sinə kiçiltmə mammoplastikası

Kiçiltmə mammoplastikası

5398
Müəllif: Uzman Dr. İlyas Axundzadə, plastik, rekonstruktiv və estetik cərrah, FEBOPRAS

Paylaşıldı: 10.09.2017
İlyas Axundzadə

Bu məqalədə süd vəzilərinin həcmini azaltmaq üçün aparılan kiçiltmə mammoplastikası əməliyyatından söz açacağam. Qeyd edim ki, estetik nöqteyi nəzərdən xoş sayılan döşlər simmetrik, döş giləsi vidaci çuxurdan 20-22 sm məsafədə və döşün alt büküşündən 5-6 sm məsafədə olmalıdır. Bundan əlavə döş giləsi döşün ən ön nöqtəsində olmalı və döş büküşü səviyyəsindən yuxarı yerləşməlidir. 

Süd vəzilərinin həcmindəki dəyişmə piylənmə, yaşlanma, hormonal natarazlıq, çoxlu hamiləliklər, irsi və s. səbəblərdən inkişaf edir.

Süd vəzilərin həddindən artıq böyük və sallaq olması qadınlarda bir çox psixoloji və fiziki problemlərə yol aça bilər.

Belə xəstələr çox vaxt döş dərisi ilə sinə divarı arasında səpki və pis qoxudan şikayət edir. Bundan əlavə, xüsusilə yaşa dolmuş xanımlarda böyük döşlər bel-boyun ağrılarına səbəb olur. Cavan xanımlarda həddindən artıq inkişaf etmiş süd vəziləri ağrı mənbəyinə çevrilə bilər. Bütün xəstələrdə bu və ya digər ölçüdə büstqalterin çiyinlərdə iz buraxması müşahidə olunur.

Bədən xətlərinə uyğun olmayan geniş döşlər ümumi ahəngi pozmaqdan başqa paltar seçimində də çətinlik yaradır.

Sadalanan problemlərdən kiçiltmə mammoplastika əməliyyatı ilə qurtulmaq mümkündür. Bu əməliyyat müxtəlif texniki üsullar ilə həyata keçirilir. Buna baxmayaraq bütün üsulları iki böyük qrupa ayırmaq olar. Çox böyük döşləri kiçiltmək üçün areola və döş giləsi bədəndən ayrılır və döşün həcmi lazımi qədər azaldıldıqdan sonra yerinə köçürülür. Bu əməliyyatdan sonra döş gilələrində hissiyyat azalır, lakin əvəzində bir çox fəsadların önü alınmış olur.

Orta boy döşləri kiçiltmək üçün döş giləsinin bədəndən  ayrılmasına ehtiyac yoxdur. Belə hallarda döş giləsi ayaqcıq üzərində yer dəyişir və beləliklə hissiyyatı qorunmuş qalır. Həmçinin bu şəkildə aparılan əməliyyatdan sonra hamiləlik baş versə uşağa süd vermə imkanı qorunmuş olur. Ancaq, onu da qeyd edim ki, hamiləlik və süd vermə dövründə süd vəzisinin həcmi dəyişə bilər və əməliyyatda verilmiş forma itə bilər (Bu halda təkrar əməliyyat lazım ola bilər).

Əməliyyat ümumi narkoz altında təxminən 3 saat aparılır. Sağalma müddətində döş formasını dəstəkləmək üçün xüsusi büstqalter ya da elastik sarğıdan istifadə olunur. Yara izləri tərs dönmüş “T” (ya da qəmi dəmiri) yaxud “I” şəklində olur. Bunlar 5-6 ay ərzində görünməz hala gəlir və ümumiyyətlə, alt camaşırın altında gizli qalır.

Döş kiçiltməsi üçün müraciət edən xanımların çox maraqlandığı suallardan biri də müdaxilənin xərçəng riskinə təsiridir. Bu əməliyyatda vəzi toxuması çıxarıldığı üçün, xərçəng yarana biləcək toxuma az qalır və beləliklə risk azalmış olur. Bununla birlikdə, çıxarılmış toxuma, gizli keçən xərçəngi gözdən qaçırmamaq üçün, mütləq şəkildə patoloji müayinəyə göndərilir. Beləliklə döş kiçiltmə əməliyyatı xərçəng riskini hər bir mənada azaldır.

Əziz xanımlar, sizə gözəllik dolu xoş günlər arzulayıram!

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.