hipertoniya xəstəliyi nədir

Hipertoniya xəstəliyi

46133
Müəllif: Terapevt-kardioloq Faiq Nağıyev

Paylaşıldı: 24.03.2018
Mayomed

Hipertoniya nədir?

Hipertoniya qan təzyiqinin yuxarı olması deməkdir. Bu, müxtəlif səbəblərdən özünü simptom şəklində də özünü göstərə bilər. Eləcə də orqan və üzvlərdə baş verən dəyişkənlik nəticəsində özünü xəstəlik formasında büruzə verə bilər.

Simtomatik hipertoniya və hipertoniya xəstəliyini ayırd etmək vacibdir. Hipertoniya xəstəliyi həm yaşlı, həm də cavan admlarda yarana bilər. Bunun əsas yaranma səbəbləri oturaq həyat tərzi, diyetaya düzgün əməl etməmək, yağlı və duzlu məhsullardan çox istifadə etməkdir.

Daha bir səbəb əsəb sisteminin yüksək gərginliyə məruz qalmasıdır. Hipertoniya xəstəliyi birincili və ikincili olmaqla iki yerə bölünür. Birincili hipertoniya essensial hipertoniya adlanır.

Bu, əsəb sisteminin gərginliyi fonunda əmələ gəlir. Həmçinin, böyrəklərdə baş verən dəyişikliklər nəticəsində də yarana bilər.

İkincili hipertoniya orqanların zədələnməsi nəticəsində baş verir. Məsələn, qalxanabənzər vəzin zədələnməsi, böyrəklərdə baş verən dəyişikliklər, parinxamotoz mənşəli pozuntular, həmçinin, böyrəyin damar sistemində baş verən dəyişikliklər, böyrək arteriyasının stenozu və s.

Bundan başqa, böyürəküstü vəzdə baş verən dəyişkənliklər, patoloji proseslər təzyiqin yüksəlməsinə səbəb ola bilər. Çox yuxarı təzyiqin yaranması feyoxromostoma adlanan böyrəküstü vəzin şişləri zamanı da müşahidə olunur.

Hipertoniyanın simptomları

Hipertoniya xəstəliyi çox zaman simptomsuz keçir. Onu görə də insanlar adətən təzyiqin qalxdığını hiss etmirlər. Təzyiq yüksək olması yalnız xüsusi müayinələrdən sonra aşkar edilir.

Təzyiqin yuxarı olması baş ağrısı, baş gicəllənməsi, əzginlik şəklində özünü büruzə verir. Ağrılar ənsə nahiyəsindən tutaraq, pulsasiya şəklində baş verir. Müəyyən dövrdən sonra görmədə problenlər, vizual pozuntular da yarana bilər. Əgər qan təzyiqinin yüksəlməsi uzun müddət davam edərsə, hipertonik ensofalopatiya əlamətləri üzə çıxa, ürəkbulanma, qusma baş verə bilər.

Hipertoniyanın diaqnostikası    

Hipertoniyanın diaqnostikası ilkin dövrdə xəstənin şikayətlərinin dinlənməsi ilə həyata keçirilir. Hər iki ətrafda qan təzyiqi ölçülür.

Bundan başqa, qanın ümumi analizi aparılır, qanda xolesterin və kreatinin miqdarı müəyyənləşdirilir. Böyrəklərin funksional sınaqları yoxlanılır. Həmçinin, ürəkdə baş verən dəyişiklikləri aşkar etmək üçün elektrokardoqramma olunmalıdır. Belə ki, sol mədəciyin hipertrofiyası əlamətləri aşkar oluna bilər.

Bundan başqa, ehtiyac yaranarsa, exokardioqrafiya edilir.

Hipertoniyanın müalicə metodları

Xəstəlik aşkar edildikdən sonra ilkin dövrdə müşahidə aparılmalıdır. Aşkar olunmalıdır ki, bu simtomatik hipertoniyadır, yoxsa hipertoniya xəstəliyi artıq yaranıb.

Əgər simptomatik hipertoniyadırsa, ilkin olaraq həyat tərzinin dəyişilməsi, duz qəbulunun miqdarının maksimum dərəcədə azaldılması, yağlı yeməklərdən imtina etmək (xolesterini aşağı salmaq məqsədilə), siqaret çəkməmək, spirtli içkilər qəbul etməmək tövsiyə olunur.

Pasiyent müşahidə altına alınır – müəyyən dövrdən bir təzyiqi ölçülür. Bədən çəkisinin aşağı salınması təzyiqin endirilməsində vacib şərtlərdən biridir. Müşahidələr göstərir ki, hər 10 kq çəkinin aşağı salınması təzyiqin 5-7 mm.c.s enməsinə səbəb olur.

Əgər təzyiq normallaşmazsa, 140-90-dan aşağı enməzsə, prehipertoniya müalicəsinə başlamaq olar. İlkin müalicə tiazid diuretikləri ilə aparılır. Xəstəliyin müalicəsində monoterapiya və bir neçə dərmanın kombinasiyasından istifadə oluna bilər.

Sonrakı mərhələdə angioenzim çevirici inhibitorlarından istifadə edilir. Bu qrupdan olan preparatların əlavə təsirlərləri də yarana bilər. Onlar özünü öskürək, qəbizlik və s. kimi göstərir. Lazımi preparat və doza həkim tərəfindən müəyyənləşdirilir və təzyiqə uyğun olaraq, tənzimlənir. Bundan sonra saxlayıcı müalicə seçilir.

Bundan başqa, hipertoniyanın müalicəsində renin inhibitorlarından və reseptor blokatorlarından istifadə edilir.

Xəstəliyin tipindən asılı olaraq, bu dərmanlar  monoterapiya və yaxud da kombinasiya edilmiş formada tətbiq olunur.

Xolesterini aşağı salmaq üçün müxtəlif preparatlardan, qanın laxtalanma sürətini aşağı salan dərmanlardan da istifadə edilir.

Hipertoniyanın profilaktikası

Hipertoniya xəstəliyinin profilaktikası məqsədilə aktiv həyat tərzi keçirmək, yağlı qidalardan az istifadə etmək, heyvan mənşəli yağları məhdudlaşdırmaq və bitki mənşəli yağlara üstünlük vermək, siqaret çəkməmək, spirtli içkilərdən istifadə etməmək tövsiyə olunur.   


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.