haymor cibi kistası

Haymor cibi kistasının xaric olunması, nə etməli?

22509
Müəllif: PhD Dr. Səid Allahverdiyev

Paylaşıldı: 16.08.2017
Səid Allahverdiyev

LOR (qulaq-burun-boğaz) həkimi öz praktikasında tez-tez yuxarı çənə (haymor) cibi kisti (YÇC) ilə rastlaşır. Ümumiyyətlə, kist hər hansı bir simptomlar bildirmir vı profilaktik müayinə zamanı təsadüfən aşkar edilir. Bir qayda olaraq simptomlar böyük kist hallarında meydana gəlir.

Bəs kist nədir?  - Yuxarı çənə cibi divarlarına birləşmiş və çox nazik qabıqla əhatə edilən kəhrəba rəngli maye ilə doldurulmuş boşluqdur.

Kistin əmələ gəlmə səbəbi  - Yuxarı çənə cibi sahəsində selik ifraz edən (normada) vəzinin tutulmasıdır. Həmin hal yuxarı çənə cibinin selikli qişasında tez-tez yaranan burun axıntısı, allergik rinit, arası kəsilməyən haymorirlərlə müşayiət olunur.

Yuxarı çənə cibi kistinin simptomları - yanaq, göz, yuxarı dişlər nahiyələrində ağırlıq, baş ağrıları, burun tutulması, geriyə burun-udlağa axan selikli ifrazatlatlar, uzun müddət davam edən burun axıntısı.

Diaqnoz - burun ətrafı ciblərdə dairəvi tündləşmələr müşahidə edilməklə rentqen yaxud kompyuter tomoqrafiyası əsasında qoyulur. Bəzi hallarda rentgen qənaətbəxş səviyyədə məlumatlı deyil. Kompyuter tomoqrafiyası isə daha dəqiq diaqnoz qoymaq və kistin ölçüsünü, yerləşmə və birləşmə yerini müəyyən etməyə imkan verir.

Yuxarı çənə cibi kistinin müalicəsi  yalnız cərrahi əməliyyat vasitəsi ilə həyata keçirilir. Yuxarı çənə cibi kistin endoskopik cərrahiyyə yolu ilə xaric olunması ən müasir və təhlükəsiz müalicə üsuludur. Bu əməliyyat əsasında  yuxarı çənə cibinin təbii anasmoza (buruna açılan kist cibi dəliyinə) daxil olmaq (bayır tərəf kəskləri olmadan), onu genişləndirmək və xüsusi alərlərlə kisti xaric etmək mümkündür. Adətən əməliyyat zamanı kist açılır, onun məzmunu boşaldılır, daha sonra kist qabığının təkrar əmələ gəlmə imkanının qarşısını almaq məqsədi ilə tamamilə xaric edilir. Əməliyyat günündə 3-4 saat ərzində palatada müşahidə olduqdan sonra xəstə evə buraxılır. Əməliyytdan sonrakı qanaxmanın qarşını almaq üçün özü əriyən  hemostatik süngərlərdən (tamponlar əvəzinə) istifadə olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.