Language:
English
Ramazan ayında baş ağrıdan qorunmağın üsulları
11 May 2018 9528Ramazan ayı yaxınlaşır… Bütün müsəlmanların il boyu gözlədiyi müqəddəs bir ay. Bu ayda görülən əməllərin fəzilətləri çoxdur, lakin sınaqları da az deyil. Onlardan biri də oruc tutmaqdır. Bəli oruc tutan insanlar bu ayda nəfslərinə qalib gəlir, amma bunun nəticəsində müəyyən fiziki çətinliklər, narahatlıqlarla üzləşir, adət etdikləri gündəlik rejimdən çıxmalı olurlar.
Sahurla bağlı yuxu rejiminin pozulması, ac və susuz qalma, qida rejiminin dəyişməsi bəzən oruc tutan indsanlarda baş ağrılarına səbəb olur. Bunun qarşısını almaq üçün sizə bəzi tövsiyələri təqdim edirəm:
İftar yeməyinə təzyiqi yüksəltməyəcək şorba və salat kimi yüngül, az yağlı qidalarla başlayın. Əsas yeməkdə də mədəni yükləməyəcək qidalar qəbul edin.
Orqanizm susuz qaldığından streslə bağlı hormonlar yüksəlir, bu da damarların daralmasına yol açaraq, baş ağrısına səbəb olur. Bunun qarşısını almaq üçün iftar və sahur arasında bol maye qəbul etmək tövsiyə olunur.
– Əgər miqren xəstələri sahura qalxmazlarsa, aclığa bağlı miqren atakları yarana bilər. Səbəb isə aclıq və susuzluğun orqanizmdə stress yaratmasıdır ki, bu da qan təzyiqinin yüksəlməsinə və nəticədə şiddətli baş ağrısına səbəb ola bilər. Baş ağrısından qorunmaq üçün mütləq sahura qalxın və uzun müddət ac qalmamanız üçün yeməyinizi son saatlarda yeyin.
– Sahurda şəkərli qidalar əvəzinə proteinlə zəngin qidalara üstünlük verin. Şəkərli qidalar metabolizmi sürətləndirir, proteinli qidalar ise toxluq saatlarını uzadır.
– Miqrenə təkan verən qidalardan uzaq durun.
– Xüsusilə miqren xəstələri nevroloqun təyinatı ilə sahur və iftar saatlarında qoruyucu müalicə almalıdırlar.
– Təmiz hava və sakit otaqda qısa yuxu ağrıdan azad olmanıza kömək olacaq.
Xoş gəldin Ramazan! Allah hər kəsin oruc və namazlarını qəbul etsin!
Müəllif: Nevroloq Jalə Qarayeva
həkimlə əlaqə üçün "daxil olun"
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1