hepatit b virusu

Hepatit B virusundan qorunma yolları və peyvənd

10798
Müəllif: Səbirə Səfərova

Paylaşıldı: 09.11.2017
Səbirə Səfərova

Virus hepatitləri barədə daha çox verilən suallardan biri də “hepatit B virusuna qarşı peyvənd olunması vacibdirmi?” sualıdır.

Hazırda dünyada 2 milyard insanın hepatit B virusuna yoluxma faktı qeydə alınmışdır (buraya həmin virus infeksiyasından tamamilə sağalmış şəxslər və sağlam virus daşıyıcıları da aiddir), həmin şəxslərin 350 milyonundan çoxunda xroniki B viruslu hepatit qeydə alınır.

Hepatit B virusuna yoluxma yolları:

 - Qanla və qan preparatları ilə təmas
 - Təsadüfi cinsi əlaqələr
 - Manikür, pedikür, pirsinq, tatuaj, üz qırxılması zamanı sterilizasiya olunmayan alətlərdən istifadə
 - Bəzi tibbi manipulyasiyalar - stomatoloji, ginekoloji və s. əməliyyatlar, o cümlədən sünnət zamanı sterilizasiya olunmayan alətlərdən istifadə
 - Şəxsi gigiyena əşyalarının ikinci şəxslə birgə istifadəsi
 - Məişətdə eyni iynə və şprislərdən istifadə
 - İnyeksion narkomaniya
 - Anadan uşağa hamiləlik, doğuş zamanı və ya südlə

 Hepatit B virusundan qorunma üsulları:

 - Laboratoriyalarda əlcək və eynəklərdən istifadə
 - Cinsi əlaqə zamanı qoruyuculardan istifadə
 - Birdəfəlik və ya sterilizasiya olunmuş alətlərdən istifadə
 - Diş fırçası, qayçı, ülgüc, hamam lifindən fərdi istifadə
 - Qlükometrdə şəkərin ölçülməsi zamanı birdəfəlik iynələrdən istifadə
 - Birdəfəlik şprislərdən istifadə
 - Hepatit B virusuna qarşı peyvənd olunmaqla

Anadan uşağa şaquli ötürülmə üçün virusun yükü və s. kimi amillər əhəmiyyətlidir, həmçinin körpə doğulduqdan sonra ilk saatlarda vurulan peyvənd və ana südünün verilməməsi (əksər tədqiqatlar HBV-nun ana südü ilə ötürülmə faktını qeyd edir) uşağın yoluxmasının qarşısını almağa kömək edir.

Hepatit B virusunun sürətlə yayıldığı dövrdə bu virusa qarşı peyvənd olunmadan real mübarizə aparmaq çətindir. 1981-82-ci illərdə həmin virusa yoluxmuş şəxslərin qan zərdabından alınan ilk peyvəndlərin istehsalına başlanılmışdır. Lakin həmin peyvəndlərin bir sıra yan təsirləri - insan qanının digər zülal tərkiblərinə qarşı reaksiyalar, o cümlədən B viruslu hepatit yaratma epizodları yeni və daha təhlükəsiz peyvəndlərin axtarışına təkan vermiş oldu. Çox keçmədən – 1987-ci ildə maya göbələklərində rekombinant DNT-nin gen modifikasiyası texnologiyaları əsasında hazırlanmış və bəzən “gen mühəndisliyi peyvəndi” adlandırılan peyvəndlərin sənaye istehsalına başlanıldı. Bu peyvəndlərin çatışmazlığı – peyvəndin tərkibindəki maya zülallarının tamamilə xaric edilə bilməməsi olsa da (maya zülallarına qarşı allergiya), əsas üstünlüyü – virusun özünün deyil, onun yalnız səthi antigeninin əldə edilməsi və beləliklə də, peyvənddən sonra xəstəliyin yaranma ehtimalının ləğv edilməsi oldu. Sadə dildə desək, hazırki peyvəndlər özündə virus “saxlamadığı” üçün, peyvənddən sonra B viruslu hepatit yarana bilməz.

Hazırda Ümumdünya Səhiyyə Təşkilatının təlimatına görə dünyanın 160-dan artıq ölkəsində, həmçinin Respublikamızda uşaqların hepatit B virusuna qarşı erkən dövrdə vaksinasiyası (peyvənd) aparılır. İlk vaksinasiya körpə doğulduqdan 12 saat sonra, növbəti dozalar müəyyən sxemlər üzrə (ÜST-nın təlimatına uyğun olaraq xüsusi hallar istisna edilməklə, 45 yaşa qədər insanların hamısına göstərişdir) aparılır.

Hepatit B virusuna qarşı peyvənd həm də Delta hepatit virusuna yoluxma riskindən qorunmaq deməkdir.

Lakin peyvənddən əvvəl qanda mütləq hepatit B virusunun markerləri təyin olunmalı, həkimin göstərişi ilə peyvəndə qərar verilməlidir. Çünki bəzi şəxslər özləri də bilmədən (“sarılıqsız” formada) bu infeksiyaya yoluxmuş ola bilər (bu halda peyvəndin qoruyucu reaksiyası yoxdur və vurulması əhəmiyyətsizdir) və ya elə həmin formada bu infeksiyanı keçirib sağalmış ola bilərlər (bu halda həmin infeksiyaya qarşı “təbii və daimi” immunitet formalaşdığından, peyvəndə ehtiyac yoxdur).

Həmçinin bilmək lazımdır ki, peyvəndlərin təlimatında 10-20-% hallarda qoruyucu immunitetin yaranmaması barədə məlumat vardır, peyvəndin müvafiq dozalarından sonra müəyyən müayinələrin təyini ilə bu immunitetin formalaşmasına həkim tərəfindən nəzarət edilməlidir. Orqanizmin immun vəziyyətindən asılı olaraq vurulmuş peyvənd həmin virusa qarşı immuniteti formalaşdırmaya bilər, bu halda həkimin göstərişi ilə bir peyvəndin digəri ilə əvəz edilməsi mümkündür.

Peyvəndin vurulmasına əsas əks-göstərişlər maya göbələyinə qarşı allergiya (nadirən rast gəlinir) və peyvəndin planlaşdırıldığı dövrdə “soyuqdəymə” əlamətlərinin olmasıdır (hazırki peyvəndlərdən sonra normalda temperatur reaksiyaları olmur, lakin “soyuqdəymə” və qrip halları zamanı bədən temperaturunun keçici yüksəlməsi müşahidə edilə bilər).

Sonda vurğulamaq vacibdir ki, peyvəndin vurulma vaxtlarını təlimatlara uyğun olaraq yenə də həkim nəzarəti ilə həyata keçirmək lazımdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.