qalxanabənzər vəzin düyünləri

Qalxanabənzər vəzin düyünləri

4329
Müəllif: Terapevti Tural Qənbərli

Paylaşıldı: 17.03.2018
HekimTap Pro

Qalxanabənzər vəz düyünləri haqqında ümumi məlumat

Qalxanabənzər vəzin düyünləri bəzən xəstənin özü tərəfindən və ya həkim tərəfindən palpasiya zamanı aşkar edilir. Bu, dyünlərin müəyyənləşdirilməsi metodunun yalnız 6-7%-ni təşkil edir. 80-90% isə ultrasəs müayinəsinin payına düşür, çünki elə düyünlər var ki, onları palpasiya vasitəsilə aşkar etmək olmur.

Xəstədə düyün aşkar edilərsə, ilk növbədə bu düyünün bədxassəli olub-olmamasına diqqət yetirilir. Bundan sonra düyünün isti və ya soyuq düyün olması müəyyənləşdirilir.

İsti düyünlərin bədxassəli düyünə çevrilməsi ehtimalı çox azdır – 1% təşkil edir. Soyuq düyünlərinsə bədxassəli olma ehtimalı isti düyünlərlə müqayisədə 10-15 dəfə çoxdur.

Əgər düyün uşaqda aşkar olunarsa, bu risk daha da artır. Böyüklərə nisbətən uşaqlarda düyünlərin bədxassəli olma ehtimalı 3-4 dəfə yuxarıdır.

Qalxanabənzər vəz düyünlərinin yaranma səbəbləri

Düyünün yaranma səbəbləri daha çox pasiyentin keçirdiyi yanaşı xəstəliklərinə bağlıdır. Əgər o, tez-tez baş-boyun nahiyəsinin şüalanma müayinəsindən keçibsə, kimya terapiyası qəbul edibsə, pasiyentin autoimmun xəstəliyi olubsa və bir çox başqa səbəblərdən düyünlər yarana bilər. 60% hallarda isə düyünlərin yaranma səbəbi bilinmir.

Məsəslən, bəzi pasiyentlərdə kistoz adlanan soyuq düyünlərə rast gəlinir ki, həmin düyünlərin içi maye ilə dolu olur. Bu düyünlərin də səbəbi bəlli deyil.

Qalxanabənzər vəz düyünlərinin əlamətləri

Soyuq düyünlər əksər hallarda heç bir klinik əlamətlər vermir. Isti düyündürsə, pasiyentdə hipertireoz vəziyyətlər yarana bilər. Yəni pasiyentdə əsəbi gərginlik, izafi tərləmə, arıqlama müşahidə edilə bilər. Yaxud da düyünün böyük olması traxeya və bronxları sıxa, nəticədə təngənəfəslik yarana bilər.

Qayıdan sinirin sıxılması baş verərsə, pasiyentin səsində dəyişkənlik qeyd oluna bilər.

Qalxanabənzər vəz düyünlərinin diaqnostikası

Düyün aşkar olunduqdan sonra ilk növbədə pasiyentdən geniş anamnez toplalnır. Daha sonra dəqiq məlumat almaq üçün incə iynə biopsiyası vasitəsilə diaqnostika aparılır.

Qalxanabənzər vəzin diaqnostika vasitələri arasında incə iynə biopsiyası ən vaciblərdən biri sayılır. Belə ki, bunun vasitəsilə həkim düyünün bədxassəli olub-olmamasını müəyyənləşdirir.

Qalxanabənzər vəz düyünlərinin müalicəsi

Əgər incə iynə biopsiyası müsbət nəticə verərsə, düyünlər sadəcə izlənməli, pasiyent vaxtaşırı həkimin qəbulunda olmalıdır. Soyuq düyünlərin biopsiya mənfi nəticə verərsə, cərrahi müdaxilə qaçılmazdır.

İsti düyünlər əgər müalicəyə tabe olursa, hipertireoz kimi müalicə olunur və TSH və T4-ün təyininə əsasən müalicənin effektliliyi izlənilir. Effekt alınmazsa, bu halda da əməliyyat göstərişdir.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.