Klimakterik sindrom
Klimakterik sindrom reproduktiv funksiyanın söndüyü vaxtda, yəni 45-47 yaşdan sonra yaranır. Bu mərhələdə yumurtalıq və uşaqlığın ölçüləri tədricən azalır, menstruasiyalar kəsilir. Sindrom 40% qadınlarda premenopauza dövründə, 40-85%-ində menopauzadan sonra bir il müddətində, 3%-ində isə menopauzadan 2-5 il ötdükdən sonra qeydə alınır.
Klimakterik sindromun yaranması yaşla əlaqədar olaraq, qadın cinsi hormonlarının (estrogenlərin) səviyyəsinin orqanizmdə aşağı düşməsi və hipotalamusun işindəki dəyişikliklərlə əlaqədardır. Bu patoloji vəziyyətin müddəti 1.5 ildən 10 ilədək davam edə bilər. Simtomlar orta hesabla 2-5 il davam edir. Onların ifadə olma dərəcəsi isə qadının orqanizminin fərdi xüsusiyyətlərindən asılıdr.
Menopauza, yəni menstruasiyanın kəsilməsi istisnasız olaraq hər bir qadında olur, lakin klimakterik sindrom hər qadında rast gəlməyədə bilər. Buna əsasən, orqanizmin adaptasiya sisteminin aşağı düşməsi səbəb olur: irsi xəstəliklər, ürək-damar problemləri.
Klimakterik sindromun yaranması və gedişatına uşaqlıq mioması və endometrioz kimi ginekoloji xəstəliklər də təsir göstərir.
Burada psixososial faktorların – işdə və ya şəxsi həyatda problemlər- əhəmiyyətli dərəcədə rolunu da qeyd etmək lazımdır.
Klimakterik sindromun simptomatikası müxtəlifdir və ciddi narahatçılıqlara səbəb ola bilər. Mütəxəssislər bu simptomları üç qrupa bölürlər: neyrovegetativ, psixonevrotik və somatik.
Onlardan ən geniş yayılmışı (98%-ədək) neyrovegetativ simtomdur ki, bu zaman qadının üzünə, başına, bədənin yuxarı nahiyəsinə “istilik axını” baş verir. Bu “axınlar” 30 saniyədən 1-2 dəqiqəyədək davam edə bilər. Sindrom zamanı tərləmənin səviyyəsinin artması da qeydə alınır (təqribən 80% hallarda). “Axınlar”a stress, iqlim şəraitinin dəyişməsi kimi müxtəlif qıcıqlandırıcılar təkan verə bilər.
“İstilik axınları” zamanı dəri səthinin temperaturu 5C-yə, ürək düyüntüsü isə 130-a dək qalxır, periferik damarlar genişlənir. Bundan başqa, vegetativ pozuntulara, həmçinin, boyun və sinədə qırmızı ləkələrin əmələ gəlməsini, güclü baş ağrısı tutmalarını, arterial təzyiqin dəyişməsini, hipertonik krizləri, vozomotor riniti aid etmək olar.
Qadınlar tez-tez ətrafların qıcolması və ya keyiməsindən, dərinin quruluğundan, yuxululuq və ya əksinə oyanıqlıqdan şikayətlənirlər. Bəzilərində boğulma tutmaları və panik ataklar müşahidə edilir.
Neyrovegetativ pozuntular klimaks zamanı sinir sisteminin həssaslığını artıra, bu isə öz növbəsində orqanizmin müxtəlif nahiyələrndə ağrılara gətirib çıxara bilər.
İlk növbədə nəzərə almaq lazımdır ki, klimaks - fizioloji bir prosesdir. Menopauza ağırlaşmaları və ya klimaksın patoloji gedişatı mütəxəssislərin, o cümlədən, nevroloq və psixoterapevtin müdaxiləsini tələb edir. Lakin təbii ki, həkimlər arasında ən böyük məsuliyyət həkim-ginekoloqun üzərinə düşür. Məhz o, diaqnoz qoyur və müalicə taktikasını seçir.
Müasir təbabətdə əsasən, üç terapiya üsulu mövcuddur və onların hər birinin öz müsbət və mənfi tərəfləri var. Buraya qeyri-medikamentoz, medikamentoz və hormonal terapiya metodları aiddir. İstənilən müalicə metodu mütəxəssislərin ciddi nəzarəti altında həyata keçirilməlidir, əks halda, ağırlaşmalar ortaya çıxa bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az