Qocalıq kataraktası
Katarakta (“mirvari suyu”) - gözdə büllurun hissəvi və ya tam bulanmasına deyilir. Büllur təbiətcə şəffaf olub, təbii linza rolunu otnayır və işıq şüalarını sındıraraq, onları torlu qişaya ötürür. Büllur şəffaflığını itirdikdə işiq şualarını keçirə bilmir, bu isə görmənin zəifləməsinə, hətta korluğa gətirib çıxara bilər. Kataraktanın üç növü var:
- qocalıq kataraktası;
- anadangəlmə katarakta;
- travmatik katarakta.
Kataraktanın ən geniş yayılmış növü qocalıq kataraktasıdıdır. Dünya Statistika Təşkilatının statistikasına görə, dünya əhalisinin təqribən 80%-i bu xəstəlikdən əziyyət çəkir. Katarakta əsasən, 70 yaşdan sonra inkişaf edir, lakin bəzi hallarda bu patologiyaya 45-50 yaşlarda da rast gəlinir.
Qocalıq kataraktasının yaranma səbəbləri hansılardır?
Qocalıq kataraktasının əsas yaranma səbəbi orqanizmdə baş verən yaşlanma prosesləri nəticəsində büllurun bioloji tərkibinin dəyişməsidir.
Qocalıq kataraktasının əlamətləri
- görmə itiliyinin zəifləməsi;
- eynək və linzalarla korreksiya olunmayan görmə aydınlığının pozulması;
- rənglərin parlaqlığının və kontrastlığının azalması;
- işığa qarşı həssaslığın artması;
- işıq mənbəyi ətrafında oreol və parlaq nöqtələrin yaranması;
- gecikmiş mərhələlərdə bəbəyin rənginin ağarması.
Qocalıq kataraktasının diaqnostikası necə aparılır?
Xəstəliyin müayinəsi həkim-oftalmoloq tərəfindən aparılır. Əsas diaqnostik üsul gözün biomikroskopiyası olub, işıq lampası ilə baxış keçirilməsindən ibarətdir. Bundan başqa, görmə itiliyinin ölçülməsi, göz dibinin müayinəsi, gözdaxili təzyiqin təyin edilməsi və görmə sahələrinin müəyyənləşdirilməsi də vacibdir.
Qocalıq kataraktasının müalicəsi necə aparılır?
Xəstəliyi aradan qaldırmaq üçün yeganə effektiv üsul bulanmış bülluru əməliyyat vasitəsilə süni şəffaf və xüsusiyyətlərinə görə təbii büllura daha yaxın linza ilə əvəz etməkdir.
Ən müasir və effektiv əməliyyat növü fakoemulsifikasiyadır.
Fakoemulsifikasiya - kataraktanın mikrocərrahi üsulla aradan qaldırılma üsuludur. Onun əsasında ultrasəs vasitəsilə büllurun fraqmentasiya olunması və göz almasından aspirasion üsulla çıxarılması dayanır.
Əməliyyat yerli anesteziya ilə 15-20 dəqiqə ərzində aparılır. Reabilitasiya dövrü çox qısadır.