mədə və onikibarmaq bağırsağın xora xəstəliyi

Xora xəstəliyi

8606
Müəllif: Terapevt Tural Qənbərli

Paylaşıldı: 09.05.2018
HekimTap Pro

Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi nədir?

Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi kifayət qədər geniş yayılmış diaqnozlardandır. Statistik məlumatlara görə, ayrı-ayrı ölkələrdə əhalinin 5-10 %-i bu xəstəlikdən əziyyət çəkir. Özü də kişişilərdə bu patologiyaya qadınlardan 3-4 dəfə çox rast gəlinir. Bu xəstəliyin xoşagəlməz xüsusiyyəti ondan ibarətdir ki, o daha çox gənc, əmək qabiliyyətli insanlara ziyan vurur və nəticədə onları uzun müddətə iş qabiliyyətindən məhrum edə bilir. Məqalədə mədə və onikibarmaq bağırsağın xora xəstəliyindən, onun yaranma səbəbləri, diaqnostika və müalicəsindən söhbət gedəcək.         

Bu, mədə və onikibarmaq bağırsağın residiv edən, daha çox yaz- payız aylarında kəskinləşmə ilə özünü göstərən xəstəlik olub, həmin orqanların selikli qişasında bir və ya bir neçə xora defektlərinin yaranması ilə xarakterizə olunur.

Xəstəliyin pik nöqtəsi 25-50 yaşlara təsadüf edir. Ehtimal ki, bu, adamların məhz həmin yaş periodunda emosional həssas olduğundan, çox vaxt düzgün olmayan həyat tərzi sürməsindən, qeyri-müntəzəm və qeyri-rasional qidalanmasından irəli gəlir. 

Mədə və onikibarmaq bağırsaq xora xəstəliyinin yaranma səbəbləri

Mədə və onikibarmarmaq bağırsaq xorasının yaranmasında bir çox nəzəriyyələr var, lakin bütün bu nəzəriyyələrin əsasında mədə və onikibarmaq bağırsaqdakı müdafiə və aqressiv faktorlar arasında tarazlığın  hansısa səbəbdən pozulması durur. Mədə və onikibarmaq bağırsağın selikli qişasının defekti aqressiya faktorlarının (buraya HCl turşusu, öd turşusu, pepsin fermenti, Helikobakter pilori bakteriyası və s. aid etmək olar) selikli qişanın müdafiə faktorlarından (yerli immunitet, adekvat mikrosirkulyasiya, prostaqlandinlərin səviyyəsi və digər faktorlar) üstün olduğu hallarda baş verir. 

Mədə və onikibarmaq bağırsaq xorasını yaradan səbəblərə aiddir:

 – Helikobakter piloriyə yoluxma (bu mikrob müdafiə faktorlarını pozaraq və turşuluğu artıraraq selikli qişada iltihab yaradır);
 – Bəzi dərman preparatlarının qəbulu (iltihab əleyhinə qeyri-steroid vasitələr, steroid hormonlar);
 – Qeyri-müntəzəm qidalanma;
 – Kəskin və xoniki streslər;
 – İrsilik.

Mədə və onikibarmaq bağırsaq xora xəstəliyinin əlamətləri

Mədə və onikibarmaq bağırsaq xorası üçün xroniki, dalğavari gedişat xarakterikdir, yənin remissiya və kəskinləşmə periodu vaxtaşırı bir-birini əvəz edir (kəskinləşmə daha çox yaz-payız aylarında özünü göstərir). Xəstələr şikayətlərini təqribən 4-12 həftə arasında özünü büruzə verən kəskinləşmə vaxtı bildirirlər, sonra simptomatika bir neçə aydan bir neçə ilədək reqressiyaya uğrayır.

Kəskinləşməyə bir sıra faktorlar səbəb ola bilər. Onlardan diyetada yol verilən ciddi xətaları, izafi fiziki yüklənməni, stress, infeksiya, bəzi dərman preparatlarının qəbulunu misal göstərmək olar.   

Əksər hallada xora xəstəliyi mədə nahiyəsində qeydə alınan şiddətli ağrılarla başlayır.

