uşaqlarda koksaki virusu

Uşaqlarda “Koksaki” virusu

28013
Müəllif: Pediatr Xəyalə Nağıyeva

Paylaşıldı: 14.07.2018
HekimTap Pro

Koksaki virusu nədir?

Uşaq infeksiyaları çoxlu sayda mikroorqanizmlər tərəfindən törədilir. Onlardan biri də “Koksaki” virusudur. Bu, çox yoluxucu RNT-virus olub, mədənin turş mühitində inkişaf edir. Lakin “Koksaki” virusu təkcə insanın mədə-bağırsaq traktını deyil, demək olar ki, istənilən digər orqan və toxumaları da zədələyə bilir. Daha çox sinir sisteminə zərər yetirir. Lakin infeksiyanın ən çoxt rast gəlinən əlamətləri – diareya, ümumi intaksikasiya, spesifik səpgidir. Xəstəlik adətən, xoşxassəli gedişata malik olsa da, bəzi hallarda təhlükəli ağırlaşmalara gətirib çıxarır. 

“Koksaki” virusunun növləri

“Koksaki” virusunun 30-a yaxın növü var. Lakin parazitləşmə üsuluna görə onlar 2 növə bölünür:

  • Geniş yayılmış növlərin çoxunu A tipinə aid edirlər. Onların lokalizasiyası  - selikli qişa və dəridir. Əgər uşaq virusun məhz bu serotipinə yoluxmuşsa, xəstəlik özünü herpangina, seroz meningit, vezkulyar stomatit, kəskin hemorragik konyunktivit formasında büruzə verə bilər.
  • B tipli bütün viruslar patogendir. Onlar plevranı, ürəyi, mədəaltı vəzini, xüsusən də qaraciyəri zədələyir.  

“Koksaki” virusunun əlamətləri

Yoluxma anından adətən, on gün keçir. Bəzi hallarda inkubasiya dövrü sürətlə - 2 gün ərzində başa çatır. Xəstəlik 39 dərəcə və daha çox qızdırma, ürəkbulanma, hətta qusma ilə müşayiət olunur.

Baş ağrı, dilin üzərində ağımtıl ərp əmələ gələ bilər. Limfatik düyünlər böyüyür, ürək döyüntüsü artır, qaraciyər və dalaqda böyümə müşahidə edilir. Pəncə, ovuc, əl barmaqları, ağız kənarlarında göynəmə verən səpgilər əmələ gəlir.    

“Koksaki” virusunun müalicəsi

Əgər xəstəlik ağırlaşmasız gedişata malik olarsa, bu halda onu kəskin respirator virus infeksiyası kimi müalicə edirlər.

Patogenetik və simtomatik terapiya aparılır:

  • Uşağın hərarəti çox yüksəkdirsə, hərarətsalıcı vasitələrdən – İbuprofen, Parasetamol, İbufen- istifadə olunur;
  • İmmuniteti gücləndirmək üçün immunomodulyatorların (interferon və ya immunoqlubulin) qəbulu göstərişdir;
  • Orqanizm güclü intoksikasiyadan əziyyət çəkərsə, sorbent qəbulu (aktivləşdirilmiş kömür, enterosgel);
  • Hərarət yüksəkliyi, diareya və digər hallarda orqanizm susuzlaşır, ona görə də uşağa çox miqdarda maye vermək lazımdır;
  • Əgər ağızda səpgilər və kiçik yaralar əmələ gələrsə, onların işlənməsi üçün xüsusi preaparatlardan istifadə edilir;
  • Güclü göynəmə zamanı antihistamin preparatlar təyin olunur.

İnfeksiyanın ev şəraitində müalicəsi zamanı uşağın vəziyyətini ciddi nəzarət altında saxlamaq lazımdır.

İnfeksiya ağır gedişata malik olarsa, təcili hospitallaşdırma tələb olunur.

“Koksaki” virusunun ağırlaşmaları

“Koksaki” virusunun gedişatı adətən, ağırlaşmasız keçir. Lakin bəzi hallarda xəstəlik ağır fəsadar verə bilər.

Onlarda ən ağırları aşağıdakılardır:

  • Meningit;
  • Ensefalit;
  • İflic;
  • Ürək çatışmazlığı;
  • İnsulin asıllıqlı diabet.

Valideynlərin bunu bilmələri vacibdir: Xəstəni digər sağlam uşaqlardan və böyüklərdən təcrid etmək lazımdır. Məsləhətdir ki, izolyasiya 1-1.5 həftə davam etsin. 


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az