katarakta nədir

Katarakta

5791
Müəllif: Oftalmoloq Nigar Musayeva

Paylaşıldı: 14.07.2018
Nigar Musayeva

Katarakta nədir?

Katarakta qüzeyli qişa və bəbəyin arxasında yerləşən büllurun şəffaflığının qismən və ya tamamilə pozulmasıdır.

Katarakta büllurun bulanması olub, görmə itiliyinin düşməsi və görmənin dumanlanması ilə müşayiət olunur.

Büllur fotoaparat obyektivinə bənzəyir. Gənc yaşlarda o, tamamilə şəffaf və elastik olub, işıq şüalarının gözün daxilinə düşməsinə və ani olaraq yaxın və uzaq əşyaların fokuslaşmasını təmin edir.

Yaş keçdikcə büllur tədricən bulanmağa və fokuslaşma qabiliyyətini itirməyə başlayır. 

Katarakta korluq və zəifgörmənin dünyada birinci səbəbidir. 40 yaşından yuxarı hər altı nəfərdən birində büllurun bulanmasının ilkin əlamətləri qeyd olunur, 80 yaşınadək isə katarakta praktiki olaraq hər kəsdə müşahidə edilir.

Kataraktanın simtomları

Görmənin tədricən pisləşməsi ağır hallarda büllur şəffaflığını tamamilə itirir və korluğa səbəb olur.

Müxtəlif pasiyentlərdə xəstəliyin simtomları bulanıqlığın lokalizasiyası ilə fərqlənir. Oftalmoloqlar katarktanı nüvə, kortikal və subkapsulyar formalara ayırd edirlər. Eləcə də kataraktanın - başlanğıc, yetişməmiş, yetişmiş və çox yetişmiş mərhələləri var.

Kataraktanın əsas simtomları:

  • Görmə itliyinin korluğa qədər tədricən zəifləməsi;
  • Görmənin dumanlanması;
  • Əşyaların yayılmış görünməsi;
  • Rənglərin kontrast və parlaqlığının enməsi;
  • Yaxından və uzaqdan görmənin pisləşməsi;
  • Bəzən yaxından görmənin müvəqqəti yaxşılaşması;
  • Parlaq işıq mənbələrinin ətrafında oreolaların əmələ gəlməsi;
  • Bəbəyin rənginin dəyişməsi;
  • Özünüzdə bu simptomların bir neçəsini müşahidə edirsinizsə, mütləq oftalmoloji müayinədən keçin.

Kataraktanın yaranma səbəbləri

  • Orqanizmin qocalması;
  • Ultrabənövşəyi şüalanma;
  • Pis ekologiya;
  • Siqaret çəkmə;
  • Akoholdan sui-istifadə;
  • Qeyri-düzgün qidalanma, piylənmə və hipodinamiya;
  • Hipertoniya xəstəliyi və şəkərli diabet;
  • Kortikosteroid və statinlərin uzunmüddətli qəbulu;
  • İrsi xəstəliklər;
  • Hamiləlik vaxtı keçirilmiş infeksiyalar;
  • Göz xəstəlikləri - uveitlər, iridotsiklitlər, qlaukoma, yüksək miopiya;
  • Keçirilmiş göz əməliyyatları və gözün travması;
  • İşıq və istinin təsiri.

Kataraktanın diaqnostikası

Diaqnostika çətinlik yaratmır, xüsusi biomikroskop vasitəsilə aparılır.

Kataraktanın müalicəsi

Yeganə müalicə üsulu mikrocərrahi əməliyyat vasitəsilə bulanmış büllurun süni intraokulyar linza ilə əvəz olunmasıdır. Bu, təbabətdə ən effektiv və təhlükəsiz əməliyyatlardan biri hesab olunur. 

Hal-hazırda kataraktanın müalicəsində “qızıl standart”  fakoemulsifikasiya üsuludur. Bu zaman ultrasəs vasitəsilə bulanıq büllur kiçik hissələrə parçalanaraq  mikrodəlik vasitəsilə gözdən xaric edilir və onun yerinə süni linza implant olunur.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az