katarakta nədir kataraktanin müalicəsi  kataraktanın müayinəsi katarakta əməliyyatı

Katarakta və onun müalicəsi

205
Müəllif: Oftalmoloq Ruslan Məmmədov

Paylaşıldı: 19.12.2018
Ruslan Məmmədov

Katarakta haqqında

El arasında “mirvari suyu” adlanan bu xəstəlik ciddi göz patologiyalarından biridir.

Bu zaman göz büllurunun şəffaflığının  tam və ya qismən bulanması baş verir. Katarakta görmə itiliyinin aşağı düşməsi, duman hissinin əmələ gəlməsi ilə müşayiət edilir. Bu, irəliləyən xəstəlik olub, korluğa gətirib çıxara bilər.

Bu xəstəlik haqqında ilk məlumatlara hind həkimi Suşrutun eramızdan 200 il əvvəl yazdığı traktatlarında rast gəlinir. Təəssüf ki, 2000 ildən çoxdur ki, katarakta vacib göz xəsətəliyi kimi aktuallığını qoruyub saxlayır.  

Dünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib ki, əhalinin sürətlə qocalma tendensiyası gələcəkdə kataraktanın daha geniş yayılmasına səbəb olacaq.

Bu baxımdan xəstəlik, vaxtında diaqnostika, daimi kontrol və əlbəttə ki,  adekvat müalicə tələb edir. Nəzərə alın ki, kataraktanın konservativ terapiyası yoxdur, ancaq cərrahiyə vasitəsi ilə götürülə bilər.

Kataraktanın növləri və yaranma səbəbləri hansılardır?

  • Qocalıq kataraktası;
  • Anadangəlmə katarakta;
  • Travmatik katarakta.

Katarkta, əsasən, 40 yaşdan sonra inkişaf etməyə başlayır. 80 yaş ətrafında bu xəstəlik demək olar ki, hamıda qeydə alınır.  

Yaranma səbəbləri kimi, şəkərli diabeti, bəzi kortekosteroid preparatların qəbulunu, əvvəllər keçirilmiş infeksion xəstəlikləri, müəyyən göz xəstəlikləri -  göz travmaları, gözün infeksion xəstəlikləri, irsi faktorlar və s. göstərmək olar.

Kataraktanın əlamətləri bunlardır

  • Görmə itiliyinin tədricən aşağı düşməsi; 
  • Əşyaların təsvirinin yayınıq olması;
  • Rənglərin parlaqlığının və kontrastlığının azalması;
  • Görmənin bulanması;
  • Uzağı və yaxını pis görmək;
  • Büllur tam bulandıqda, korluq yaranır.

Kataraktanın müayinəsi belə aparılır

Diaqnostika həkim-oftalmoloq tərəfindən xüsusi biomikroskop və ultrasəs aparatı vasitəsilə aparılır.

Bundan sonra ümumi müayinə - qanın ümumi analizi, qanda şəkərin miqdarının ölçülməsi, hepatit-B və hepatit-C analizi, EKQ, falüroqrafiya həyata keçirilir.

Katarakta hansı üsullarla müalicə olunur?

Kataraktanın ən effektiv və təhlükəsiz müalicə üsulu tikişsiz mikrocərrahiyyə əməliyyatıdır. Bu zaman bulanmış büllur xaric edilir, onun yerinə süni intraokulyar linza implantasiya olunur.

Köməkçi terapiya kimi, iltihaba qarşı müxtəlif preparatlardan istifadə edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az