Mon-Fri

Outgoing

Sat

Outgoing

Sun

Outgoing
HekimTap Pro

Choose doctor

Choose time

Write you telephone number

By applying you accept

rules of service
Dislaliya
 hekimtap.az

Dislaliya

19570
Author: 077 398 00 55

Published: 31.03.2018
HekimTap Pro

Dislaliya nədir?

Dislaliya mərkəzi sinir sisteminin və ya eşitmə orqanlarının zədələnməsi ilə əlaqədar olmayan nitq səslərinin tələffüz pozuntusudur. Dislaliyaya məktəbəqədər uşaqların (5-6 yaşlı) 25-30%-də (bəzi məlumatlara görə - 52,5% ), ibtidai sinif şagirdlərinin (1-2-ci sinif) 17-20%-də, bunlardan böyük yaşlı uşaqların isə 1%-də rast gəlinir.

Son illər dislaliyanın strukturunda səs tələffüzünün polimorf pozuntuları üstünlük təşkil etməyə başlayıb ki, bu da gələcəkdə disqrafiya və disleksiyaya gətirib çıxara bilər.

Dislaliya mexaniki və funksional olmaqla, iki qrupa bölünür.

Dislaliliyanın yaranma səbəbləri

Mexaniki dislaliyada yanlış səs tələffüzünün əsasında periferik artikulyasiya aparatının (dil, dodaqlar, dişlər, çənələr) üzvi defektləri dayanır. Dil və dodaqların quruluşunun dislaliyaya gətirən anomaliyalarına

daha çox dil və üst dodaq yüyəninin qısalığı səbəb olur, nisbətən az – makroqlassiya (irihəcmli dil), mikroqlassiya (ensiz, kiçik dil), yoğun, azhərəkətli dodaqlar.

Dil yüyəninin qısalığı zamanı hər şeydən əvvəl dilüstü səslərin, dodaqların anomaliyasında isə dodaq və dodaq-diş səslərinin tələffüzündə qüsur yaranır. Makro və mikroqlossiya isə, adətən, ümumi fiziki və ya əqli geriliyi olan uşaqlarda müşahidə edilir. 

Mexaniki dislaliyanı şərtləndirən anatomik qüsurlar anadangəlmə xarakter daşıya və yaxud da diş-çənə sisteminin xəstəlik və travmalarından yarana bilər.  

Funksional dislaliya zamanı artikulyasiya aparatının quruluşu dəyişməz qalır, yəni səs tələffüzünün pozulmasını yaradan üzvi səbəb olmur. Bu halda dislaliyayanın səbəbi sosial və ya bioloji faktorlarla əlaqədardır. Mənfi sosial faktorlar sırasına uşaqların böyüklərin yanlış nitqini yamsılaması (tələsik, dialekt və s.), ailədə bilinqvizm (ünsiyyət zamanı iki dildən istifadə etmə) halları, böyüklərin “uşaq dilində” danışması, pedaqoji savadsızlıq daxildir. Funksional dislaliya yaradan bioloji faktorlara tez-tez xəstələnən uşaqlarda nitq inkişafını yubadan ümumi fiziki zəifliyk, fonematik eşitmənin formalaşmaması aiddir.   

Dislaliyanın simptomları

Dislaliya zamanı tələffüs qüsurları özünü səslərin buraxılması, əvəz edilməsi, yerdəyişməsi və təhrif olunması kimi büruzə verir.

Səsin buraxılması dedikdə, bu və ya digər hallarda (sözün əvvəlində, ortasında və sonunda) səsin tamamilə düşməsi nəzərdə tutulur.

Səsin əvəz edilməsi – doğma dilin fonetik sistemində mövcud olan bir səsin digəri ilə əvəz olunmasıdır.

Əgər uşaq düzgün tələffüs olunmuş iki səsi nitq zamanı daim səhv salırsa (yəni gah yerli, gah da yersiz istifadə edirsə), bu, səslərin yerdəyişməsindən xəbər verir.

Səslərin təhrif olunması doğma dilin fonetik sistemində möcud olmayan səslərin istifadə olunmasıdır və buna adətən, mexaniki dislaliya zamanı rast gəlinir.

Dislaliyanın diaqnostikası

Dislaliya zamanı nitqin diaqnostik müayinəsi anada hamiləlik və doğuşun gedişatı xüsusiyyətlərinin, uşağın keçirtdiyi xəstəliklərin, bioloji eşitmə və görmənin, dayaq-hərəkət aparatının vəziyyətinin öyrənilməsindən başlanır. Daha sonra loqoped vizual olaraq, atrtikulyar aparat orqanlarının düzülüş və hərəkətliliyini müayinə edir.                       

Loqopedik müayinə prosesində pozuntunun xarakteri aşkar edilir (səslərin buraxılması, əvəz edilməsi, yerdəyişməsi və təhrif olunması), daha sonra fonematik eşitmənin vəziyyəti yoxlanılır.

Loqopedik rəydə dislaliyanın forması (mexaniki və ya funksional), növü (artikulyator-fonematik, akustik-fonematik, artikulyar-fonetik), yanlış səs tələffüzünün növü (rotasizm, siqmatizm və s.) öz əksini tapır. Mexaniki dislaliya zamanı uşağa stomatoloq, funksional dislaliya zamanı isə uşaq nevroloqunun konsultasiyası da tələb oluna bilər.

Dislaliyanın korreksiyası

Dislaliya korreksiyası üçmərhələli iş üzrə aparılır: hazırlıq mərhələsi, ilkin tələffüz vərdişlərinin formalaşdırılması mərhələsi və kommunikativ vərdişlərin formalaşdırılması mərhələsi.

Mexaniki dislaliya zamanı hazırlıq mərhələsində artikulyar aparatın quruluşundakı (dil yüyəni və üst dodağın plastikası, ortodontik müalicə kursu ) anatomik defektlərı aradan qaldırmaq vacibdir. Hərəki-funksional dislaliyanın hazırlıq mərhələsində nitq motorikası inkişaf etdirilir (artikulyar gimnastika, loqopedik masaj), sensor funksional dislaliyada fonematik proseslər inkişaf etdirilir.

Dislaliyanın korreksiyası üzrə məşğələlərin müntəzəm, həftədə 3 dəfədən az olmayaraq, aparılması vacibdir. Həmçinin, loqopedin tapşırıqlarının evdə edilməsi də vacib şərtdir. Sadə dislaliya üzrə məşğələlər 1-3 ay, mürəkkəb dislaliya üzrə isə 3-6 ay təşkil edir.          

Dislaliyanın proqnoz və profilaktikası

Dislaliya əksər hallarda uğurla korreksiya olunur. Dislaliyanın müvəffəqiyyətlə dəf olunması defektin mürəkkəbliyindən, uşağın yaşı və fərdi xüsusiyyətlərindən, məşğələlərin müntəzəmliyindən, valideynlərin bu işdə iştirakından asılıdır. Məktəbəqədər uşaqlarda səs tələffüzü məktəbli uşaqlara nisbətən, aşağı sinif şagirdlərində isə orta və yuxarı sinif şagirdlərinə nisbətən daha tez korreksiya olunur.

Dislaliyanın profilaktikası nitq orqanlarındakı anatomik pozuntuların vaxtında aşkar olunmasını tələb edir. Bundan başqa, valideynlər unutmamalıdırlar ki, onlar nitqin inkişafı baxımından övladları üçün örnəkdirlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.