KARDİOGEN ŞOK

KARDİOGEN ŞOK

3352
Müəllif: Kardioloq Günay Novruzova, Əlaqə: (+994) 50 628-68-97

Paylaşıldı: 03.05.2020
Günay Novruzova

Kardiogen şok nədir

Kardiogen şok - ürəyin sol, sağ və ya hər iki mədəciyinin kəskin disfunksiyası nəticəsində toxumaların kritik hipoperfuziyasıdır (qidalanma pozğunluğudur). Bütün kardiogen şok vəziyyətlərinin 60-80%-i miokard infarktı səbəblidir, kardiogen şok miokard infarktlı xəstələrin 5-20%-də rast gəlinir; şokun əmələ gəlməsi üçün miokard kütləsinin 40%-dən çoxu zədələnmiş olmalıdır. 

Kardiogen şokun təsnifatı

Kardiogen şokun aşağıdakı formaları ayırd olunur: reflektor, həqiqi kardiogen, areaktiv, aritmik, miokardın yırtılması ilə.

Xəstənin vəziyyətinin ağırlığından və hemodinamikanın nə dərəcədə kompensə olunmasından asılı olaraq kardiogen şokun 5 mərhələsi təyin olunur: 

1 – A mərhələsi – şokun əlamətləri olmadan «risklərin» olması; toxumaların perfuziyası normaldır, lakin ürəyin yığılma gücündə azalma var;

2 – B mərhələsi - kompensəolunmuş şok; arterial təzyiqin nisbi enməsi və taxikardiya müşahidə olunur;

3 – C mərhələsi – «klassik» kardiogen şok; xəstədə hipoperfuziya əlamətləri başlayır, təxirəsalınmaz tibbi müdaxilə tələb edir;

4 – D mərhələsi - dekompensəolunmuş kardiogen şok; standart tədbirlər xəstənin vəziyyətini stabilləşdirmir, poliorqan (çoxlu orqan) çatmamazlığı qeyd olunur;

5 – E mərhələsi – refrakter şok; xəstəyə ürək-ağciyər reanimasiyası aparılır.

Klinik əlamətlər

Xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir. Huşu qaranlıqlaşmış, hətta tamamilə itmiş ola bilər, bəzən qısamüddətli oyanıqlıq qeyd olunur. Dəri örtükləri solğun-göyümtül, nəmli, soyuqdur. Tənəffüs səthi və tezləşmişdir. Nəbz sapvari, əsasən aritmikdir, bəzən heç hiss olunmur. Ağciyər ödemi zamanı boğulma, təngnəfəslik, öskürək və çəhrayı köpüklü bəlğəm müşahidə olunur. Bəzən qaraciyərin böyüməsi, mədə-bağırsaq sistemində kəskin eroziya və xoralar qeyd olunur. 

Şokun əsas klinik əlaməti 30 dəqiqədən çox davam edən arterial təzyiqin enməsi (sistolik təzyiq <90 mm c.s.), oliquriya (sidik ifrazının kəskin azalması) və ya anuriyadır (sidik ifrazının olmaması). 

Kardiogen şokun diaqnostikası

Diaqnoz klinik əlamətlərə, EKQ, ExoKQ, koronar angioqrafiya müayinələrinə və qanın laborator analizlərinə əsasən qoyulur.

Kardiogen şokun müalicəsi 

Kardiogen şokda olan xəstə təcili olaraq stasionar və ya reanimasion şöbəyə yerləşdirilir, monitor müşahidəsi altına alınır, ağrısızlaşdırma (xüsusən reflektor formada), oksigen terapiyası, trombolitiklərin təyini, aritmiyaların müalicəsi, miokardın yığılma qabiliyyətini artıran dərmanlar, maye köçürülməsi və s. aparılır. 

Dərman müalicəsi effekt vermədikdə təxirəsalınmaz koronar angioqrafiya icra edilir (koronar balon angioplastikası ölümü 40-50% azaldır). Xəstəyə xüsusi cihazların bağlanması və ya ürək-ağciyər reanimasiyasının aparılması tələb oluna bilər.

Proqnoz və profilaktika

Proqnoz əsasən pisdir. Erkən mərhələlərdə xəstəxanaya çatdırılarsa, xəstənin həyatda qalma şansı artmış olur. Kardiogen şokun yaranmasının qarşısının alınması üçün miokard infarktının müalicəsinə ciddi riayət edilməli, vaxtaşırı kontrol müayinələrdən keçilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az