rinoplastika burun əməliyyatı

Rinoplastika. Əməliyyat qərarının verilməsi

6655
Müəllif: Uzman həkim İlyas Axundzadə, plastik, rekonstruktiv və estetik cərrah, FEBOPRAS

Paylaşıldı: 15.08.2017
İlyas Axundzadə

Rinoplastika son 10-15 il ərzində Azərbaycanda ən çox aparılan estetik əməliyyatların sırasındadır.

Əməliyyat nəticəsinin yaxşı olmasına təsir edən mühüm amillərdən biri də rinoplastika haqqında düzgün verilmiş qərardır. Qeyd edək ki, normal şəraitdə bu bir anlıq qərar deyil, mərhələli prosses şəklində olmalıdır. İlk mərhələdə insan özü burnun formasını dəyişməsinə qərar verir. Diqqət edin! – ÖZÜ. Çünki, bu burnu məhz bu insan ömrünün sonuna qədər üzündə daşıyacaq. Bu qərarı dərk edib bütün məsuliyyətini öz üzərinə almaqla bərabər, insan heç bir zaman “anam belə dedi, rəfiqəm elə hesab edir,  nişanlımın məsləhət gördü” sözlərlə  istiqamətləndirilməməlidir.  Gələcək pasientin ətrafında (qohum, dost, tanış kimi) olanların da dəstəyi, ya da ən azından əməliyyata qarşı olmamaqları vacibdir. Əməliyyatdan sonrakı yüngül depressiya fonunda “bütün defektləri görən” yaxın ətraf həm xəstənin, həm də həkimin əhvalını xeyli poza bilər.  

Qərar verildikdən sonra əməliyyatı bilavasitə icra edəcək həkim ilə konsultasiya aparılır. Konsultasiya tam ətraflı şəkildə aparılmalı və (baxış, burun palpasiyası və s. kimi) texniki ünsürlərdən başqa əməliyyatın gedişini və arzu olunan nəticənin müzakirəsini də daxil etməlidir. Diqqət! Azərbaycanda çox vaxt xəstələr “doktor, özünüz, mənə ən çox yaraşan burnu bilirsiniz” kimi ifadələr işlədərək məsuliyyəti həkimin üzərinə atmağa çalışırlar. Lakin, əməliyyatdan əvvəl nə istədiyini bilməyən xəstə, böyük bir ehtimal ilə nəticəni də bəyənməyəcək. Eləcə də, həkimin zövqü, bütün insanlarda olduğu kimi, xəstənin “ən çox yaraşan” dediyindən çox fərqli ola bilər. Burun forması məsələsində əmin olmayan xəstələr öz qərarını yenidən gözdən keçirməlidirlər. Çox vaxt bunun üçün xoşlarına gəldiyi burun ilə 4-5 foto şəkil seçmək kifayətdir. Lakin, heç bir şəkildə burun formasının seçilməsi həkimə etibar edilməməlidir! Burnun SİZƏ aid olduğunu və bununla  daim yaşayacağınızı unutmayın! 

Beləliklə xəstə burun formasının sifarişini verir, həkim isə bir sonrakı mərhələdə bunu nə dərəcədə gerçəkləşdirilməsini təyin edir. Məhz bu pillədə dəqiq simmetriya tələb edən yaxud qəribə arzuları səsləndirən, bir sözlə həqiqətdən uzaq istəkləri olan xəstələr aşlar edilməli və  əməliyyatlarından imtina edilməlidir.  

Bir az  burun formasının “kompyuter modelleşməsindən” danışaq. Məsələ ondadır ki, toxumaların sağalma prosesinin nəticələrini öncədən görmək çox çətindir, ona görə kompyuter ilə hesablanan burun forması gərçək həyatdakından fərqlənə bilər. Belə praktika bəzi hallarda münaqişə yaratdığından bundan uzaq durmağı məsləhət görürəm.

Nəhayət xəstə ilə həkim gələcək nəticə haqqında razılığa gəldikdən və mümkün olan bütün riskləri müzakirə etdikdən sonra əməliyyata hazırlıq başlayır. Bu haqda növbəti məqalədə məlumat verəcəyəm.

Sağlam olun!

Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.