podaqra nədir əlamətləri

Podaqra

7810
Müəllif: Revmatoloq Sevinc Həsənova

Paylaşıldı: 16.03.2018
Mayomed

Podaqra nədir?

Podaqra sidik turşusu mübadiləsinin pozulması sayəsində yaranan metabolik oynaq xəstəliyidir. Bu zaman sidik turşusunun natrium duzları oynaq yarığındakı sinerial qişaya düşür və nəticədə uratlar onu zədələyir. Beləliklə, iltihabi proses yaranır.

Bu, özünü gecə başlayan möhkəm oynaq ağrıları ilə büruzə verir. Ayağın baş barmağı şişir, qızarır, qeyd etdiyimiz kimi, dözülməz ağrılar verir. Tutmalar 1-4 gün ərzində davam edə bilər.

Əvvəllər effektli vasitələr olmadığından xəstələr çox əzab çəkirdilər, lakin müasir dövrdə iltihab əleyhinə bir çox preparatlar mövcuddur və onların köməkliyi ilə tutmaları aradan qaldırmaq olur.

Podaqranın əlamətləri

Podaqra kişilərdə, əsasən, 40 yaşdan sonra, qadınlarda isə klimaks dövründə başlayır.

Podaqra metobalik pozuntu olduğu üçün bütün orqanizmdə metobolik dəyişikliklər müşahidə edilir. Buraya ateroskleroz, ürəyin işemik və hipertoniya xəstəlikləri, piylənmə, böyrəklərdə amilodioz, şəkərli diabet və s. daxildir. Bəzi mənbələrdə bu, metabolik sindrom kimi də qeyd olunur.

Qeyd olunduğu kimi, podaqranın kəskin ağrıları əvvəlcə axşam saatlarında ayağın baş barmağından başlanır. Əgər müalicə vaxtında başlanmazsa, ağrılar digər oynaqlara da yayılır.

Podaqra uzun müddət müalicə olunmazsa, dəri altında, hətta qulağın qığırdağında belə spesifik düyünlər yarana bilər. Bir müddət sonra onlar partlayır və düyünlərin içərisindən kəsmiyəbənzər maye ifraz olunur. Bu da uratlardır, sadəcə, onlar yumşaq toxumalarda toplanıblar. Uratlar, əsasən, oynaqlarda, vətər ətrafında toplanırlar.

Podaqranın müalicəsi

“Podaqra”  diaqnozu o deməkdir ki, insan həyat tərzini köklü şəkildə dəyişməli və daim lazım olan preparatlar qəbul etməlidir, belə ki, bu xəstəliyin tam müalicəsi yoxdur.

Buna baxmayaraq, vaxtında olunan mütəxəssis müdaxiləsi sayəsində podaqranı nəzarət altına almaq, tutmaların ağrılılığını minimuma endirmək, ağırlaşmalardan sığortalanmaq mümkündür.

Podaqranın əsas müalicə prinsipi sidik turşusunun səviyyəsinin orqanizmdə nəzarətdə saxlamaqdan ibarətdir. Medikamentoz müalicə üçün həkim-revmatoloqa müraciət etmək lazımdır. Düzgün müdaxilə ilə sidik turşusunun həcmi orqanizmdə azalacaq və o, tezliklə orqanizmdən xaric ediləcək.

Yalnız yüksək ixtisaslı həkimin tövsiyə etdiyi preparatlar mümkün yanaşı xəstəliklər zamanı orqanizmə minimum ziyan verər.                    

Podaqranın profilaktikası

Podaqranın yaranma ehtimalını azaltmaq üçün ət məhsullarının qəbulunu məhdudlaşdırmaq, vaxtaşırı yüngülləşdirici pəhrizlər saxlamaq lazımdır.


Mövzu ilə bağlı video:


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.