Sabina  Pashayeva hekimtap.az

Sabina Pashayeva

Endocrinologist

15 years of experience

Baku
REPRODUKTİV ENDOKRİNOLOGİYA hekimtap.az

REPRODUKTİV ENDOKRİNOLOGİYA

Author: Endokrinoloq Səbinə Paşayeva , Əlaqə: 050 358-17-87
2188

Published: 08.06.2020
Sabina Pashayeva

Reproduktiv endokrinologiya nədir?

Reproduktiv endokrinologiya - endokrinologiya , ginekologiya və reproduktiv problemlərlə məşğul olan digər sahələrlə sərhədd mövqedə yerləşən bir tibbi istiqamətdir. Reproduktiv endokrinologiya reproduktiv sistemdə müxtəlif patologiyalara gətirib çıxaran endokrin problemlərin diaqnostikası, müayinə və müalicəsi ilə məşğul olur. 


Qadınlarda reproduktiv endokrinologiya

Qadının emosional və fiziki sağlamlığı, maddələr mübadiləsi, həmçinin onun mayalanma, dölün daşınması və doğuş qabiliyyəti bilavasitə endokrin sistemin kontrolu altındadır. Bu sistem immun və sinir sisteminin formalaşmasında da böyük rol oynayır. Hipotalamus, hipofiz, epifiz, qalxanabənzər və qalxanabənzər ətraf  vəziləri, eləcə də böyrəküstü vəzi və yumurtalıqlar qadın endokrin sisteminin əsas vəziləri hesab olunur. Endokrin vəzilər tərəfindən ifraz olunan hormonlar birbaşa qana düşür, daha sonra bütün orqanizmə paylanır. 

Əsas qadın hormonları - estrogen və progesterondur. Əgər qadın menstruasiyadan əvvəl və menstruasiya zamanı özündə əhval-ruhiyyə dəyişkənliyi, qıcıqlılıq, yuxu pozuntusu və s. müşahidə edirsə, bunlar adıçəkilən hormonların disbalansının nəticəsi ola bilər. Bu zaman mütləq endokrinoloqa və ya ginekoloqa müraciət etmək lazımdır ki, mövcud və ciddi fəsadlara səbəb ola biləcək xəstəliklərin qarşısı vaxtında alınsın. 

Daha bir qadın hormonu - testesterondur. O, qadının iş qabiliyyəti, cinsi həvəs və yumurtalıqda yumurta hüceyrələrin yetişməsinə cavabdehdir. Bu hormonun artıqlığı yeni törəmələrin əmələ gəlməsi, böyrəküstü vəzi qabığının hiperplaziyası, müxtəlif  şişlərin yaranması zamanı qeydə alına bilər, aşağı düşməsi isə menapauza dövründə müşahidə edilir.   

Endokrin xəstliklər hər hansı hormonun az, yaxud da həddindən çox ifraz olunmasından irəli gəlir.  Qadının reproduktiv fəaliyyəti endokrin sistemin vəziyyəti ilə birbaşa əlaqədardır. Daxili sekresiya vəzilərində ifraz olunan demək olar ki, bütün hormonlar cinsi funksiyaya bu və ya digər yolla təsir göstərir.  Bir sıra endokrin vəzi xəstəlikləri var ki, onlar reproduktiv sistemin zədələnməsinə səbəb olur. Buraya böyrəküstü, hipofiz, qalxanabənzər vəzi və digər vəzilərin patologiyalarını aid etmək olar. Məsələn, hipotireoz (tireoid hormonların defisiti) menstrual tsiklin pozulmasına, sonsuzluğa gətirib çıxara bilir. Sonsuzluğa səbəb olan faktorlar sırasına hipofizin hormonal-aktiv şişlərini, böyrəküstü vəzilərin vərəmini, endokrin sistemi orqanlarının iltihabi xəstəliklərini, eləcə də piylənmə, insulin rezistentliyi və irsiyyətində diabet olan qadınlarda polikistoz yumurtalıqlar sindromunu da aid etmək olar.   

  Beləliklə, qadınlarda endokrin xəstəliklərin reproduktiv sistemdə yarada biləcəyi fəsadlar:

- menstrual tsiklin pozulması; 
- sonsuzluq;
- cinşi inkişafın geriləməsi;
- amenoreya (menstruasiyanın olmaması);
- dismenoreya (menstruasiya vaxtı ağrıların yaranması);
- müxtəlif seksual pozuntular;
- hirsutizm (tüklənmə) və s.

 
Kişilərdə reproduktiv endokrinologiya


Təəssüf ki, reproduktiv endokrinologiyadan danışanda, əsasən qadın orqanizmi ön plana çəkilir. Lakin unutmaq olmaz ki, hormonal disbalans kişilərin də reproduktiv, həmçinin ümumi sağlamlığında ciddi problemlər yarada bilir. 

Hormonal sistem kişi orqanizmində, əsasən, yeniyetməlik dövründə və 45 yaşdan sonra daha həssasdır. Eynilə qadınlarda olduğu kimi, endokrin sistemi xəstəlikləri kişilərdə də hər hansı hormonun normadan az və ya çox ifraz olunması nəticəsində əmələ gəlir. Kişi orqanizmində də yaranan hormonal disbalans reproduktiv sistemi ciddi təhlükə qarşısında qoya bilər. Məsələn:

- prostatın adenoması;
- sonsuzluq;
- cinsi inkişafdan qalma;
- cinsi zəiflik;
- ginekomastiya (kişilərdə döş vəzisinin böyüməsi) və s.

 Qeyd etmək lazımdır ki, endokrinoloqun vaxtında müdaxiləsi endokrin patologiyalara bağlı reproduktiv problemləmləri aradan qaldıra bilər. 

Gələcək məqalələrimdə reproduktiv xəstəliklərə səbəb olan ayrı-ayrı endokrin patologiyalar və onların müalicəsi haqqında daha təfərrüatlı yazıları diqqətinizə çatdıracağam. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az


Sabina Pashayeva

Choose time

Write you telephone number

By applying you accept

rules of service