Gunay Novruzova hekimtap.az

Gunay Novruzova

Сardiologist

11 years of experience

Baku
Təngnəfəslik hekimtap.az

Təngnəfəslik

Author: Kardioloq Günay Novruzova, Əlaqə: (+994) 50 628-68-97
5117

Published: 12.04.2020
Gunay Novruzova

Təngnəfəslik nədir?

Nəfəs alıb vermə normal halda fərqinə varılmadan, şüursuz şəkildə baş verir. Ağır fiziki iş istisna olmaqla, insan normada tənəffüs aktını hiss etməz (fikir verməz). Təngnəfəslik və ya nəfəs darlığı – tənəffüsün normal fəaliyyətinin pozulması nəticəsində çətin nəfəs alıb-vermə və pasiyent tərəfindən bunun hiss edilməsidir. Xəstələr bunu adətən, “döş qəfəsim sıxılır, nəfəsim çatmır, havam çatmır, nəfəs-nəfəsə qalıram” sözlərilə ifadə edirlər. Əgər insan hər zaman çıxdığı pilləkənlə artıq qalxa bilmirsə, düz yolda gəzərkən yaşıdlarından geri qalırsa və yeriyərkən tez-tez dayanmağa məcbur olursa nəfəs darlığı problemi vardır. Bu vəziyyət ciddi xəstəliklərin əlaməti ola biləcəyi üçün həkimə müraciət etmək mütləqdir. Çox vaxt əsas səbəb müalicə olunduqda təngnəfəslik də keçir; bəzi xronik xəstəliklərdə uzunmüddətli dərman müalicəsi tələb oluna bilər. Bir neçə dəqiqə ərzində əmələ gələrək artan təngnəfəslik zamanı isə yalnız ən qısa zamanda yardım göstərilməsi insanın həyatını xilas edə bilər. 

Təngnəfəsliyin səbəbləri:

Oksigenin havadan hüceyrələrə çatdırılmasını əngəlləyən hər hansı pozğunluq və ya xəstəlik zamanı təngnəfəslik əmələ gəlir. Əsas səbəblər 3 böyük qrupa ayrılır:

      1 - Ağciyər səbəbli: xronik obstruktiv ağciyər xəstəliyi (XOAX), astma, pnevmoniya, ağciyər emboliyası, ağciyər durğunluğu, ağciyər xərçəngi, plevra boşluğuna maye yığılması, hava yollarına yad cismin düşməsi və s.;

      2 - Ürək səbəbli: ürək çatışmazlığı, miokard infarktı, ürək tamponadası (perikard boşluğuna çox maye yığılması).

      3 – Digər səbəblər: anemiya (qanazlığı), əzələ xəstəlikləri, piylənmə, psixoloji problemlər, kəskin yüksəklik sindromu (dağ şəraiti) və s.

Təngnəfəsliyin əlamətləri:

Təngnəfəslik uzanmış vəziyyətdə əmələ gəlib, oturarkən və ya ayaq üstə keçə bilər (ortopnoe, daha ağır forması – paroksizmal gecə taxikardiyası ağırlaşmış ürək çatışmazlığının əlamətidir) və ya əksinə, oturarkən və ya ayaq üstə arta bilər (platipnoe). Nəfəs darlığının əsas subyektiv əlamətlərinə aiddir:

  • nəfəsin tezləşmiş və səthi olması;

  • döş qəfəsində sıxılma hissi;

  • hava çatışmazlığı;

  • boğulma hissi;

  • dodaqlarda və əllərdə göyərmə;

  • nəfəs alıb verərkən xırıltının olması;

  • çırpıntı hissi;

  • kəsik-kəsik danışmaq, uzun cümlə qura bilməmək;

  • baş ağrısı, başhərlənmə, halsızlıq.

Bu əlamətlərin hamısı hər nəfəs darlığında olmaya bilər. Hansı simptomun üzə çıxması əsas xəstəlikdən asılı olaraq dəyişilir.

