Dil:
Azərbaycanca
Bir çox valideynlər hesab edirlər ki, meyvə şirələri uşaqlar üçün çox faydalıdır. Lakin bir qrup alim bunun əskinə olan qənaətə gəliblər. Onlar müəyyənləşdiriblər ki, meyvə şirələri uşaqlarda astma yarada bilər. Bu içkilərin ziyanı ondan ibarətdir ki, tərkiblərində vitamin və qidalandırıcı elementlərdən çox şəkər və fruktoza var.
Bu nəticəyə gəlmək üçün mütəxəssislər mindən çox ana və uşağın qida davranışını öyrəniblər. Bundan başqa, ayrılıqda hər uşağın səhhətinə dair informasiya nəzərə alınıb. Məhz bu məlumatlar tərkibində çoxlu fruktoza olan içkilərin qəbulu və astma kimi xəstəliyin yaranmasında əlaqənin araşdırılmasında vacib rol oynayıb.
Əldə olunan bütün məlumatları təhlil etdikdən sonra alimlər belə bir nəticəyə gəliblər ki, müntəzəm olaraq meyvə şirələri qəbul edən və bunun da sayəsində orqanizmlərini şəkər və fruktoza ilə zənginləşdirən uşaqlar astma xəstəliyinə 77% daha çox tutulurlar. O da qeyd olunub ki, həmin şirələri hamilə vaxtı qəbul edən anaların gələcəkdə dünyaya gətirdiyi övladları da adıçəkilən xəstəliyə düçar ola bilər.
Onu da qey edək ki, piylənmə və astma arasındakı əlaqə çoxdan məlum olsa da, şəkər və fruktozanın bu ziyanlı təsiri ilk dəfədir ki, aşkarlanıb. Hazırda bu elementlərin astma yaratma mexanizmi dəqiq məlum deyil, lakin ehtimal edilir ki, onlar orqanizmdə iltihabi proseslər yaradır. Eyni zamanda o da qeyd olunur ki, uşaqları bu cür içkilərdən tamamilə məhrum etmək də olmaz.
Şirələri ev şəraitində təbii inqredientlərdən az miqdarda hazırlamaq tövsiyyə edilir. Övladlarınızı mənşəyi bilinməyən şirələrdən uzaq tutun!
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1