hipertoniya yüksək qan təzyiqi haqqında

Hipertoniya - yüksək qan təzyiqi

2562
Müəllif: Terapevt Pərvanə Fətullayeva

Yüksək qan təzyiqi nədir?

Dünya əhalisinin 26 faizində təzyiq xəstəliyi var. Bu xəstələrin də 30 faizi xəstəliklərindən xəbərsizdir, 40 faizi xəstəliklərindən məlumatlı olduğu halda düzgün və ya heç bir müalicə almırlar, belə ki, xəstələrin yalnız 30 faizi adekvat müalicə alaraq təzyiqin fəsadlarından özlərini qoruyurlar. Təzyiq xəstəliyi fəsadlarına görə bu gün qlobal sağlıq problemidir. Yüksək təzyiq üçün əsas hədəf orqanlar ürək, beyin, böyrəklərdir.

Yüksək təzyiq – sistolik təzyiqin 140 mm civə sütununundan, diastolik təzyiqin 90 mm civə sütunundan yüksək olduğu hal hesab olunur.

Təzyiq xəstəliyi yaranmasına görə essensial yəni birincili ola bilər. 90 faiz təzyiqli xəstələrdə birincili təzyiq xəstəliyi olur. 

Yüksək təzyiq xəstəliyinə genetik – irsi meylliliyi olan insanların eyni zamanda düzgün olmayan yaşam tərzi xəstəliyin inkişafı üçün zəmin yaradır. Artıq çəki, duzlu qidaların çox qəbulu, az hərəkətlilik, zərərli vərdişlər – siqaret və alkoqol qəbulu təzyiqin yaranması üçün risk faktorlarıdır. 

Bir də təzyiq xəstəliyi ikincili səbəblərdən olur. Belə ki, böyrək xəstəlikləri, ürək xəstəlikləri, sinir mənşəli problemlər, hormonal pozğunluq fonu təzyiqin yüksəlməsinə səbəb ola bilər.

Yüksək qan təzyiqinin əlamətləri hansılardır?

Əlamətləri başağrıları, başgicəllənmə, halsızlıq, ürəkdə narahatlıq, görmədə pozğunluq, dəridə qızartı və.s. ola bilər. 

Hipertoniya – yüksək təzyiq xəstəliyinin fəsadları insult, miokard infarktı, böyrək çatmamazlığı, görmənin pozğunluğudur. 

Yüksək qan təzyiqinin diaqnostikası

Bir neçə dəfə yüksək təzyiqin ölçülərək qeyd olunması lazıdır. Yüksək təzyiq olduğu məlum olduqdan sonra birincili vəya ikincili hipertoniya xəstəliyi ayırd olunmalıdır. 

Yüksək təzyiqin müalicəsi və profilaktikası

Xəstəliyi aşkar etdikdən sonra yüksək qan təzyiqi ilə mübarizədə düzgün yaşam tərzinə keçmək dərman müalicəsindən də daha çox effektli ola bilir. BKİ-nin (bədən kütlə indeksi) 25-dən yuxarı olması artıq çəki hesab olunur və mütləq çəki azaldılmalıdır.

Düzgün pəhrizə riayət olunmalıdır.

Duz – bədəndə suyun saxlanmasına və təzyiqin artmasına səbəb olur. 

İnsanın gündəlik duza təlabatı 6 qr təşkil edir və duzu emal olunmuş qidaları istifadə edərkən yetəri qədər mənimsəyirik. Yüksək təzyiq xəstələri duzların gündəlik qəbulunu minimuma endirməlidirlər (3 qr.dan az). 

Az hərəkətli həyat tərzi ümumi qan dövranına, orqanların normal fəaliyyətinə zərərlidir və yüksək təzyiq xəstəliyinin yaranmasına səbəb olur. 

Piyada gəzinti, idman hərəkətləri, aktiv həyat tərzi profilaktik məqsədlə çox xeyirlidir.

Zərərli vərdişlərdən – siqaret və alkoqoldan uzaq olmaq vacibdir.

Son zamanlar isə yüksək təzyiqin yaranmasında risk faktorları kimi energetik içkilərin qəbulu və gecə yuxusuzluğu aktualdır.

Müalicədə istifadə olunan dərmanların qəbulu mütəmadi və uzun müddətli ola bilir. Dərmanların düzgün qəbul qaydasına düzgün riayət olunmalıdır.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.