Ruslan  Yunusov hekimtap.az

Ruslan Yunusov,Uzm.

Neurosurgeon

Uzman

10 years of experience

Baku
Hipofiz adenomaları
 hekimtap.az

Hipofiz adenomaları

Author: Uzman neyrocərrah Ruslan Yunusov
15517

Published: 14.05.2018
Ruslan Yunusov

Hipofiz adenoması nədir?

Hipofiz adenomaları – hipofiz vəzindən əmələ gələn xoş xassəli şişlərdir. Hipofiz vəzi, 0,5 qram ağırlığında olub, kəllə əsasında, gözlərin arxasında yerləşən kiçik bir vəzdir. Hipofiz vəzi orqanizmin hormonal balansını tənzimləyən çox önəmli vəzidir. Tərkibində hormon ifraz edən və hormon ifraz etməyən  hüceyrə qrupları vardır.  Hipofiz vəzindən əsas 6 hormon ifraz olunur:

AKTH – böyrək üstü vəzin funksiyasını tənzimləyir.
Prolaktin – hamiləlikdən sonra südün əmələ gəlmə və ifrazını tənzimləyir.
Böyümə hormonu – insanın normal inkişafını tənzimləyir.
TSH – qalxanabənzər vəzinin funksiyasını tənzimləyir.
FSH – follikul yetişməsini tənzimləyir.
LH – cinsi hormonların ifrazını tənzimləyir.

Sadalanan bu  hormonlar başqa orqanların fəaliyyətini tənzimlədiyi üçün hipofiz vəzinə  “dirijor vəz” də deyilir.hipofiz adenoması nədir

Hipofiz adenomasının növləri

Hipofiz adenomaları fərqli xüsusiyyətlərinə görə müxtəlif qruplara ayrılırlar:

1. Ölçüsünə görə:

 – Mikroadenoma – ölçüsü 1 sm-dən kiçik olan adenomalar
 – Makroadenoma – ölçüsü 1 sm-dən böyük olan adenomalar           

2. Təbiətinə görə:

 – Xoşxassəli – hipofiz şişlərinin əksəriyyəti adenomalardır ki, bunlar da xoşxassəlidir. Bu şişlər yavaş böyüyür.
 – Bədxassəli – hipofiz karsinoması bədxassəli şiş olub, sürətli böyümə və çoxalma qabiliyyətinə malikdir.

3. Hormon ifrazına görə:

 – Funksional aktiv – hipofiz vəzisinin hormon ifraz edən hüceyrələrindən əmələ gəlirlər və həddindən artıq hormon ifraz edirlər.
 – Funksiyonal aktiv olmayan – hipofiz vəzisinin hormon ifraz etməyən hüceyrələrindən əmələ gəlirlər və daha çox ətraf toxumaları sıxışdıraraq əlamət verirlər.

Hipofiz adenomasının əmələ gəlmə səbəbləri

Əksər adenomların əmələ gəlmə səbəbləri hələ də məlum deyil. Buna baxmayaraq, digər şişlər də olduğu kimi hipofiz adenomalarının da əmələ gəlməsində  genetik faktorların rolu olduğu düşünülməkdədir.

Hipofiz adenomalarının diaqnostikası

Hipofiz adenomalarının diaqnostikasında həm laborator, həm də instrumental müayinə üsulları tədbiq olunur.

Laborator müayinə – qan analizləri ilə qanda müxtəlif hormonların miqdarı təyin edilərək, hər hansı bir hormonun artıq ifraz olunması və ya çatışmazlığı haqqında məlumat əldə olunur. Məsələn: qanda prolaktin hormonun həddən artıq yüksək olması prolaktinoma olması haqqında məlumat verir.

İnstrumental müayinə – kontrastlı hipofiz MRT-si hipofiz vəzi və onun ətrafındakı strukturlar, həmçinin adenomanın varlığı, ölçüsü, tərkibi, yerləşməsi haqqında ərtaflı məlumat verir.

Hipofiz adenomalarının əlamət və simptomları

Hipofiz adenomaları 3 fərqli mexanizmlə əlamət verirlər:

1. Hipofiz vəzində həddən artıq hormon ifraz edərək- ifraz olunan hormonun növündən asılı olaraq müxtəlif əlamətlər üzə çıxır:
 – Prolaktinoma – prolaktin hormonu ifraz edən adenomalardır. Aybaşı olmaması və ya pozğunluğu, hamiləlik olmadan süd vəzilərindən süd gəlməsi, sonsuzluq, cinsi istəyin azalması kimi simptomlar verir.
 – Somatotropinoma – boy hormonu ifraz edən adenomalardır. Böyüklərdə akromeqaliyaya- əl, ayaq, burun, alt çənə kimi üzvlərin həddindən artıq böyüməsinə, uşaq və gənclərdə isə qiqantlığa səbəb olur.
 – AKTH ifraz edən adenomalar – Böyrəküstü vəzindən kortizol sintezini artıraraq, Kuşinq sindromuna səbəb olur. Bunun nəticəsində piylənmənin artması, hipertoniya xəstəliyi, şəkərli diabet, oynaq ağrıları, əhval ruhiyyənin dəyişməsi kimi əlamətlər üzə çıxır.
 – TSH ifraz edən adenomalar – Qalxanabənzər vəzinin fəaliyyətini artıraraq zob xəstəliyinə səbəb olur. Xəstələrdə əsəbilik, nəbzin yüksəlməsi, yüksək təzyiq, tərləmənin artması, arıqlama kimi əlamətlər görülür.

