vaginit nədir yaranma səbəbləri

Vaginit

4835
Müəllif: Mama-ginekoloq Aygün Ağayeva

Paylaşıldı: 09.06.2018
HekimTap Pro

Vaginit nədir?

Vaginit – uşaqlıq yolu selikli qişasının iltihabıdır.

Vaginitin yaranma səbəbləri

Vaginitin yaranmasına əsas səbəb immunitetin aşağı düşməsi və antibiotiklərlə müalicədir. Dəri-zöhrəvi xəstəliklərindən xlamidioz, qonoreya,trixomoniaz, mikoplazmoz da tez-tez bu xəstəliyin yaranmasına səbəb olur.

Bundan başqa, vaginit hormonal pozuntular, yumurtalıqların xəstəlikləri, menopauza, piylənmə, şəkərli diabet fonunda da yarana bilər. Vaginitin menopauza dövründə əmələ gəlməsi orqanizmdə estrogen ifrazının azalması ilə izah olunur.

Bəzən vaginit tibbi və qeyri-tibbi manipulyasiyalar (süni abort, uşaqlıq yoluna müxtəlif əşyaların daxil edilməsi və s.) zamanı uşaqlıq yolunun selikli qişasının zədələnməsi səbəbindən yaranır.

Gigiyena qaydalarının pozulması vaginitin yaranmasına şərait yarada bilər.

Yuxarıda sadalanan bütün faktorlar uşaqlıq yolunda, onun üçün yad olan mikrofloranın yaranmasına səbəb olur ki, bu da gələcəkdə iltihabın yaranmasına gətirib çıxara bilər. 

Vaginit, həmçinin, cinsi partnyorun spermasına, prezervativ lateksinə və ya uşaqlıq yoluna daxil edilən dərmanlara qarşı allergiya sayəsində də yarana bilər.

Vaginitin simptomları

Adətən, vaginitin ilkin əlaməti uşaqlıq yolu ətrafında xoşagəlməz hisslər formasında özünü büruzə verir. Alt paltarın uşaqlıq yolu axıntılarından çirklənməsi müşahidə oluna bilər. Bu axıntılar əksər hallarda göynəmə, bəzən isə xarici cinsiyyət orqanlarının şişkinliyi və qızarması ilə müşayiət olunur. Cinsi əlaqə zamanı ağrı qeydə alınır. 

Xroniki vaginit zamanı xəstələr daha çox cinsiyyət yollarından axıntılardan, göynəmə və uşaqlıq yolu nahiyəsində xoşagəlməz hisslərdən şikayətlənirlər.

Xroniki vaginit uznmüddətli gedişata və residivə meyilliliyi ilə xarakterizə edilir.

Vaginitin diaqnostikası

Vaginit diaqnozu artıq anamnez və fiziki müayinə zamanı qoyulur. Daha sonra uşaqlıq yolundan yaxma götürülür. Əlavə olaraq qan və sidik analizləri də tələb oluna bilər. 

Vaginitin müalicəsi

Vaginitin müalicəsi mikrobların növlərindən asılı olaraq, yerli və ümumi ola bilər. Sağalmanın vacib faktorlarından biri də müalicə dövründə intim həyatı tamamilə istisna etməkdir. Zərurət yaranarsa, cinsi partnyorun da müalicəsi aparılmalıdır. 

Antibiotiklər törədicinin onlara qarşı reaksiyası müəyyənləşdirildikdən  sonra təyin edilir. Bu antibiotiklər maz şəklində yerli olaraq tətbiq olunur.

Müalicə gözlənilən nəticəni verməzsə, menopauza dövründə residivə meyillilik, yumurtalıqların ifadə olunmuş hipofunksiyası aşkar edilərsə, estrogen hormonlarının yerli tətbiqi tövsiyə olunur.

Hamilə qadınlarda vaginitin müalicəsinə xüsusi diqqət ayrılır. Bir tərəfdən onlarda iltihab prosesini tamamilə aradan qaldırmaq çox vacibdir, digər tərəfdən isə hamiləlik dərman preparatlarının dozalaşdırılması və tətbiq olunma üsullarına məhdudiyyət qoyur.  

Vaginitin düzgün müalicəsi və residivlərin profilaktikası əksər hallarda yaxşı proqnozlardan xəbər verir. 


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az