Mon-Fri

Outgoing

Sat

Outgoing

Sun

Outgoing
HekimTap Pro

Choose doctor

Choose time

Write you telephone number

By applying you accept

rules of service
Virus hepatitləri
 hekimtap.az

Virus hepatitləri

4161
Author: Hepatoloq, Qastroenteroloq Rəqsanə Cəlilova Doğan

Published: 12.04.2018
HekimTap Pro

Virus hepatitləri nədir?

Virus hepatitləri geniş yayılmış və təhlükəli qaraciyər xəstəliyidir.

Virus hepatitlərinin 6 növü var və onlar iki qrupa bölünür – enteral (ağızdan) və ya parenteral (qan vasitəsilə) yoluxma mexanizmi ilə. Birinci qrupa A və E, ikinci qrupa isə B, C, D və G hepatitləri aiddir.  

Hepatit A

Virus hepatitləri arasında ən geniş yayılmışı hepatit A-dır. Yoluxan məqamdan xəstəliyin ilkin əlamətləri özünü göstərənə kimi 7-50 gün vaxt keçir. Çox vaxt xəstəliyin başlanğıcı hərarətin qalxması ilə müşahidə olunur və qripi xatırlada bilər. Əksər hallarda spontan sağalır və aktiv müalicə tələb etmir. Xəstəlik ağır keçərsə, virusun qaraciyərə göstərdiyi toksiki təsirin qarşısını almaq üçün damar daxili infuziya təyin olunur.

Hepatit B

Hepatit B virusu cinsi yolla, qeyri-steril şprislərin istifadəsi zamanı və anadan körpəyə yoluxur.  Tipik hallarda xəstəlik temperaturun qalxması, zəiflik,oynaqlarda ağrı, öyümə və qusma ilə başlayır. Qaraciyər və dalaqda böyümə müşahidə edilir. Həmçinin, sidiyin tündləşməsi və nəcisin rəngsizləşməsi də qeydə alına bilər.    

Hepatit C

Virus hepatitlərinin ən ağır formasıdır, ona posttransfuzion hepatit də deyirlər. Bu, o deməkdir ki, insan xəstəliyə qan köçürmə zamanı yoluxub.

Hepatit C-yə yoluxma tez-tez narkomanlarda şpris vasitəsilə, həmçinin, cinsi yolla və anadan körpəyə ola bilər. Bu xəstəliyin xroniki forması daha təhlükəlidir, belə ki, qaraciyərin sirrozu və xərçəngi ilə nəticələnə bilər. Hepatit C-nin xronikiləşməsi xəstələrin təxminən 70-80%-də baş verir.

Hepatit C-nin bu virusun digər formaları ilə yanaşı gedişatı xəstəliyi ağırlaşdıra və ölümə səbəb ola bilər.  

Hepatit D

Hepatit D virusu antropoz infeksiya olub, qaraciyəri zədələyir. Onun inkişafı üçün hepatit B-nin yanaşı gedişatı vacib şərtdir. 

Hepatit E

Hepatit A-ya bənzəyir, lakin tədricən inkişaf edir və hamilə qadınlar üçün daha təhlükəlidir.

Hepatit G

Hepatitlər ailəsindən sonuncusu olub, hepatit C-yə bənzəyir, lakin nisbətən az təhlükəlidir.

Virus hepatitlərinin əlamətləri

Yoluxma məqamından ilkin əlamətlərin yaranmasınadək  hepatit A-da 2-4 həftə, hepatit B-də 2-4, bəzən 6 ay vaxt keçir. Bü müddət ərzində virus orqanizmdə çoxalır, adaptasiya olunur və özünü göstərməyə başlayır.

Sarılıq yaranmazdan əvvəl hepatit qripi xatırladır və hepatit A-da olduğu kimi temperaturun yüksəlməsi, baş ağrısı, ümumi halsızlıqla müşahidə olunur. Hepatit B və C-də bir qayda olaraq, əlamətlər tədricən inkişaf edir, bədən hərarəti birdən qalxmır. Hepatit B virusu özünü çox da yuxarı olmayan temperatur, oynaqlarda ağrı, bəzən səpgilərlə büruzə verir.

Hepatit C-nin ilkin əlamətləri zəiflik və iştahanın azlamsı ilə məhdudlaşa da bilər. Lakin bir neçə gündən sonra mənzərə dəyişir: iştaha itir, sağ qabırğaaltı nahiyədə ağrı yaranır, öyümə, qusma müşahidə edilir, sidiyin rəngi tündləşir, nəcis isə rəngsizləşir.

