UŞAQLARDA ADENOİD – "BURUN ƏTİ" ƏMƏLİYYATI
Burun əti adətən 14 yaşına qədər uşaqlarda rast gəlinir.Burun-udlaq nahiyəsində yerləşən limfadenoid toxumasıdır,onun uşaqda olması patologiya deyil,ölçüləri böyüdükdə patologiya kimi qəbul olunur.
İlk öncə valideyn həkimə övladında olan burun tıxanıqlığı,ağzıaçıq yatma,xorultu,bəzi hallarda nəfəsin bir neçə saniyəlik dayanması şikayətləri ilə müraciət edir.Araşdırma zamanı bu uşaqların tez-tez virus xəstəliklərinə tutulması,burundan qatı mayenin axması,qulaq ağrıları, eşitmə zəifliyi, uzunmüddətli öskürək kimi şikayətlərinin də olduğu bəlli olur.
Təbii ki böyük insandan fərqli olaraq uşaqları müayinə etmək o qədər də asan olmur,bəzən uşağın kabinetə öyrənməyi və ağxalatlı həkimə etibar qazanmağı üçün valideynlə danışaraq sanki uşaq müayinəyə yox söhbət etməyə gətirilib kimi təəssürat yaradılmağında fayda var. Etibar qazanıldıqdan sonra uşaq özü də bilmədən müayinə stoluna əyləşir.Ancaq etiraf edək ki bütün uşaqlarda bu metodlar keçərli deyil.
Adenoid vegetasiyası(burun əti) şübhəsi olan uşağın burnuna nazik endoskopla baxılır,görüntü ekranda həkim tərəfindən dəyərləndirilir və valideynə adenoidlərin ölçüsü barəsində məlumat verilir. Qeyd edim ki endoskopik müayinə zamanı valideyn özü də ekranda görüntünü müşahidə edə bilir.
Əməliyyata göstəriş olan əsas şərt yuxarıda sadaladığımız şikayətlərin olmasıdır.Bundan əlavə endoskopik müayinənin nəticəsi də yüksək əhəmiyyət kəsb edir. Əgər adenoid toxuması 3-cü dərəcə olarsa əksər hallarda əməliyyat olunmalıdır. 1-ci dərəcə adenoidlər əməliyyata göstəriş deyil,2-ci dərəcə olarsa,şikayətlərə bağlı olaraq ya müalicə olunur, ya da əməliyyat.
Mütləq ümumi narkozla icra edilir,çünki yerli keyitmə zamanı uşağın psixoloji durumuna əməliyyat ciddi problem yaratmış olur. Əməliyyat 10-15 dəqiqə çəkir. Müasir tibbi cihazların istifadəsi əməliyyat vaxtını və qanaxma riskini azaldır. 3-4 saat klinika şəraitində nəzarətdən sonra uşaq evə buraxılır.
Hal-hazırda adenoidlərin ən müasir yolla çıxarılması üçün endoskopik şeyver adlanan üsuldan istifadə edilir. Bu metodun əsas üstünlüyü ağırlaşma ehtimalının minimuma endirilməsindən ibarətdir. Endokopik şeyver adenotomiyadan sonra adenoidlərin təkrar əmələ gəlmə ehtimalı adi yolla aparılan adenotomiyadan dəfələrlə azdır.
Həkim şikayətləri dinlədikdən və müayinə etdikdən sonra qərar verməlidir,həm də uşağın yaşı da bu patologiyada önəmlidir.Əgər 11 yaşlı uşaqda 2-ci dərəcə adenoid varsa və şikayətləri o qədər də kəskin deyilsə, müalicə yazılmağı daha məqsədəuyğundur.
Ürək və qan damar sistemi xəstəlikləri,diş formasının pozulması,çənə sümüyünün inkişafdan qalması,eşitmə azlığı və s. kimi sonradan qarşısı alınmayan ağırlaşmalara səbəb ola bilir. Bu patologiyaların yaranmaması üçün vaxtında mütəxəssisə müraciət etmək lazımdır.Düzgün aparılan müayinə və müalicə nəticəsində burun ətinin uşaqda ağırlaşma verməsinin qarşısı alınacaq və sağlam böyüməsinə imkan yaradacaq.
Mövzu ilə bağlı video:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.