Ağrıların başlama zamanı xoranın hansı nahiyədə lokallaşmasından asılıdır:

 – “erkən” ağrılar (qida qəbulundan bilavasitə sonra başlayır, mədədəki qidanın onikibarmaq bağırsağa keçidi zamanı, yəni yeməkdən 2 saat sonra azalır) mədənin yuxarı bölməsində lokallaşan xoralara xarakterikdir;
 – “gecikmiş” ağrılar (təxminən qida qəbulundan 2 saat sonra yaranır) mədənin antral bölməsinin xorasından əziyyət çəkən adamlarda yaranır;
 – acqarına və ya gecə ağrıları (acqarına, adətən gecə saatlarında yaranır, əksər hallarda qida qəbulundan sonra azalır) onikibarmaq bağırsağın xora xəstəliyinə dəlalət edir.  

Ağrıların dəqiq lokallaşma nöqtəsi olmur və özünü müxtəlif cür  – göynəmə formasında, kəsici, deşici, küt və ya tutma şəklində göstərir.  

Xora xəstəliyindən əziyyət çəkən şəxslərin mədə şirəsinin turşuluğu və mədənin selikli qişasının buna həssaslığı yüksək olduğundan, tez-tez qıcqırma hallarına rast gəlinir. Bu, ağrı ilə eyni zamanda, habelə ağrıdan əvvəl yarana bilər.  

Xəstələrin təqribən yarısı turş dadı olan, tüpürcək ifrazı ilə müşayiət edilən gəyirmədən şikayətlənirlər.

Tez-tez rast gəlinən simptomlardan öyümə və qusmanı göstərmək olar. Qusma adətən ağrılar şiddətlənəndə müşahidə olunur və xəstəni xeyli sakitləşdirir. Məhz elə bu səbəbdən xəstələrin çoxu özlərini qusdurmağa cəhd göstərirlər.

O ki qaldı iştahaya, xora xəstəliyindən əziyyət çəkən adamlarda bu, çox zaman dəyişməz qalır yaxud da artmış olur. Ayrı-ayrı hallarda – adətən intensiv ağrılar zamanı – iştahanın azalması müşahidə edilir. Bəzən növbəti yemək qəbulundan sonra yaranacaq ağrı qorxusu – sitofobiya qeydə alınır. Bu simptom ifadə olunmuş arıqlamaya səbəb ola bilər.

Orta hesabla xəstələrin 50%-də defekasiya pozuntuları, xüsusən də qəbizlik yaranır.

Xəstəlik pasiyentin şikayətləri və onun qarnının palpasiyası zamanı, həmçinin xüsusi diaqnostik vasitələrin köməkliyi ilə aşkarlanır. 

Mədə və onikibarmaqbağırsaq xora xəstəliyinin ağırlaşmaları

Xora xəstəliyinin ağırlaşmaları müxtəlifdir, daha çox və tez-tez rast gəlinən ağırlaşması xora nahiyəsində olan qanaxmadır. Bəzən "lal xoralar" olur ki, xəstənin heç bir şikayəti olmadan xora nahiyisəndən qansızma olur, bu isə xəstədə xroniki anemiyaya səbəb olur. İkinci ehtiyat edilən ağırlaşma isə xoranın maliqnizasiyası-bəd xassəliyə keçmə ehtimalıdır.Bu isə daha çox Helibactery Pylori aşkarlanan və bu bakteriyanın müalicəsi olunmayan xəstələrdə rast gəlinir.

Mədə və onikibarmaq bağırsaq xorasının müalicəsi

Xoranın mədədə və ya onikibarmaq bağırsaqda olmasından asılı olmayaraq konservativ müalicə taktikası eynidir.

Ağırlıq dərəcəsindən asılı olaraq, xora xəstəliyinin müalicəsi həm konservativ (xəstənin rejiminin optimallaşdırılması, antibiotik və antisekretor preparatların istifadəsi ilə diyetik tövsiyələrin gözlənilməsi), həm də cərrahi (adətən xəstəliyin ağırlaşmış formalarında) üsulla aparılır.

Reabelitasiya mərhələsində dietoterapiya, fizioterapiya və psixoterapiyanın böyük rolu vardır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.