reflüks nədir qıcqırma

Reflüks nədir?

21969
Müəllif: Səbirə Səfərova

Paylaşıldı: 20.11.2017
Səbirə Səfərova

Reflüks – mədə və bəzi hallarda mədəaltı vəz şirəsi və öd qarışığından ibarət onikibarmaq bağırsaq möhtəviyyatının qida borusuna geriyə atılması nəticəsində döş sümüyü arxasında hiss edilən yanma (qıcqırma) hissidir.

Əlamət uzun müddət ərzində müşahidə edildikdə QERX (qastroezofageal reflüks xəstəliyi) diaqnozu qoyulur.

Ağız boşluğu ilə mədəni birləşdirən əzələvi boru olan qida borusunun bir neçə sfinkteri (əzələ qalınlaşması və ya daralması) vardır. Bu sfinkterlərin rolu qidanı mədəyə doğru “itələyərək”, onun geriyə qayıtmasına mane olmaqdır. Reflüksün yaranma səbəbi – qida borusunun aşağı sfinkterinin tonusunun azalmasıdır ki, bu zaman dediyimiz mədə, bəzən onikibarmaq bağırsaq möhtəviyyatı qida borusuna, yəni geriyə atılır və selikli qişanı zədələyir.

Reflüks zamanı aşağıdakılar müşahidə edilə bilər:
 - Döş sümüyü arxasında və boğazda hiss edilən yanma hissi, atılan möhtəviyyatın ağızda yaratdığı turşuluq dadı;
 - Döş sümüyü arxasında ağrılar;
 - Qidanın udulması zamanı çətinlik, ağrı və ya diskomfort;
 - Quru öskürək;
 - Səsin xırıltılı olması və ya boğaz ağrıları;
 - Ağızdan xoşagəlməz qoxu;
 - Ağız suyunun çox ifrazı, hətta səhərlər “islanmış yastıq” simptomu.

Əsas səbəbləri:
 - Hamiləlik;
 - Bəzi dərman preparatları (bəzi antibiotiklər, hormonlar, iltihabəelyhi preparatlar, nitratlar, antidepressantlar və s.);
 - Artıq çəki və piylənmə;
 - Siqaret çəkmək;
 - Spirtli içki qəbulu;
 - Tərkibində kofein olan məhsulların bol istifadəsi;
 - Yaşla əlaqədar sfinkterin tonusunun zəifləməsi;
 - Dar geyim;
 - Sürətli (“birnəfəsə”) qida qəbulu;
 - Birdəfəyə çoxlu miqdarda qida qəbulu;
 - Diaqfraqmanın qida borusu dəliyinin yırtığı;
 - Şəkərli diabet;
 - Sistem xəstəlikləri (sklerodermiya və s.).

Vacib əhəmiyyət kəsb edən ağırlaşmalarından:
 - Qida borusunun daralması (zədələnmiş selikli qişada çapıq toxumanın yaranması səbəbindən);
 - Qida borusunun eroziya və hətta xoraları (ağrı yarada, qanaxmaya səbəb ola bilər);
 - Qida borusu selikli qişasının xərçəngönü vəziyyəti – Barret qida borusunun yaranmasıdır.

Qeyd edim ki, əgər döş sümüyü arxasındakı ağrı çənəyə, qola doğru (xüsusən soltərəfli) yayılan ağrılarla müşahidə olunursa, ilk növbədə elektrokardioqram (EKQ) çəkilməlidir. Bu, stenokardiya və ya miokard infarktı əlaməti ola bilər!

Reflüks diaqnozu qoyulduqdan sonra əgər Barret ezofagitinə şübhə aşkarlanmayıbsa, təkrar endoskopiyaların aparılması və biopsiya götürülməsi məsləhət görülmür.

Helicobacter Pylori infeksiyası reflüks yaratmır, əgər bakteriya aşkar edilibsə, deməli mədə və onikibarmaq bağırsağın selikli qişa iltihabı müalicə edilməldir.

Həmçinin aptekdən özünüzün alıb, qəbul etdiyiniz omeprazol və s. kimi dərmanların uzunmüddətli və nizamsız istifadəsi zamanla mədə turşuluğunun azalmasına, bu isə öz növbəsində
 - Mədə selikli qişasının atrofiyasına (xərçəngönü vəziyyət!);
 - Bağırsaq mikroflorasının pozulmasına;
 - Son illərin araşdırmalarına görə isə, hətta ürək fəaliyyətinin pozulmasına və ölümə səbəb ola bilər.

Reflüks zamanı ümumi vacib tövsiyələr:
 - Qidalanma rejiminə riayət etmək (3-4 dəfə az porsiyalarla yemək);
 - Birdəfəyə çoxlu qida qəbul etməmək (xüsusən isti-soyuq baxımından ciddi fərqlənən qidalar);
 - Gecələr qida qəbul etməmək (son qida qəbulu yuxudan 3 saat əvvəl olmalıdır);
 - Qida qəbulundan dərhal sonra əyilmə hərəkətləri etməmək və uzanmamaq;
 - Düz yataqda yatmamaq (yatağın baş hissəsi az bucaq altında yüksəkdə olmalıdır);
 - Siqaret və spirtli içki qəbulundan imtina etmək;
 - Tərkibində kofein olan məhsulların istifadəsini azaltmaq;
 - Çəkinin bərpasına cəhd etmək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.