kavernomalar- şiş olmayan beyin damar anomaliyaları

Kavernomalar – şiş olmayan beyin damar anomaliyaları

4234
Müəllif: Uzman neyrocərrah Ruslan Yunusov

Paylaşıldı: 16.05.2018
Ruslan Yunusov

Kavernoma nədir?

Kavernoma – beyin daxilində kiçik və genişləmiş anormal damarlardan əmələ gələn, xarici görünüşə görə böyürtkənə bənzəyən damar anomaliyasıdır. Kavernomaların digər adı da, kavernoz malformasiya və kavernoz angiomadır. Adından da göründüyü kimi kavernomalar damar anomaliyaları olub, törəmə deyillər. Kavernomalar 1-2 millimetrdən bir neçə santimetrə qədər böyüklükdə olurlar və divarları incə olduğuna görə ətraflarına qan sızdıraraq böyüyürlər.

Kavernoma kimlərdə rast gəlinir?

Kavernomalar hər 1000 nəfərdən 5 nəfərində görülür. Həm qadınlarda, həm də kişilərdə eyni sıxlıqda və adətən 20-40 yaşlar arasında rast gəlinir. Həm anadangəlmə, həm də sonradan qazanılma növləri vardır.

Kavernomaların əlamət və simptomları

Əksər kavernomalar kiçik ölçülü olurlar və əlamət  vermirlər. Buna baxmayaraq kavernoması olan insanların 1/3-də əlamətlər əmələ gəlir. Əgər kavernomalar böyüyürlərsə, bu, onların öz içinə və ətraf beyin toxumasına qanaması hesabına baş verir. Əgər daha öncə qanama olmayıbsa, kavernomanın illik qanama riski 1%-dir. Yox əgər daha öncə qanama olubsa, bu zaman təkrar qanama riski ildə 4-25% arasında dəyişir. Kavernomanın qanama riskini artıran tək bilinən səbəb hamiləlikdir.

Kavernomalar aşağıdakı əlamətlərə səbəb olurlar:
 – Qıcolma tutması (əsas əlamət);
 – Baş ağrısı;
 – Əldə və ayaqda iflic;
 – Bulantı və qusma;
 – Yerişin pozulması;
 – Görmə pozğunluğu;
 – Şüur bulanıqlığı, hətta koma və s.;

Kavernomaların ölçüsündən və qanamanın miqdarından asılı olaraq, əgər kavernoma kiçik və qanama azdırsa əlamətlər tez keçir, yox əgər  kavernoma və qanama böyükdürsə o zaman daha ciddi və qalıcı simptomlar əmələ gəlir.

Kavernomaların diaqnostikası

Kavernomaların diaqnostikasında həm kompüter tomoqrafiya, həm də maqnit-rezonans tomoqrafiyadan istifadə olunur. Maqnit-rezonans tomoqrafiya daha üstün müayinə olub, kavernomaların yeri, ölçüsü və sayı haqqında daha dəqiq məlumat verir.

Kavernomaların müalicəsi

Daha öncə də vurğuladığımız kimi əksər kavernomalar əlamət vermirlər. Ona görə də təsadüfən tapılan və yüngül əlamətələr verən kavernomalar sadəcə təqib edilirlər.

Əgər kavernomaya bağlı qıcolma tutması, baş ağrısı kimi əlamətlər varsa, o zaman dərman müalicəsi ilə bu əlamətləri aradan qaldırmaq və ya azaltmaq mümkündür. Amma dərmanlarla müalicənin kavernomaya təsiri yoxdur.

Əlamət verən və dərman müalicəsinə baxmayaraq, əlamətləri keçməyən xəstələrdə kavernomalar əməliyyat olunmalıdırlar. Cərrahi əməliyyat kavernomaların tək effektiv müalicə üsuludur. Əməliyyatla kavernomalar tam çıxarılır və şikayətləri keçən xəstələr öz sağlamlığına qovuşurlar.

Əgər kavernomaların yeri əməliyyat üçün uyğun deyilsə, o zaman şüa terapiyası tədbiq edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.