qarında köp meteorizm

Köp (Meteorizm)

14867
Müəllif: Dr. Səbirə Səfərova

Paylaşıldı: 18.08.2017
Səbirə Səfərova

Köp (Meteorizm) - bağırsaqlarda qazların həddən artıq toplanması deməkdir. Qarnın köpməsi, çoxlu miqdarda həzm qazlarının xaric olunması ilə (flatulensiya adlandırılır) müşayiət olunur.

Normada həzm prosesi və mikroorqanizmlərin həyat fəaliyyəti nəticəsində gün ərzində insanın bağırsaqlarında 0,2- 0,9 litrə qədər qaz yaranır. Yetkin insanda bağırsaqların boşalması (defekasiya aktı zamanı) 0,1- 0,5 litr qaz xaric olunur, lakin bu proses normalda hiss edilmir. Meteorizm zamanı qazların miqdarı 3 və ya daha çox litrə çata bilər.

Köp özünü aşağıdakı hallarla biruzə verə bilər:
 - Gəyirmə;
 - Hıçqırma;
 - Mədədə ağırlıq hissi;
 - Qarında qurultular;
 - Qazlar xaric edildikdən sonra yox olan sancı xarakterli ağrılar;
 - Qəbizlik və ishal.

Həddən artıq qaz əmələ gəlmə həzm sisteminin disfunksiyasının göstəricisidir.

Köpün səbəbləri

Hər hansı xəstəlik olmadan:
 - Qida qəbulu və ya danışıq zamanı havanın udulması (aerofagiya);
 - Həddən artıq və gecələr qida qəbulu;
 - Şirniyyatlar və un məmulatlarının həddən artıq istifadəsi;
 - Qaz əmələ gətirən məhsulların çox istifadəsi (paxlalılar, kələm, turp, alma, qazlı sular);
 - Qıcqırma prosesi yaradan məhsulların çox istifadəsi (çörək, kvas, pivə, göbələk);
 - Süd məhsullarının həddən artıq istifadəsi (laktoza tolerantlığı zamanı).

Aşağıdakı xəstəliklər zamanı:
 - Qıcıqlanmış bağırsaq sindromu;
 - Bağırsaq disbakteriozu;
 - Həzm sisteminin digər xəstəlikləri (mədə, mədəaltı vəz, qaraciyər və öd xəstəlikləri);
 - Kəskin bağırsaq infeksiyaları;
 - Bağırsaq parazitləri (“qurdları”);
 - Qazların xaric olmasının pozulmaları (bağırsaq keçilməzliyi, peritonit nəticəsində bağırsağın tonusunun azalması, nevroz);
 - Böyrək daşları və travmaları.

Meteorizmin zamanı iki həftə ərzində:
 
- Çox qaz əmələ gətirən məhsulları rasiondan məhdudlaşdırmaq (xəmir məmulatları, göbələk, paxlalılar, qazlı sular və s.).
 - Müntəzəm qidalanmaq (gün ərzində 3-4 dəfə) lazımdır.

Əgər iki həftə ərzində köpün azalması qeyd olunmursa, o zaman həkimə müraciət etmək labüddür, çünki köp deyil, onu yaradan səbəb müalicə edilməlidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.