Mehriban  Cabbarova hekimtap.az

Mehriban Cabbarova,Ali dərəcəli həkim

Obstetrician-gynecologist

Ali dərəcəli həkim

25 years of experience

Baku
Qadınlarda qonoinfeksiya haqqında
 hekimtap.az

Qadınlarda qonoinfeksiya haqqında

Author: Mehriban Cabbarova
6671

Published: 08.12.2017
Mehriban Cabbarova

Qonoreya infeksion venerik xəstəlik olub, qonokokk Neisseria qonorrhoeae tərəfindən törənir. Əsasən sidik-cinsiyyət üzvlərini zədələyir. Xəstəlik kəskin və xronik şəkildə keçə bilər. Mən törədicinin özü haqqında çox geniş informasiya verməyəcəm. Düşünürəm ki, həkimlərimiz kifayət qədər məlumatlıdırlar, pasiyentlərin əksəriyyətinə isə anlaşılmaz olacaq. Ona görə də qısa şəkildə əsas məqamlara toxunacam. Əsas yoluxma yolu cinsi yoldur. Məişət yolu, yəni çirkli mələfə, dəsmal və sair ilə yoluxmaya nadir halda rast gəlinir. Əsasən qız uşaqlarında anadan doğum yolu ilə uşağa keçə bilər və gözlərində blenoreya, konyuktivit verə bilər (Buna görə dogum zamanı yeni doğulmuşun gözlərinə profilaktik dərman tökülür). Qonokokokk hüceyrə daxili infeksiyadır. Əsasən leykositlərdə, trixomonadlarda persistensiya edir (yəni onlar tərəfindən "udulur"). Bu səbəbə görə müalicəsinin effekti ləngiyir. Bəzən xəstəyə düzgün müalicə aparılmadıqda yeni ştamlar L forma qonokokklar əmələ gəlir ki, bunlar da tipik qonokokklardan morfoloji və bioloji xüsusiyyətləri ilə fərqlənir. Əsas da odur ki, qonokokka qarşı orqanizmdə antitelalar yaranmır. Yəni bir şəxs bir neçə dəfə bu infeksiyanı tuta bilər. Antibiotiklərin çox və yersiz təyini L formaların yaranmasına səbəb olur və bu hal xəstəliyin diaqnostikasını, müalicəsini çətinləşdirir. İnfeksiyanın vegetativ formada qalmasına şərait yaranır, antibiotiklərə davamlı £-laktam zəncir yaranır. Qonokoklar əsasən silindrik epiteli sevir. Ona görə də servikal kanalda, Fallop borularında, uretrada, parauretrada, Bartolin vəzilərdə məskən salır. Qenitaloral kontaktlarda qonoreya mənşəli tonzillitlərə, faringitlərə, stomatitlərə, genitalanal kontaktlarda proktitlərə rast gəlinir. İnfeksiyanın gözə düşməsi ilə konyuktivit olur. Uşaqlıq yolunun divarı çoxqatlı yastı epiteldən ibarət olduğu üçün qonoreya mənşəli kolpitlərə aktiv reproduktiv dövrdə ən az rast gəlinir. Ancaq qadında hormonal destabillik dövründə (uşaqlıq yolu divarının hormon təsirindən epitel qatının zəifləyib, kövşəkləşməsi nəticəsində ) - yəni yeniyetməlik dövründə, menopauza dövründə, hamiləlikdə qonoreya mənşəli kolpitlərə çox rast gəlinir. Aktiv reproduktiv dövrdə xəstəlik əsasən kəskin formada qadın cinsiyyət üzvlərinin yuxarı hissələrində daha çox rast gəlinir. Əsasən tuboovarial iltihabi törəmələr, salpingitlər, endometritlər, pelvioperitonitlər şəklində ya da xroniki formada "lal" keçən endoservisitlər, yarımkəskin sistitlər şəklində özünü göstərir. Müasir dövrdə tipik klinik əlaməti yoxdur. Çünki infeksiya mikstinfeksiya (qarışıq) şəklidə tapılır. Yəni başqa infeksiyalarla birgə tapılır. Yuxarıda qeyd etdiyim kimi digər mikroblarda persistensiya olunur. Bu hal inkubasiya dövrünü uzadır, vaxtında mikrobun aşkar olunmasına mane olur.

İnfeksiyanın xronikləşməsi aşağıda göstərilənlərə səbəb ola bilər:
 - Aybaşı funksiyasının pozulmasına;
 - Kiçik çanaq üzvlərinin bitişmə xəstəliyinə; 
 - Sonsuzluğa; 
 - Uşaq salmalara; 
 - Kiçik çanaq üzvlərinin ağrı sindromuna. 

Qonoreya mənşəli proktitlər sakit keçə bilər. Arabir anal nahiyyədə göynəmə, qaşınma, defekasiya zamanı ağrı, tenezmlərə rast gəlinə bilər. Hamilələrdə qonoinfeksiya kolpit, servisit, hamiləliyin 1-ci trimestrində kəskin salpingit, 2 və 3 dövründə xorioamnionit verə bilər. Doğuş zamanı hərarətin qalxmasını, zahılıq dövründə endomiometritlər və ardınca parametrit və sair ağırlaşmalar verə bilər. Adətən qonokokklar qan zərdabının bakterisid təsirindən məhv olur. Lakin bəzi hallarda qan dövranına düşdükdə digər organlarda infeksiya ocaqları yaranır, proses yayılır. Ən çox oynaqlara yayılır xr. sinovit, osteomielit, ən az endokardit, meningit, sepsis verir. Septik hala ən çox süni abortlardan sonra rast gəlinir. 

Diaqnoz əsasən bakterioskopik, RİF, İFA, PCR üsulu ilə qoyulur. Əgər yaxmada,əkilmədə infeksiya aşkar olunmursa, onda provakasion metodlardan istifadə olunur. Uretra 1-2 sm dərinlikdə 1-2% gümüş nitrat məhlulu ilə silinir, düz bağırsaq 4 sm dərinlikdə 1% QLİSERİNDƏ LÜQOL məhlulu ilə silinir, servikal kanal 1,5 sm dərinlikdə 2-5% gümüş nitratla silinir. Digər metod - 500 mln. Qonovaksini 200 d. Piroqenalla əzələyə vurulur. Ən sadə provokasiya aybaşı zamanı yaxma götürülməsidir.

Qeyd: Həkimlərin nəzərinə əgər partnyorların birində diplokokk aşkarlanıbsa, mütləq qonoinfeksiya yoxlanılmalıdır!

Müalicə antibiotiklərlə, immunomodulyatorla birgə aparılır, ancaq antibiotiklərə həssaslıq yoxlandıqdan sonra. Müalicədən sonra eubiotik terapiya və fizioterapiya, təkrar yaxma mütləqdir. Mənim öz təcrübəmdə müalicədən sonra pasiyentlərim üzərində apardığım Lazer-maqnit terapiya çox yaxşı nəticələr verib.

MÜALİCƏ PARTNYORLARIN İKİSİNƏ EYNİ VAXTDA APARILIR! Müalicə vaxtı spirtli içkilərin qəbulu, cinsi həyat qəbuledilməzdir!

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.


Mehriban Cabbarova,Ali dərəcəli həkim

Choose time

Write you telephone number

By applying you accept

rules of service