Uşaqlıq boynunun eroziyası
Bütün qadınlara yaxşı məlumdur ki, profilaktika məqsədilə ildə heç olmasa bir dəfə ginekoloqun müayinəsindən keçmək vacibdir, heç bir şikayəti olmasa belə. Təəssüf ki, buna heç də hamı əməl etmir, çünki ginekoloji müayinə o qədər də xoşagələn prosedur deyil.
Müntəzəm qaydada ginekoloqun qəbulunda olmaq böyük əhəmiyyət kəsb edir. Belə ki, bəzi xəstəliklər ağrısız, xoşagəlməz axıntısız, menstrual tsiklin pozuntusu olmadan simptomsuz gedişata malikdir və onları yalnız mütəxəssis aşkara çıxara bilər. Belə gizli xəstəliklərdən biri də uşaqlıq boynunun eroziyasıdır. Əslində, eroziya bir yox, bir qrup xəstəliklərin toplumudur. Müasir ginekologiyada uşaqlıq boynu səthinin istənilən zədələnməsini mütəxəssislər eroziya adlandırırlar.
Ən geniş yayılmış situasiya budur – uşaqlıq boynu üzərindəki normal hüceyrələr hansısa nahiyədə dəyişir. Belə hallara bəzən iltihabi xəstəliklər və hormonal pozuntular zamanı rast gəlinir. Buna uşaqlıq boynunun psevdoeroziyası deyilir.
Əsl eroziya isə uşaqlıq boynunun selikli qişasının müəyyən hissəsinin dağılması və burada yaranın yaranması zamanı əmələ gəlir. Eroziya bir neçə səbəbdən yarana bilər: mexaniki zədələnmələr (doğuş, abortlar zamanı və s.), cinsi infeksiyalar (herpes və s.) və hormonal pozuntular.
Uşaqlıq boynundakı defektin yerində xəstəliktörədici mikroorqanizmlər səbəbindən iltihab yarana bilər ki, bunun da öz növbəsində qadının digər daxili cinsiyyət orqanlarına keçməsi mümkündür.
Bundan başqa, eroziyanın uzun müddət müalicə olunmaması şişlərin əmələ gəlməsi ilə də nəticələnə bilər.
Uşaqlıq boynunda eroziyanın əmələ gəlməsindən şübhələnmək o qədər də asan deyil. Çünki əksər hallarda o, özünü heç nə ilə büruzə vermir. Çox nadir hallarda və yalnız əsl eroziyada cinsi aktdan sonra və ya ginekoloqun müayinəsi zamanı uşaqlıq yolundan qanlı axıntılar ayrıla bilər. Bundan daha az hallarda qarının aşağı nahiyəsində çox də güclü olmayan ağrılar müşahidə edilir.
Düzgün diaqnozu yalnız həkim-ginekoloq qoya bilər.
Eroziyanı adi ginekoloji müayinə zamanı – güzgünü uşaqlıq yoluna daxil etməklə görmək mümkündür. Həkim bilir ki, uşaqlıq boynunun zədələnmiş hissəsi qırmızımtıl rəngdə olur və üzərindən ehmalca toxunduqda qanaxma verir, hüceyrələri dəyişmiş hissə isə avazımız rəng alır.
Daha dəqiq müayinə metodu – kolposkopiyadır – uşaqlıq boynunun mikroskop altında öyrənilməsi. Əgər həkim hətta bundan sonra belə diaqnozda tərəddüd edərsə, o mütləq genişlənmiş kolposkopiya aparacaq – eyni prosedurdur, lakin burada xüsusi rəngli məhlullardan istifadə olunur.
Eroziya hallarında sitoloji müayinə və biopsiya da mütləq qaydada aparılır. Biopsiya nəyinki eroziya, həmçinin xərçəngin müayinə edilməsi üçün ən dəqiq metod hesab olunur.
Eroziya aşkar edildikdən sonra ondan təcili qurtulmaq lazımdır. Eroziyanın yaranma səbəblərini nəzərə almaqla müalicəni kompleks şəkildə aparmaq tövsiyə olunur. Əvvəlcə iltihabi prosesin qarşısını almaq vacibdir. Bunun üçün yerli müalicə göstərişdir. İnfeksiya aşkarlanarsa, antibakterial terapiya təyin olunur. Sonra uşaqlıq boynu selikli qişasının dəyişiklikliyə uğramış hissəsini kənarlaşdırırlar. Bunun üçün bir neçə metod mövcuddur:
Lazer kaoqulyasiyası – uşaqlıq boynu xəstəliklərinin ən effektiv və müasir metodudur, yüksək dəqiqliyi və sağlam toxumaların qorunmasını təmin edir, sağalma isə qısa zamanda və çapıqsız olur;
Diatermokoaqulyasiya – eroziya elektrik cərəyanı vasitəsilə yandırılır;
Kriodestruksiya – eroziya maye azot vasitəsilə kənarlaşdırılır;
Kimyəvi koaqulyasiya – eroziyaya uğramış nahiyə xüsusi preparatlarla işlənir bu da dəyişikliyə uğramış hüceyrələri dağıdır;
Nəhayət cərrahi müdaxilə – xərçəng təhlükəsi yaranarsa, uşaqlıq boynu (və ya onun bir hissəsi) kəsilib çıxarılır.
Mövzu ilə bağlı video:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.