Vinir dişlər

Vinir dişlər

5825
Müəllif: Stomatoloq Rauf Məmmədov , Əlaqə:050 255 88 50

Paylaşıldı: 01.08.2020
Rauf Məmmədov

BƏYAZ TƏBƏSSÜM - ASAN VƏ AĞRISIZ

 

Bəzən dişlərdəki problemlər insanda ciddi komplekslər yaradır - müxtəlif qüsurlar üzündən təbəssümü gizlətmək məcburiyyəti böyük diskomforta səbəb olur. Fərq etməz, bu, əyri dişlər, minanın rənginin sağlam olmaması, çatlar və ya digər defektlər ola bilər. 

Lakin müasir stomatologiya demək olar ki, bütün bu problemləri aradan qaldırmağa qadirdir. Bu məqalədə söhbət ideal təbəssümün zəmanətçisi - vinirlərdən gedəcək. 


Stomatologiyada vinirlər nədir?

Vinir - zədələnmiş dişin ön səthinə bərkidilən nazik, lakin çox möhkəm lövhəcikdir. Vinirin tətbiqi dişlərin azacıq yonulmasını tələb etsə də, bu, qətiyyən qapaq qoyulmasında olduğu kimi çətin və ağrılı proses deyil. Vinir vasitəsilə istənilən defekti qapamaq mümkündür. Məsələn, əyri çıxmış dişlər, çat, nahamarlıq, plomb, mina üzərində ləkələr və s. 

Vinirlərin istifadəsi estetik stomatologiyada da  geniş vüsət alıb. Bircə onu demək kifayətdir ki, ekranlarda gördüyünüz bir çox məşhur kinoaktyor və sənətçilərin dişlərindəki bəyazlıq, çox vaxt təbiətin deyil, vinirlərin töhfəsidir. 

Vinirlər xarici görünüşünə, rəngi və teksturasına görə ağ, sağlam minadan heç nə ilə fərqlənmir. Təcrübəli stomatoloq viniri elə tətbiq edir ki, dişin kənarlarından heç bir artıqlıq və ya əskiklik hiss edilmir - diş tamamilə təbii və sağlam görünür. 

Müasir dövrdə stomatologiyada bir neçə tip vinirdən istifadə olunur. Onlar bir-birilərindən materialına, tətbiq nahiyəsinə, istifadə müddətinə və əlbəttə ki, qiymətinə görə fərqlənir. 


Vinir növləri

 

Kompozit vinirlər

Kompozit vinirlər nisbətən ucuz hesab olunur. Bir çox pasiyentlər bu növ vinirlərə, həm də onların asan başa gəldiyi üçün üstünlük veririlər. Kompozit vinirləri tətbiq etmək üçün stomatoloqu bir dəfə ziyarət etmək kifayətdir. Qeyd etmək lazımdır ki, bu növ vinirlərin bəzi çatışmayan cəhətləri də var. Məsələn, onlar azömürlüdürlər - istifadə müddəti təqribən 5 ildir. Bu isə o deməkdir ki, dişləri vaxtaşırı korrektə etməyə ehtiyac yaranacaq. Bundan başqa, kompozit vinirlər kifayət qədər möhkəm olmasına baxmayaraq, digər vinir növləri ilə müqayisədə mexaniki təsirlərə daha həssasdır. Kompozit vinirlər, adətən, təbəssüm zamanı görünməyən nahiyələrə tətbiq olunur, belə ki, onların rəngi tədricən az da olsa dəyişməyə meyillidr.             


Keramik vinirlər

Bu vinirlər xüsusi, çox möhkəm keramikadan hazırlanır. Möhkəmliyinə baxmayaraq, bu keramika işiqkeçirmə qabiliyyətinə malikdir ki, bu da təbii mina qatı effektini almağa şərait yaradır. Keramik vinirlərin qalınlığı 0.55 mm-dən artıq deyil. Buna baxmayaraq, onları tətbiq etmək üçün dişin səthi yonulmalıdır. Keramik vinirlərə sahib olmaq istəyirsinizsə, stomatoloqun qəbuluna bir neçə dəfə getməli olacaqsınız. Çünki ideal vinir hazırlamaq üçün təkcə dişlərin yonulması deyil, həmçinin çənənin modelini hazırlamaq və lövhəcikləri hazırlmaq tələb edilir. Vinirlər hazır olan müddətdə dişin səthini qorumaq və sizi diskomfortdan azad etmək üçün həkim xüsusi müvəqqəti qapaqlar hazırlayıb, onları yonulmuş dişlərə keçirir. Keramik vinirlər kompozitlərdən baha başa gəlir. Lakin onların möhkəm və uzunömürlü olması, təkcə ön yox, həmçinin köpək və birinci molyar dişlərə qoyulma imkanları göstərir ki, onlar malik olduqları qiymətə layiqdir. Keramik vinirlər vasitəsilə ən ciddi zədələnmələri belə qapamaq mümkündür. Pasiyentlər bu növ vinirlərə məhz bu xüsusiyyətinə görə üstünlük verirlər. Keramik vinirlərə 10 il  (bəzən daha çox) etibar edə bilərsiniz. Onlar deformasiyaya uğramır, rənglərini dəyişmir və temperatur oynamalarına dözümlüdür.        

Qeyd etmək lazımdır ki, vinirlər yalnız sağlam dişlərin səthinə tətbiq olunur. Ona görə də prosedurdan əvvəl karies, hətta ilkin inkişaf mərhələsində olsa belə, mütləq müalicə edilir. Bundan başqa, parodont toxuması müalicə olunur, damaqlarda iltihab varsa, aradan qaldırırlır. Bundan sonra dişlərin peşəkar təmizlənməsi aparılır, diş daşları və ərp götürüldükdən sonra həkim-stomatoloq vinirlərin tətbiqinə başlayır. 

Təbəssümünüz həmişə güvənli və parlaq olsun!

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az