Language:
English
Kriptorxizm nədir?
20 July 2020 9827Uşaq ana bətnində olarkən xayaların mayası hər iki tərəfdə, böyrəklər səviyyəsində, bel nahiyəsində qoyulur. Bətndaxili inkişafda xaya xayalığa doğru enməyə başlayır, nəticədə 8 – 9 – cu aylarda xayalığa enir. Körpə doğularkən hər iki xaya xayalıqda olmalıdır. Lakin bir sıra hallarda xayanın xayalığa enməsi prosesi pozulur və xaya enməli olduğu yolun hər hansı bir hissəsində qalır xayalığa qədər enmir.
Xayanın xayalıqdan kənarda, enməli olduğu nahiyə boyunca hər hansısa səviyyədə qalmasına kriptorxizm deyilir.
Xayanın enməsi transpozisiya adlanır.
Xayanın yerdəyişməsi bətndaxili inkişafın 6 – cı həftəsindən başlayır.
Kriptorxizmin dəqiq yaranma səbəbləri məlum deyil. Lakin bəzi risk faktorları müəyyən edilir:
- Doğulan körpənin çəkisinin az olması.
- Uşağın vaxtından əvvəl doğulması (37-ci həftəyə kimi);
- Genetika;
- Uşaqda Daun sindromu və digər xromosom xəstəlikləri zamanı
- Hamiləlik zamanı mənfi vərdişlərin olması və s.
Kriptorxizm bütün hallarda müalicə tələb etmir. Bir çox uşaqlarda enməmiş xayalar 6-9 ayına kimi müalicəsiz olaraq xayalığa enir.
Əgər 1 yaşına kimi xayalar xayalığa enməzsə, uşaq mütləq müalicə olunmalıdır. Bir çox hallarda cərrahi müalicə tətbiq edilir. Bir çox hallarda ultrasəs müayinəsi də aşkarlaya bilmir və digər müayinələr ( kompüter tomoqrafiya – KT, maqnit rezonans tomoqrafiya – MRT ) aparılır.
Bəs kriptorxizmin fəsadları nədir?
Kriptorxizmin ən ciddi fəsadlarından biri xayaların toxum yaratmaq funksiyasının pozulmasıdır. Üç yaşdan yuxarı qarın kriptorxizmi olan uşaqların xayasının mikroskopik müayinəsi zamanı 90 % – ə qədər hallarda toxumyaradıcı hüceyrələrin ciddi şəkildə azaldığı məlum olmuşdur. Əməliyyat olunaraq xayalığa endirilmiş xayaların əksəriyyəti sağlam xaya kimi fəaliyyət göstərir, lakin bu halda da xəstələrin bir qismində əməliyyatla endirilmiş xayanın normal funksiya göstərməsi mümkün olmadığından, nəsil törətmək qabiliyyəti tam bərpa olunmur.
Kriptorxizm xaya xərçənginin riskini ciddi şəkildə artırır
Əgər müayinə olunan uşağın bir xayası var, digər xayası yoxdursa bu, uşağın bir xayasının anadangəlmə olmadığını göstərir. Buna monorxizm deyilir. Tək xaya kompensator olaraq böyüyür və orqanizmin tələbatına uyğun fəaliyyət göstərir. Belə uşaqların gələcəkdə ata olma şansları digərlərindən heç də aşağı deyildir. Əgər hər iki xayası yoxdursa deməli anadangəlmə olaraq uşağın xayaları mövcud olmayıb, buna anorxizm deyilir və bu çox ağır patologiyadır.
Bəzən uşaqlarda yalançı kriptorxizm müşahidə olunur. Bu zaman xayalar vaxtaşırı olaraq xayalığı tərk edir və yuxarı qalxır. Bu xüsusilə uşağa soyuq olanda və ya uşaq qorxanda baş verir. Həqiqi kriptorxizmin yalançı kriptorxizmdən olan fərqi ondan ibarətdir ki, yalançı kriptorxizm zamanı xayalar və ya xayalardan biri öz yerinə qayıdır və müəyyən müddət orada qalır. Həqiqi kriptorxizm zamanı isə bu heç vaxt baş vermir. Düzəlməsi üçün mütləq müalicə tələb edilir.
Qeyd edək ki, yalançı kriptorxizm təhlükəli sayılmır və heç bir müalicə tələb etmir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1