Neyrofizioloji müayinə üsulları nədir?
Neyrofizioloji müayinə üsulları - müxtəlif patologiyalar zamanı mərkəzi və periferik sinir sistemi funksional vəziyyətinin qiymətləndirmə üsullarıdır. Bu müayinə üsullarına elektroensefaloqrafiya (EEQ), elektroneyromioqrafiya (ENMQ), uyarılmış görmə potensialları (VEP pattern) və s. aiddir.
EEQ - başın üst səthinin müxtəlif elektrodlar yerləşdirməklə beynin elektrik aktivliyinin öyrənilmə metodudur. Bu müayinə üsulunun məqsədi:
- baş beynin patoloji pozuntularının ağırlığının qiymətləndirilməsi;
- zədələnmiş nahiyənin lokalizasiyasını müəyyənləşdirilməsi;
- diaqnostik müayinələrin göstəricilərin dəqiqləşdirilməsi və müalicənin effektivliyinin müəyyənləşdirilməsi;
- sinir sisteminin aktivlik prosesinin öyrənilməsi, həmçinin qıcolma vəziyyətini və epileptik tutmaların müəyyənləşdirilməsi;
EEQ-yə göstərişlər
- epilepsiya;
- kəllə-beyin travmaları;
- qıcolma sindromu;
- neyroinfeksiyalar;
- şişlər;
- beynin hipotalomik nahiyəsinin zədələnməsi.
EEQ-nin yuxu deprivasiyalı və videomonitorinq növləri mövcuddur. Yuxu deprivasiyalı EEQ 24 saatlıq yuxu deprivasiyasından sonra patoloji dəyişikliklərin daha dəqiq müəyyənləşdirilməsi üçün aparılır.
EEQ-videomonitorinq elektroensefaloqrammanın uzunmüddətli sinxron video-yazısıdır və əsasən, epilepsiya və qeyri-epileptik paroksizmlərin differensial diaqnostikası üçün aparlır.
EEQ-nin üstünlükləri:
- invaziv metod deyil;
- yaxşı öyrənilmiş, təsdiqini tapmış müayinə metodudur;
- asanlıqla həyata keçirilir;
- hazırlıq tələb etmir və tətbiqinə məhdudiyyət yoxdur;
ENMQ - periferik sinir və əzələlərin funksional vəziyyətinin müayinə üsuludur. ENMQ vasitəsilə aşağıdakılar müəyyən edilir:
- sinir liflərindən impulsun keçmə sürəti;
- periferik sinirlərin zədələnmə lokalizasiyası;
- elektrik qıcığına cavab olaraq əzələnin yığılma qabiliyyəti.
ENMQ-yə göstərişlər
- periferik sinir və sinir kələfləri travmaları;
- tunel sindromu;
- polineyropatiyalar;
- dağınıq skleroz;
- yan amiotrofik skleroz;
- Parkinson sindromu;
- miasteniya;
- patoloji əzələ yorğunluğu;
- Şarko-mari nevral amiotrafiya;
- nevrit və nevropatiyalar.
ENMQ-nin üstünlükləri:
- müayinə zamanı sinir-əzələ aparatının vəziyyəti haqqında məlumat verir və müalicədən sonrakı dinamikanı göstərir;
- yaxşı öyrənilmiş, təsdiqini tapmış müayinə metodudur;
- hazırlıq tələb etmir və tətbiqinə məhdudiyyət yoxdur.
VEP pattern
Reversiv pattern stimulyasiyasına görmə qabığının cavablarının qeydiyyatı aparılır. Bu üsulla görmə yolu torlu qişadan beyin qabığını ənsə payına qədər öyrəlinir.
VEP pattern-ə göstərişlər
- ambliopatiya;
- okulyar hipertenziya;
- diabetik retinopatiya;
- dağınıq skleroz;
- retrobulbar nevrit;
- işemik, toksik və ya metabolik optik neyropatiya və s.
VEP pattern-in üstünlükləri:
- yaxşı öyrənilmiş, təsdiqini tapmış müayinə metodudur;
- həm periferik, həm də mərkəzi sinir sisteminin vəziyyəti haqqında obyektiv informasiya verir;
- şəkərli diabet, görmə siniri travması, qlaukoma kimi xəstəliklərdə görmə pozuntularına dair proqnozlar verməyə şərait yaradır.