Perikardit

Perikardit

3710
Müəllif: Kardioloq Günay Novruzova, Əlaqə: (+994) 50 628-68-97

Paylaşıldı: 16.04.2020
Günay Novruzova

Perikardit nədir?

Perikardit - ürəyin perikard (xarici) qatının infeksion və ya qeyri-infeksion (aseptik) iltihabıdır. İltihabi proses perikardın visseral və parietal qişalarını əhatə edir. Perikardit bir çox daxili orqan xəstəliklərinin ağırlaşması kimi və ya xəstəliyin klinik əlamətlərindən biri kimi əmələ gəlir. Bəzi hallarda isə perikardit sərbəst şəkildə ciddi əhəmiyyət kəsb edir, onun klinik şəkli və yaratdığı hemodinamik dəyişikliklər ön plana çıxır.

Autopsiya zamanı 3-6% hallarda ürəyin seroz qisasının əvvəllər keçirilmiş iltihabının əlamətləri aşkar olunur, halbuki, həyatda qoyulan perikardit diaqnozları daha azdır. Qadınlar kişilərə nisbətən daha çox, əsasən 40 yaşa qədər xəstələnirlər.

Perikarditin səbəbləri

Perikardit infeksion və qeyri-infeksion amillərin təsirindən inkişaf edir. İnfeksion perikarditlərə aiddir:

  • qeyri-spesifik kokk perikarditləri – infeksion endokarditin, sepsisin, pnevmoniyanın və b. gedişini ağırlaşdırır;
  • vərəm perikarditləri - ağciyərlərin, sümüklərin, sidik-ifrazat sisteminin vərəmi zamanı, həmçinin, orqan vərəminin bir növü kimi perikard vərəmi şəklində inkişaf edir;
  • virus perikarditləri – virus infeksiyasının (ECHO, Koksaki və s.) ağırlaşması kimi təzahür edir;
  • revmatik perikarditlər.

İnfeksion perikarditlər həmçinin, qarın və qayıdan yatalaq, dizenteriya, bruselyoz, sifilis, kandidozlar və s. zamanı da rast gəlinə bilər.

Son illər klinikada daha çox müxtəlif qeyri-infeksion perikarditlər görünür. Bunlara aiddir:

  • allergik, həmçinin, dərman perikarditləri;
  • birləşdirici toxumanın sistem xəstəliklərində yaranan perikarditlər;
  • autoimmun perikarditlər (miokard infarktlı xəstələrdə, komissurotomiya (qapaq əməliyyatı) keçirmiş xəstələrdə;
  • maddələr mübadiləsinin ciddi pozğunluğu zamanı yaranan perikarditlər;
  • bədxassəli şişlər zamanı yaranan perikarditlər (ağciyər, süd vəzi xərçəngi, mezotelioma, limfomalar və s.).

Perikarditin təsnifatı

Klinik-morfoloji formalarına görə perikarditlər kəskin (6 həftəyə qədər), yarımkəskin (6 həftə - 6 ay), xronik (6 aydan çox), həmçinin, kataral, fibrinoz, eksudativ, adheziv, konstriktiv ola bilər. Ağırlaşmış hallarda ürəyin tamponadası və «zirehli» ürək inkişaf edə bilər.

Perikarditin əlamətləri

Perikarditin simptomları onu törədən əsas xəstəliyin xarakteri və ağırlığından asılıdır. Əsas əlamətlərə ürək nahiyəsində ağrılar, quru öskürək, təngnəfəslik, ürəkdöyünmə, udmanın pozulması, boğulma və s. aiddir. Maye sürətlə yığılarsa, ürəyin tamponadası yaranır; bu, həyat üçün təhlukəli vəziyyətdir, qan təzyiqinin enməsi, ətrafların soyuması və sianozlaşması (göyərməsi), sidik ifrazının azalması baş verir. «Zirehli» ürək inkişaf edərsə, ürəkdöyünmə, təngnəfəslik, qarın nahiyəsinə maye yığılması (assit), qaraciyərin böyüməsi, ayaqlarda ödemlər və s. müşahidə olunur.

Perikarditin diaqnostikası

Perikard diaqnozunun qoyulmasında xəstəyə baxış, ağciyərlərin auskultasiyası, arterial təzyiqin və nəbzin ölçülməsi, döş qəfəsinin rentgenoqrafiyası mühüm rol oynayır. Ən əsas diaqnostik metod isə ürəyin exokardioqrafiyasıdır. Həmçinin, KT və ürək-damar MRT müayinəsi də çox informativdir.

Perikarditin müalicəsi

İlk dəfə aşkar olunan kəskin perikardit zamanı xəstənin hospitalizasiyası və fiziki aktivliyin məhdudlaşdırılması önəmlidir. Ürəyin hemodinamik göstəriciləri monitorlaşdırılmalı və müvafiq dərman müalicəsi aparılmalıdır. Müalicə xəstəliyin klinik-morfoloji formasından asılı olaraq aparılır. Qeyri-steroid iltihab əleyhinə preparatlar, hormonal preparatlar, antibiotiklər (bakterial infeksiya varsa), vərəm əleyhinə terapiya və digər simptomatik müalicə təyin edilir, tamponada zamanı təxirəsalınmaz perikardiosentez (mayenin çəkdirilməsi), yapışqan perikarditlərdə subtotal perikardektomiya (perikardın rezeksiyası, yəni kəsilməsi) icra olunur.

Perikarditin proqnozu

Fibrinoz (quru) perikarditin proqnozu adətən qənaətbəxşdir; 1/4 hallarda quru forma mayeli (eksudativ) perikarditə, nadir hallarda isə konstriktiv perikarditə keçə bilər. Kəskin eksudativ perikardit zamanı sağalma əsasən 2-6 həftə ərzində baş verir. Xəstələrin 15%-də ürəyin tamponadası inkişaf edə bilər. 10-20% hallarda isə xəstəliyin residivləşməsi (geri qayıtması) müşahidə olunur. Proqnoz əsas xəstəliyin (vərəm, şiş, uremiya və s.) xarakterinə, ağırlıq dərəcəsinə və müalicənin adekvatlığına əsasən müəyyən edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az