Turetta sindromu

Turetta sindromu

107
Müəllif: Psixiatr Abdulla Şıxlinski

Paylaşıldı: 25.09.2019
Abdulla Şıxlinski

Jilya  de  lya  Turetta  sindromu   ağır  xəstəlik  kimi

Bu  simptomokompleks  polimorf xarakter daşıyan, mioklonusa oxşar hərəkətlərlə cərəyan edən, tədricən davranış pozğunluqlarının qoşulması ilə xarakterizə olunan ağır psixi pozuntudur.Xəstələr özlərindən asılı olmayaraq, qeyri-təbii səslər çıxarır, başqalarının sözlərini təkrar edir, öz nitqlərində çoxlu nalayiq sözlərdən və söyüşlərdən istifadə edirlər. Xəstəliyin ağırlığı onunla müəyyən olunur ki, bu vəziyyət məhz çoxlu miqdarda insan kütləsinin toplaşdığı yerlərdə baş verir. Məsələn, ictimai nəqliyyatda gedən insan qəflətən yanında dayanan başqa insanların öz aralarındakı söhbətlərin məzmunun söyüş sözlərlə qarışdırıb təkrar edirlər. Bu, xəstələrin özündən asılı olmayan bir
vəziyyətdir. Onlar öz dedikləri sözlər üçün cavabdehlik daşımırlar və bu vəziyyət dərin psixi pozuntu əlaməti kimi xarakterizə edilir. Bütün bunlarla yanaşı xəstələrin mimiki üz əzələlərində, yuxarı ətraf qurşağı əzələlərində qeyri-iradi tiklər baş verir. Onlar başlarını qeyri-təbii şəkildə fırladır, tez-tez burunlarını çəkir, ağızlarını marçıldadır, öskürür, söyüş söyə-söyə ətrafdakıların üzünə tüpürür, sərt çiyin və əl hərəkətləri edirlər. Ətrafdakı insanlar bütün bunları ictimai-təhlükəli əməl hesab etsələr də, əslində bütün bunlar psixikanın bədənə diktə etdiyi zorakı hərəkətlərdir.
Xəstələr bu vəziyyətdə heç bir kəsici alətlərdən, silahlardan istifadə etmirlər, başqalarına qarşı fiziki təcavüz faktları qeydə alınmır. Yalnız və yalnız onların dedikləri sözlərin məzmunu və bədən əzələlərinin tikləri qeyri-adi xarakter daşıyır, ətrafdakıları qıcıqlandırır və onlarda xəstə haqqında pis fikirlər yaradır. Belə simptomlar bir yerdə toplaşaraq koprolaliya ( söyüşlü danışıq ),exolaliya (başqalarının sözlərini təkrar etmək ), vokalizasiya ( qeyri-adi səslər çıxarmaq ), əzələ tikləri- bunlar hamısı bir yerdə məşhur fransız psixiatrının adı ilə Jilya de lya Turett sindromu adlanır.Xəstəliyin səbəbləri haqqında bir neçə versiya mövcuddur. Lakin dominant versiya orqanik xəstəliyin olması versiyasıdır. Ağır keçən doğuş, beynin hidrosefaliya ilə zədələnməsi, müxtəlif dövrlərdə keçirilən kəllə-beyin zədələnmələri, meningit, ensefalit, ağır cərəyan edən virus infeksiyaları (məs;qrip) bu xəstəliyin yaranmasına səbəb ola bilər. Neyrobioloqların fikrincə, beynin zolaqlı cismində yaranan patobioloji dəyişikliklər beyində purin, katexolamin, dofamin mübadiləsinin pozulmasına gəti-
rib çıxarır və nəticədə bu sindrom onunla qohumluq təşkil edən Leş-Neyxen sindromu kimi illər ərzində çox ləng inkişaf edir. Bütün ruhi xəstəliklər kimi, bu xəstəlik də ən  çox cinsi yetkinlik dövründə özünü biruzə verir. İrsi  amillərin ( autoson-ressesiv mexanizmlər ), keçirilmiş vərəm xəstəliyinin çox böyük rolu vardır. Xəstəlik ilk dövrlərdə hipomaniakal oyanmalarla, şən əhvali-ruhiyyə ilə,ictimai təhlükəli əməllərlə başlaya bilir. Sonralar xəstələrdə yalnız tiklər, vokalizasiya, exolaliya və kaprolaliya qalır. Çox vaxt xəstələr bir neçə saat ərzində çox nalayiq söyüşlər söydükdən sonra rahatlaşırlar. Lakin bu söyüşləri onlar mütləq kütlə daxilində söyməlidirlər, təklikdə bu sindrom işləmir. Xəstəlik məhkəmə-psixiatrik və hərbi-psixiatrik ekspertiza baxımından böyük maraq kəsb edir. Diaqnostika və  müalicə həkim-psixiatr tərəfindən aparılır.