yanları sıxılaraq daha incə burun əldə edilir. Burun ucunda aparılan müdaxilə burun ucunu yuxarıya qaldırmaqdan başqa, onu daraltmağa, daha aydın görsətməyə, kiçiltməyə ya da böyütməyə, yumru ya da bucaqlı formaya salmağa, simmetrik hala gətirilməsinə imkan verir. Həmçinin burun qanadları da, lazım olduqda, daha simmetrik hala gətirilə bilər. Lakin burun qanadlarını yanlardan kəsərək kiçildilməsi əməliyyatdan sonra nəfəs almağa çox mənfi təsir göstərir. Bundan əlavə əksər hallarda burnun yanında xoşa gəlməz çapıqlar qalır.

Təəssüf ilə qeyd etməliyəm ki, Azərbaycanda burun  qanadlarının daraldılması hələ də olduqca geniş aparılır və bir çox xəstə bundan sonra normal burun nəfəsindən məhrum olur.

Bəzən xəstələr öz istəklərini izah edərkən burnun hissələrini səhv adlandırılır. Praktikada ən çox qarşılaşdığı hal, rinoplastika istəyən xəstənin burun çəpəri əyriliyindən şikayətidir. Əslində isə xəstə “çəpər əyriliyi” ifadəsinin altında burun belciyindəki donqarı nəzərdə tutur və məhz bu donqarın əməliyyatla düzəlməsini arzulayır! Qeyd edim ki, əsil burun çəpəri burun boşluğunun daxilində yerləşdiyindən üstdən görünmür. Burun çəpərinin əyriliyi xüsusi müayinə ilə təyin edilir. Tək başına burun çəpərinin düzəldilməsi burun formasına, o cümlədən burun donqarına heç bir təsir etmir. Ona görə, pasientlərə məsləhətim belədir: əgər burnun xarici görünüşünün dəyişməsini istəyirsənizsə bunu mütləq açıq-aşkar şəkildə həkiminizə deyin.

Hamınıza gözəllik dolu sağlam günlər arzulayıram!

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.