Gulshen Dikmen hekimtap.az

Gulshen Dikmen

Ophthalmologist

15 years of experience

Baku
Astiqmatizmin müalicəsi hekimtap.az

Astiqmatizmin müalicəsi

Author: Oftalmoloq Gülşən Dikmen , Əlaqə: 055 808-84-23
5974

Published: 14.05.2020
Gulshen Dikmen

Astiqmatizm nədir?

Astiqmatizm - büllur və ya buynuz qişanın təbii formalarının pozulması ilə müşayiət olunan refraksiya pozuntusudur. Bu zaman işıq şüaları qeyri-düzgün paylanır və gözün torlu qişasında yanlış təsvir əmələ gətirir.  Astiqmatizmin bu və ya digər formasından əziyyət çəkən insanlar əhatələrində istənilən məsafədə  olan əşyaları yayınıq görürlər.   

Təqribi hesablamalara görə, dünya əhalisinin hər dörd nəfərdən biri bu defektdən əziyyət çəkir. Vaxtında   korreksiya olunmazsa, astiqmatizm çəpgözlük və görmənin itirilməsinə səbəb ola bilər. 


Astiqmatizmin növləri hansılardır?

Təbiətinə görə astiqmatizm anadangəlmə və qazanılmış olur.  

 - Anadangəlmə astiqmatizm - 0,5 D-dək, uşaqların çoxunda rast gəlinir və “funksional” hesab olunur, yəni görmə itiliyi və onun binokulyarlığına təsir etmir.

- Qazanılmış astiqmatizm - göz travmaları, zədələnmələr və cərrahi əməliyyatlar səbəbindən yaranır.  

 
Astiqmatizmin növləri aşağıdakılardır:

 - sadə hipermetropik və ya sadə miopik - bir göz almasında uzaqdangörmə və yaxındangörmə, digərində isə normal refraksiyanın müşahidə edilməsi.

 - mürəkkəb hipermetropik və ya mürəkkəb miopik - müxtəlif dərəcəli uzaqdangörmə və ya yaxındangörmənin gözün baş meridianlarında yerləşməsi;

- qarışıq - uzaqdangörmənin bir, yaxındangörmənin isə digər meridianda müşahidə olunması.

 
Astiqmatizmin 3 dərəcəsi var:

- yüngül dərəcəli astiqmatizm - 3 D-dək;

- orta dərəcəli astiqmatizm - 3 D-dən - 6D-dək;

- ağır dərəcəli astiqmatizm - 6D-dən yuxarı.


Astiqmatizmin yaranma səbəbləri hansılardır?

Astiqmatizmin yaranma səbəbləri kimi, əsasən, irsi faktor və göz travmaları göstərilir. 


Astiqmatizmin əlamətləri hansılardır?

Yüngül dərəcəli astiqmatizmin əlamətləri praktiki olaraq hiss olunmur. Defekt yalnız oftalmoloq müayinəsində aşkara çıxır. 

 Orta dərəcəli astiqmatizmdə simptomlar artıq müşahidə olunmağa başlayır - dioptriya yuxarı olduqca təsvirlər daha çox yayınıq görünür. Defektin bu mərhələsində daha bir əlamət də qeydə alınır: düz xətlər “əyilməyə” başlayır, əşyaların kənarları “dalğavari “hərəkət” edir.  

Ağır dərəcəli astiqmatizmdə görmənin zəifləməsi ilə yanaşı, baş gicəllənmələri və ağrıları, gözlərdə kəsilmə hissi də qeydə alınır.  


Astiqmatizmin diaqnostika üsulları hansılardır?

Müayinə həkim-oftalmoloq tərəfindən aparılır. Astiqmatizm diaqnozu pasiyent müayinə edildikdən, gözün görmə itiliyi müxtəlif xüsusi cədvəllərin köməyi ilə yoxlanıldıqdan sonra qoyulur. Bundan sonra astiqmatizmin xarakteri müəyyənləşdirilir. Astiqmatizm qeydə alınarsa, buynuz təbəqədəki əyrilik fərqi xüsusi linzaların köməyi ilə təyin edilir. 


Astiqmatizmin müalicə üsulları hansılardır?

Astiqmatizmin müalicə üsulu kimi eynək və linzaların tətbiqi geniş yayılsa da, defektin müalicəsində “qızıl standart” -  eksimer lazer korreksiyası hesab olunur. Bu zaman cəmi 10-15 dəqiqə ərzində göz üzərində çox dəqiq və pasiyent üçün tam təhlükəsiz olan manipulyasiyalar aparılır. Əməliyyatın mahiyyəti buynuz qişanın dik sahəsinin xüsusi lazerlə götürülməsindən ibarətdir. Əməliyyatdan sonra xəstəlik demək olar ki, tamamilə aradan qalxır.

Bundan başqa, gözdaxili torik linzalar da astiqmatizmin müasir müalicə metodlarından hesab edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az 


Gulshen Dikmen

Choose time

Write you telephone number

By applying you accept

rules of service