Həkimlər qaraciyərin, nisbətən az hallarda dalağın şişməsini qeydə alırlar. Qanda hepatit üçün səciyyəvi olan dəyişikliklər aşkara çıxır.            

Hepatitlərin kliniki gedişatı müxtəlif ola bilər: yüngül, orta ağırlıqlı və ağır formalı. Bundan başqa, fulminant forma var ki, o çox böyük sürətlə inkişaf edir. Bu, hepatitin ən ağır forması olub, qaraciyərin massiv nekrozuna gətirib çıxarır, adətən pasiyentin ölümü ilə nəticələnir.

Hepatitlərin xroniki gedişatı daha təhlükəlidir.

Xronikiləşmə yalnız hepatit B, C, D formalarına aiddir. Hepatitlər üçün səciyyəvi əlamətlər günün sonuna kimi ümumi halsızlıq, adəti üzrə yerinə yetirilən fiziki yüklənmənin qeyri-mümkün olmasıdır. Xroniki virusun dərinləşməsi mərhələsində sarılıq, sidiyin tündləşməsi, dəridə göynəmə, qanaxma, arıqlama, qaraciyər və dalağın şişməsi qeydə alına bilər.

Virus hepatitlərinin müalicəsi

Hepatit A-nın davam etmə müddəti orta hesabla 1 aydır. Bu xəstəlik zamanı virus əleyhinə xüsusi müalicə tələb olunmur. Müalicəyə daxildir: bazis terapiyası, yataq rejimi, dietaya əməl olunma. Göstəriş olarsa, dezintoksikasiya terapiyası (vena daxili və ya peroral) və simptomik terapiya aparılır.

Adətən, spirtli içkilərin qəbulunu qadağan edirlər,çünkü bu, zəhərli maddə kimi onsuz da zədələnmiş qaraciyəri daha da zəiflədə bilər.      

İfadə olunmuş klinik simptomlu kəskin hepatit B virusu 80%-dən çox hallarda sağalma ilə nəticələnir.     

Əgər hepatit B xronikiləşərsə,  tədricən qaraciyərin sirroz və xərçənginə gətirib çıxara bilər. Hepatit B-nin tam sağalması mümkün olmasa da, həkimin göstərişlərini yerinə yetirməklə onun gedişatını yüngülləşdirmək mümkündür.

Bundan başqa, bazis terapiyasının aparılması mütləqdir. Virus əleyhinə müalicə həkimin ciddi nəzarəti altında aparılır. Virus əleyhinə müalicədə interferon qrupundan olan preparatlardan istifadə edilir. Müalicə uzun müddət davam edir, bəzən təkrar terapiyaya ehtiyac yaranır.

Hepatit C – hepatitin ən ağır forması olub, demək olar ki, hər yeddinci xəstədə rast gəlinir. Belə xəstələrdə sirroz və qaraciyər xərçənginin inkişaf riski yüksəkdir. Müalicə sxemlərinin ən başlıcası interferon-alfadır.

Hepatit D yalnız hepatit B-nin fonunda inkişaf edir. Hepatit D-nin müalicəsi stasionarda aparılmalıdır. Müalicə zamanı həm bazis, həm də virus əleyhinə terapiya aparılır.

Hepatit E-ni müalicə etmirlər, belə ki, insan orqanizminin gücü bu virusu məhv etmək üçün yetərlidir. Adətən bir ay, ay yarıma tam müalicə olunur. Bəzən həkimlər baş ağrısı, öyümə və s. xoşagəlməz simptomlara qarşı simptomatik terapiya təyin edirlər.

Virus hepatitlərinin profilaktikası

Hepatit virusuna yoluxmamaq üçün elementar qaydalara əməl etmək lazımdır. Qaynanmamış su içmək tövsiyə olunmur, meyvə-tərəvəzi yumaq, qidaların termik emal etmək lazımdır. Bu vasitələrlə hepatit A-dan qorunmaq mümkündür.

Ümumiyyətlə, başqa insanların bioloji mayesindən çəkinmək lazımdır.   

Hepatit B və C-dən qorunmaq üçün başqasının qanı ilə kontakdan qorunmaq tövsiyə ounur. Buraya ülgüc, diş fırçası, dırnaq qayçısı üzərindəki mikroskopik ölçüdə olan qan hissəcikləri daxildir. Bu əşyaları digər insanlarla bölüşməyin. Qeyri-steril pirsinq və tatu da risk faktorlarına aiddir. Həmçinin, intim yaxınlıq zamanı da ehtiyat tədbirləri görülməlidir.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.