2. Böyüyüb ətraf toxumaları sıxışdıraraq – Çox böyük makroadenomalar görmə sinirini və beyin toxumasını sıxaraq əlamətlərə səbəb ola bilər.

Bu əlamətlər aşağıdakılardır:
 – Görmə sahəsinin daralması  (Bitemporal hemianopsiya);
 – Görmə kəskinliyinin azalması və bulanıq görmə,
 – Görmənin itirilməsi (korluq);
 – Hipofiz yetməzliyi;
 – Baş ağrısı və s.

3. Normal ifraz olunmalı olan hormonların ifrazını ləngidərək (hormon yetməzliyi)- əgər adenoma çox böyükdürsə normal hipofiz vəzini sıxışdıraraq hormon yetməzliyi və ya hipofiz yetməzliyinə səbəb ola bilər.

Bunun nəticəsində azalan hormonun növündən asılı olaraq aşağıdakı əlamətlər üzə çıxa bilər:
 – FSH, LH azalarsa – cinsi istəkdə azalma, sonsuzluq, qadınlarda aybaşı pozğunluğu və s.
 – TSH azalarsa – iştahsızlıq, çəkinin artması, yorğunluq, halsızlıq, yuxululuq, yaddaş pozğunluqları və s.
 – AKTH azalarsa – Yorğunluq, təzyiqin davamlı aşağı olması, qanda elektrolitlərdə pozğunluq və hətta ağır hallarda komaya səbəb ola bilər.
 – Boy hormonu azalarsa – inkişaf geriliyi, cırtdan boyluluq, yorğunluq, halsızlıq və s.

Hipofiz adenomalarının müalicəsi

Hipofiz adenomalarının müalicəsi müxtəlif amillərdən:
 – Adenomanın hormon ifraz edib-etməməsi;
 – Adenomanın ölçüsü;
 – Şişin ətraf toxumalara sirayət etmə dərəcəsindən;
 – Xəstənin yaşı və ümumi vəziyyətindən asılıdır.

Hipofiz adenomasının dərman müalicəsi- Hipofiz adenomalarının müalicəsində dərman müalicəsi önəmli yerə sahib olub aşağıdakı hallarda:
 – Prolaktinomaların əməliyyata ehtiyac qalmadan dərmanla tam müalicəsində;
 – Akromeqaliya və Kuşinq xəstəliyində əlamətləri və xəstənin şikayətlərini azaltmaq üçün dərmanla müalicəsində;
 – Müxtəlif növ adenomalarda hormon yetməzliyi əmələ gələrsə, dərman müalicəsi ilə aradan qaldırılmasında istifadə olunur.

Hipofiz adenomasının cərrahi müalicəsi – Müasir neyrocərrahiyyədə hipofiz adenomalarının ən geniş yayılmış və ən effektli cərrahi müalicəsi endoskopik yolla əməliyyatdır. Endoskopik yolla burundan girilərək, kəllə qapağı açılmadan hipofiz adenomaları tam çıxarıla bilər. Endoskopik yolla icra olunan əməliyyatlar həm əməliyyat müddətini qısaldır, həm də xəstələrin erkən evə yazılması üçün şərait yaradır.

Bəzi, çox böyük makroadenomalar açıq üsulla kraniotomiya edilərək (kəllə qapağı açılaraq) əməliyyat olunurlar.

Hipofiz adenomalarında şüa terapiyası – Bəzi adenomalar əməliyyatla tam aradan qaldırıla bilinmirsə və dərman müalicəsi də fayda etmirsə, o zaman belə xəstələr şüa terapiyasına yönləndirilirlər. Şüa terapiyasında məqsəd adenomanın böyüməsinin qarşısını almaqdır.

Hipofiz adenomalarında proqnoz

Hipofiz adenomaları əksəriyyəti xoş xassəli olduqlarına görə proqnozları yaxşıdır. Buna baxmayaraq, bəzi funksional aktiv adenomalar xəstələrdə yanaşı gedən xəstəliklərə (şəkərli diabet, hipertoniya, sonsuzluq və s.) səbəb olaraq xəstələrin həyat keyfiyyətini aşağı sala bilərlər. Buna görə də adenomaların erkən diaqnozu və düzgün müalicə taktikasının seçilməsi çox önəmlidir.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.


Ruslan Yunusov,Uzm.

Choose time

Write you telephone number

By applying you accept

rules of service