Helikobakter pilori
Tez-tez qarnınızda ağrılar olur? Sizi ürəkbulanma, yeməkdən sonra ağırlıq hissi və gəyirmə narahat edir? Ehtimal ki, mədə-bağırsaq traktınızda kiçik, lakin aqressiv bir bakteriya – Helikobakter pilori məskunlaşıb. Helikobakter pilor patogen bakteriyaların bir növü olub, mədə və on iki barmaq bağırsağı zədələyir.
Bu mikroorqanizmlər çoxlu miqdarda toksin ifraz edən parazitlərdir və onlar daxili orqanların selikli qişasını zədələyir. Həmin zədələnmələr iltihablara və qastritə, xoralara və bunun da nəticəsində xərçəngə gətirib çıxara bilər. Bu günə məlum olan mikroorqanzmlərdən çoxu mədənin turş mühitində yaşaya bilmir, lakin helikobakter üçün bu mühit, əksinə, əlverişlidir.
Helikobakter pilori açıq havada qətiyyən yaşaya bilmir. Bir qayda olaraq, onlar insana ağız suyu və kontak zamanı selikli qişa vasitəsilə keçir. Adətən yoluxma məişət yolu ilə - qab-qacaq və şəxsi gigiyena vasitələri ilə baş verir.
Risk qrupuna daha çox xəstə ilə kontaktda olan yaxınları daxildir.
Qida borusu vasitəsilə mədəyə düşən bakteriya turş mühitin təsirinə baxmayaraq ölmür, asanlıqla selikli qişaya daxil olub toxumaları dağıdır, bu isə normal fəaliyyəti əngəlliyir. Bu zaman mədənin selikli qişası iltihablanır, daha sonra eroziya, qastrit və xoralar yaranır. Hesab olunur ki, bakteriya vaxtında müalicə olunmazsa, mədə xərçənginin əmələ gəlmə riski əhəmiyyətli dərəcədə artır.
Xelikobakter pilorinin əsas əlaməti mədə nahiyəsində tez-tez yaranan möhkəm ağrılardır. Ağrılar adətən acqarına yaranır və qida qəbulundan sonra azalır. Bu simptomlar mədə divarlarında xora və eroziyalardan xəbər verir.
Qeyd etmək lazımdır ki, helikobakterə yoluxmuş pasiyentlər tez-tez gəyirmə və mədədə ağırlıqdan da şikayətlənirlər, həmçinin, yağlı ət qəbulu zamanı onun pis həzm olunması da müşahidə edilə bilər. Bundan başqa, ürəkbulanma, nadir hallarda qusma qeydə alınır.
Bəzi pasiyentlərdə hilikobakterə yoluxduqdan sonra müəyyən simptomlar müşahidə edilməyə də bilər. Bakteriyanı aşkara çıxarmaq üçün xüsusi testlərdən istifadə olunur. Histoloji və xüsusi ureaz analiz helikobakterin aşkar olunması üçün göstərişdir. Xüsusi ureaz test effektiv ekspres-metod hesab olunur.
Xüsusi nəfəs testi qeyri-invaziv və təhlükəsizdir. Onun vasitəsilə mikroorqanizmlərin selikli qişadakı kolonizasiya səviyyəsini asanlıqla müəyyənləşdirmək mümkündür.
Müxtəlif histoloji metodlar bioptatlardakı helikobakterlərin tez bir zamanda üzə çıxarılması üçün nəzərdə tutulub. Bu üsulla həm də morfoloji dəyişiklikləri qeydə almaq olur.
Helikobakterin diaqnostikası məqsədilə immunoloji, mikrobioloji metodlardan, zəncirvari polimer reaksiyadan, habelə antigenin nəcisdə təyin edilməsindən də istifadə olunur. Bir qayda olaraq, qan və endoskopiyanın nəticələri analizə götürülür, həmçinin, nəfəs və nəcis tədqiq edilir.
Helikobakter pilorinin müalicəsi zərərli mikroorqanizmlərin məhv edilməsinə yönəldilmiş uzunmüddətli, kompleks terapiya tələb edir. Selikli qişadakı bütün eroziya və xoraların tam sağalması üçün məhz bu cür yanaşma lazımdır. Xəstəliyin simptomları özünü büruzə verməsə belə, bu hələ tam müalicə sayılmır.
Çünki bu bakteriyalar uzun müddət mədə divarlarında passiv vəziyyətdə qalaraq heç bir simptom verməyə bilər.
Helikobakter infeksiyasının bütün müalicə sxemləri özündə ən azı üç dərman preparatı birləşdirir. Bir qayda olaraq, buraya iki antibiotik və xüsusi proton inhibitoru aiddir.
Mövzu ilə bağlı video:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.