Təngnəfəsliyin diaqnostikası

Təngnəfəslik özü xəstəlik deyil, hər hansı bir xəstəliyin təzahürüdür. Bu xəstəliyi aşkar etmək üçün ilk növbədə ətraflı anamnez toplanmalı, dəqiq fiziki müayinə aparılmalıdır. 

Nəfəs darlığının davametmə müddəti, xarakteri, günün hansı saatlarında baş verdiyi, hansı şikayətlərlə müşayiət olunduğu (məs., öskürək, döş qəfəsində ağrı), azaldığı və ya artdığı bədən vəziyyətləri və şərait, tətikləyici səbəblər və s. araşdırılmalıdır.

Bədən temperaturu, tənəffüsün dəqiqəlik sayı, arterial təzyiq və nəbz ölçülməlidir. Tənəffüs çətinləşdiyi üçün köməkçi tənəffüs əzələləri də prosesə qoşulur, bu səbəbdən qabırğa aralarında və körpücük sümükləri üstündə çəkilmələr olur. Dəri və selikli qişalar oksigen azlığından göyərmiş ola bilər. Uzunmüddətli təngnəfəslik zamanı dırnaq yatağı ilə barmaq arasındakı bucağın artması səbəbilə barmaqlar çubuq formasını ala bilər. Ayaqlarda ödem, iri boyun damarlarında gərginləşmə görülə bilər.

Ağciyərlərin stetoskopla müayinəsi zamanı azalmış və ya anormal tənəffüs səsləri eşidilə bilər. Ürək tonlarını dinləmək də çox vacibdir. Pulsoksimetrlə qanın oksigen doyumluluğu ölçülür. Qanın laborator analizinin yoxlanması mütləqdir. Həmçinin tənəffüs funksiyası testi, bronxoskopiya, ağciyərlərin kompüter tomoqrafiyası, elektrokardioqrafiya, exokardioqrafiya, angioqrafiya müayinələri aparılmalıdır. 

Təngnəfəsliyin müalicəsi:

Təngnəfəsliyin müalicəsi onu törədən xəstəliyin və ya səbəbin aradan qaldırılmasına əsaslanır. Müalicə 3 yolla aparıla bilər:

  1. Dəstək və ya köməkçi müalicə (oksigen müalicəsi, müsbət təzyiqli ventilyasiya və s);

  2. Dərman müalicəsi (bronxodilatatorlar, iltihab əleyhinə preparatlar, sidikqovucular, antibiotiklər və s.);

  3. Cərrahi müalicə.

Təngnəfəsliyin profilaktikası:

  • Tozlu, çirkli mühitdən və astma tutmalarını artıran səbəblərdən uzaq durmaq;

  • Çəkini azaltmaq;

  • Həkim tövsiyələrinə və təyinatına ciddi riayət etmək,

  • Təcili vəziyyətlərdə ilkin yardım yollarını öyrənmək;

  • Tütün məhsullarından imtina;

  • Oksigen cihazlarının istifadə qaydalarını bilmək və s.

      Nəfəs darlığı hiss etdikdə, hətta öz-özünə keçsə belə mütləq həkim müayinəsindən keçmək lazımdır.

Psixoloji təngnəfəslik

Hər hansı bir üzvi xəstəlik olmadan meydana gələn nəfəs darlığıdır. Aparılan bütün analizlərin və testlərin nəticələri normaldır. Qavrama pozğunluğu, panik tutmalar, posttravmatik stres pozğunluğu kimi hallarda görülə bilər. Əsas əlamətləri döş qəfəsində ağrı, həyəcan, çırpıntı hissi, tənəffüsün tezləşməsi, gecələr baş verməməsi, tipik tətikləyici faktorlarla əlaqəsinin olmaması, fiziki sakitlik vəziyyətində və qəfil ortaya çıxması, pasiyentin rahat danışması və uzun cümlələr qura bilməsidir. Bu zaman nevropatoloqun və psixoterapevtin müayinəsi zəruridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az 


Gunay Novruzova

Choose time

Write you telephone number

By applying you accept

rules of service