kriptorxizm və ya enməmiş xaya

Kriptorxizm və ya enməmiş xaya

6998
Müəllif: Uşaq cərrahı, Uzman Vüsal Cəfərov

Paylaşıldı: 25.09.2018
Vüsal Cəfərov

Xayanın enməməsi nədir?

Normalda oğlan uşaqlarında xayalar xayalıqda yerləşməlidir.

Kriptorxizm – oğlan uşaqlarında rast gəlinən və xayanın xayalıqda olmamasına verilən addır. Bu vəziyyət bir tərəfli və ya iki tərəfli kriptorxizm şəklində ola bilər. Xayalığa enməmiş xaya, enmə prosesində qarın içində, qasıq kanalında və xayalığın üst hissəsində qala bilər.

Kriptorxizmin səbəbləri nələrdir?

Bildiyimiz kimi hamiləlik dövründə xayalar qarın içərisindən Gubernakulum adlı toxuma vasitəsi ilə qarın zarı-periton ilə birlikdə xayalığa enir. Normalda hamiləliyin son həftələrində artıq enmə prosesi tamamlanır. Öncə sol, sonra sağ xaya yerinə enir. Xayaların bu endiyi yolda hər hansı bir problem olarsa xaya tam enə bilmir və o səviyyədə qalır.

Diaqnozu necə qoyulur?

Doğum sonrasında diqqətli bir şəkildə xayalıq müayinə edilərsə diaqnoz qoyula bilər. Əksər hallarda isə ailələr özləri uşağın xayalarının xayalıqda olmadığını müşahidə edərək və ya qasıqda şişkinlik şikayəti ilə həkimə müraciət edirlər. Dəqiq diaqnozu uşaq cərrah tərəfindən müayinə edildikdən sonra qoyula bilər.

Əgər xaya əl müayinəsi ilə də hiss edilmirsə nə etməli?

Xayanın əl ilə palpasiya edilə bilməməsi halına – ələ gəlməyən xaya (non palpable testis) deyilir.

Bunun 3 əsas səbəbi var:

  • Xaya qarın içində ola bilər
  • Anadangəlmə inkişaf etməmişdir – Xaya ageneziyası
  • Hamiləlik vaxtı enmə prosesində damarı burularaq çürüməsinə səbəb olmuşdur (İntrauterin testis torsiyonu).

Bu durumda Laparoskopiya edilərək xayanın bu 3 problemdən hansına bağlı enmədiyi dəqiqləştirilir. (işıqlı boru vasitəsilə qarın boşluğu gözdən keçirilir-qapalı metod).

Kriptorxizm necə müalicə edilməlidir?

Əgər bir uşaqda həqiqi enməmiş xaya varsa bu mütləq əməliyyat edilərək xayalığa endirilməlidir. Enməmiş xayada histoloji dəyişikliklər artıq 8 aydan etibarən başlamaqdadır. Buna görə də enməmiş xaya 8 ayından gec olmayaraq cərrahi yolla xayalığa endirilməlidir. Bəzən enməmiş xaya qasıq yırtığı ilə birlikdə rast gəlinir. Bu durumda 8 ayından erkən olaraq qasıq yırtığı ilə birlikdə icra edilə bilər. Hormonal müalicənin xayanın enməsinə heç bir müsbət təsiri yoxdur və tam əksinə ciddi dərəcədə zərərli təsirləri sübut olunduğuna görə istifadə edilməsi qəti qadağandır. Bundan başqa masaj, isti vanna və s. kimi xalq arasında bilinən metodların da heç bir faydası yoxdur. Tək müalicəsi cərrahi yolladır.

Vaxtında əməliyyat edilməzsə hansı fəsadları ola bilər?

Bildiyimiz kimi xayalar kişi cinsiyyət hüceyrələrini – Spermatozoidləri hazırlayan orqanlardır. Bu prosesin normal getməsi və xayaların normal inkişaf etməsi üçün xayalıqdaki tempraturun 35.5-36 dərəcə olması lazımdır. Qasıq kanalında bu tempratur 37 dərəcə, qarın içində isə daha yüksəkdir. Bu o deməkdir ki, xaya, xayalıqda deyilsə yüksək tempraturun təsirindən inkişafdan qalacaq və atrofiya olacaq. Eyni zamanda zədələnmiş xayaya qarşı bədəndə əmələ gələn anticisimlər qarşı tərəfdəki sağlam xaya toxumasını da zədələmiş olacaqdır.

Enməmiş xaya əsasən aşağıda qeyd edilən 6 fəsada səbəb ola bilər:

  • Atrofiya – xayanın inkişafdan qalması;
  • İnfertilitə – dölsüzlük-sonsuzluq;
  • Xayanın travma risqinin artması;
  • Damarlarının öz ətrafında fırlanaraq (torsiyona) qanqrenaya səbəb olması;
  • Gələcəkdə xərçəng xəstəliyinə başlanğıc verməsi;
  • Bu problemlərin isə uşaqda ciddi  psixoloji problemlər yaratması.

Əməliyyat necə planlanır?

Əməliyyat günü səhər xəstəyə əməliyyatdan 5 saat öncədən başlamaqla ağızdan qatı və duru qidalar verilməməlidir. Əməliyyat qabağı son müayinə aparıldıqdan sonra xəstə heç bir proseduru xatırlamasın deyə sedasiya (damardaxili sakitləştirici) edilərk əməliyyat otağına alınır. Əməliyyat, steril şəraitdə, anesteziya altında, uşağın heç bir ağrı hiss etmədiyi şəraitdə aparılır. Əməliyyatdan sonra xəstə qısa bir müddət gözləmə otağı deyilən bir otaqda həkim-anestezioloqun nəzarəti altında izlənilir. 2 saat sonra qida verilən xəstə heç bir problemi yoxsa, ağrıkəsici sirop və ya şam verilərək evə yazılır və 3 gün sonra poliklinika müayinəsinə gəlməsi tapşırılır.

Əməliyyatdan sonrakı müayinələr necə olmalıdır?

Əməliyyat olunan uşağın qasıq nahiyəsində və ya xayalığının alt tərəfində kiçik bir tənzif tampon olur. Bu tamponun nəcis və sidiklə mümkün qədər az çirklənməsinə diqqət edilməlidir. Buna görə də, əgər uşağa bez istifadə edilirsə, bezin tez-tez dəyişdirilməsi tələb olunur. Xəstənin üçüncü gün aparılan müayinəsində həmin tamponlar çıxarılır. Tikişlər içəridən və öz-özünə əriyən olduğına görə, tikişin çıxarılması zərurəti də olmur. Bundan sonra xəstə 3-cü həftə və 3-cü ayda müayinəyə çağrılır və izlənilir.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az