Sonsuzluq problemi

Sonsuzluq problemi

2073
Müəllif: Androloq Azər Mirzəyev , Əlaqə: 050 311-36-88

Paylaşıldı: 03.03.2020
Azər Mirzəyev

Bir il ərzində müntəzəm olaraq qorunmamış cinsi əlaqələr hamiləliklə nəticələnməyibsə,bu sonsuzluq kimi qiymətləndirilir.

Hamiləliyin baş verməsi üçün aşağıda göstərilənlər baş verməlidir.

----Qadın yumurtalığında yumurta hüceyrəsi yetişib hasil olmalıdır

___Həmin hüceyrə spermatozoid tərəfindən mayalanmalıdır

___Mayalanmış hüceyrə Fallop borusundan uşaqlıq boşluğuna hərəkət etməlidir

___Mayalanmış hüceyrə uşaqlığın divarına yapışmalıdır.

Sonsuzluğun səbəbləri:

1.Cinsi orqanların travmaları-zədələnmələri.
2.Cinsi əlaqə ilə keçən infeksiyalar: Qonoreya, Trixomoniaz, Xlamidioz, Sifilis və s.
3.Sidik-cinsiyyət üzvlərinin iltihabi xəstəlikləri.
4.Ereksiyanın pozulması, vaxtından əvvəl toxumaxıtma.
5.Kişi cinsi hormonunun çatışmazlığı. Bunun əsas səbəbi qanda testosteron hormonunun səviyyəsinin azalmasıdır.bunun səbəbi isə testosteron hormonu hasil edən Leydinq hüceyrələrinin zədələnməsi ola bilər.
6.Qanda prolaktin hormonu səviyyəsinin artması. Bu hal kişi orqanizmində testosteron hormonunun səviyyəsinin azalmasına səbəb ola bilər. Bu isə öz növbəsində kişi sosuzluğunun inkişafına şərait yaradır. Kişi orqanizmində qanda prolaktin hormonunun artmasına səbəbi isə hipofizin şiş xəstəliyi,həmçinin davamlı stresslər ola bilər.
7.İmmun çatışmazlığı nəticəsində yaranan sonsuzluq.
8.Varikosel.
9.Genetik problemlər.
10.Azospermiya.

Müasir andrologiyada kişi sonsuzluğunun 3 forması müəyyən edilib:

1.Sekretor.
2.Ekskretor yaxud obstruktiv.
3.İmmunoloji yaxud autoimmun.

Sekretor forma sonsuzluq dedikdə hər hansı bir səbəbdən xayalarda spermatozoidlərin əmələ gəlmə, yetişmə, formalaşma prosesinin pozulması ilə əlaqədar olan sonsuzluq başa düşülür.

Ekskretor forma sonsuzluq-toxumçıxarıcı yollarda keçməməzliklə əlaqədardır. Belə ki,cinsiyyət orqanlarında keçirilmiş iltihabi xəstəliklər, cinsi yolla yoluxan xəstəliklər və travmalardan sonra yaranan çapıq toxuması toxumdaşıyıcı axacaqların mənfəzini ya tam bağlayır, ya da daraldaraq keçiriciliyini pozur. Ona görə də xayalarda normal miqdarda spermatozoid əmələ gəlməsinə baxmayaraq onların xaricə çıxması çətinləşir.

Immunoloji forma sonsuzluq-orqanizmdə spermatozoidlərə qarşı xüsusi zülalların-antitellərin əmələ gəldiyi hal başa düşülür.

Sonsuzluğun diaqnostikası: İlk növbədə düzgün anamnestik məlumat toplanmalıdır.

Spermoqramma, Cinsi infeksiyaların PZR metodla müayinəsi, UZİ-Skrotal müayinə, Hormonların müayinəsi.

Sonsuzluğun müalicəsi:

Bu zaman ilk növbədə onu yarada biləcək səbəbləri aradan qaldırmaq lazımdır.Bəzən müalicə kimi konservativ müalicədən başqa cərrahi,ekstrakorporal (EKO,İKSİ), süni inseminasiya, aşılanma kimi müalicə metodlarından istifadə edilir. Bəzən sonsuzluğun dəqiq səbəbini təyin etmək olmur və belə olan halda xəstəyə empirik müalicə təyin edilir yəni xəstəyə ümumi qüvvətləndirici mineral-vitaminlərlə zəngin dərman preparatları, qida əlavələri təyin edilir.

Sonsuzluğun profilaktikası:

Sonsuzluğun spesifik profilaktikası yoxdur, lakin uşaq yaşlarında bir sıra anadangəlmə xəstəliklərin vaxtında aşkarlanıb müalicə edilməsi sonsuzluğun profilaktikası kimi qiymətləndirilə bilər. Bəzən valideynlər uşağın cinsiyyət üzvündə olan anomaliya, patalogiya, inkişafdan qalmanı nəzərdən qaçırdaraq usağı vaxtında həkimə göstərmirlər.

Bir sıra infeksion xəstəliklər xayaları ciddi zədələyir. Bunların içərisində epidemik parotit öz aktuallığı ilə fərqlənir. El arasında buna qulaqdibi-svinka da deyirlər.

Ümumiyyətlə sonsuzluğun profilaktikası cinsi yolla yayılan infeksiyalardan qorunma, sağlam həyat tərzi keçirtmək, vaxtlı-vaxtında həkim-androloqun qəbulunda olmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az