hamiləlik və hepatit c

Hamiləlik və hepatit C

8131
Müəllif: Qastroenteroloq Emin Verdiyev

Paylaşıldı: 14.05.2018
Emin Verdiyev

Hər bir gələcək ana dünyaya sağlam və möhkəm uşaq gətirməyi arzulayır. Ona görə də bir çox qadınlar hələ hamiləlikdən əvvəl müxtəlif müayinələrdən keçirlər ki, hamiləlik vaxtı hər hansı bir xəstəliyin uşağa keçmə riskini istisna etsinlər. Qadınları narahat edən təhlükəli xəstəliklərdən biri də hepatit C virusudur. Həqiqətən də hamiləlik və hepatit C çox arzuolunmaz bir vəhdətdir. Belə ki, xəstəliyin uşağa keçmə riski yüksəkdir. Hepatit C anadangəlmə qüsurlara səbəb olmasa da, bəzən uşaqlar qaraciyərin iltihabı əlamətləri ilə dünyaya gəlirlər. Həklimlər hepatit C-ni “mülayim qatil” adlandırırlar. Çünki xəstəliyin kəskin dövründə simtomlar özünü ya əhəmiyyətsiz dərəcədə bildirir, ya da ümumiyyətlə göstərmir. Lakin zaman keçdikcə hepatit xroniki hala keçir, daha sonra sirroz və hətta xərçəng yaranmaq riski ortaya çıxır.   

Hamiləlik zamanı hepatit C-nin xüsusiyyətləri

Qadın hamiləlik dövründə hepatit C-yə yoluxduqda iltihabi əlamətlər özünü göstərməyə bilər və ya əlamətlər zəif ifadə olunduğundan buna fikir verməyə bilər. Lakin virus tədricən qaraciyər hüceyrələrini sıradan çıxarır, bu da bəzən intoksikasiyaya səbəb olub, düşük hallarına təkan verə bilər.

Ayrı-ayrı tibbi göstəricilərə görə hamiləlik hepatit C-nin kəskinləşməsinə şərait yarada bilir. Əgər kəskinləşmə olmazsa, xəstəlik özü bir qayda olaraq, ananın və dölün vəziyyətinə mənfi təsir göstərmir. Lakin uzun müddətdən sonra (3-5 ildən çox) hamiləliyin pozulması hallarına daha çox rast gəlinir. Hepatit C 90% hallarda xroniki prosesə çevrilir. Hepatitin xroniki forması yoluxma anından 6 ay sonra inkişaf edir, kəskinləşmə və remissiya dövrləri ilə xarakterizə olunur.  

Hepatitə bətndaxili yoluxma

Hepatit C virusu uşağa doğuş vaxtı nadir hallarda keçir, bu, əsasən, hamiləlik dövründə baş verir. Bu zaman xəstəlik döldə oksigen çatışmazlığına səbəb olan plasentanın inkişafını ləngidə bilər. Qeyd etmək lazımdır ki, hepatitli anaların dünyaya gətirdiyi uşaqların qanında əksər hallarda virusa qarşı antitellər aşkar edilir, hansı ki, uşağın 2 yaşının ortalarında yox ola bilər. Lakin onlar 18 aydan sonra aşkara çıxarsa bu, xəstəliyin mövcudluğuna dəlalət edir.    

Uşaqda hepatit C-nin olmasını həmçinin, dolayı yolla qaraciyər iltihabını əks etdirən ferment yüksəlməsi, virusun RNT testinə 2 dəfə müsbət cavab (uşağın 3 və 6 aylığında aparılır) da göstərir. Ana və uşaqda hepatit C virusunun eyni genotipi perinatal yoluxmanı təstiqləyə bilər.

Hamiləlik zamanı hepatitin müalicəsi

Xəstəliyin terapiyası bir neçə mütəxəssisin – hepatoloq, mama-ginekoloq və immunoloq tərəfindən həyata keçirilməlidir. Hamilə qadınlara hepatit C virusunun müalicəsi yalnız xəstəliyin əlamətləri ifadə olunduqda təyin edilir, belə ki, xəstəliyin ən pik dövrü ağır intoksikasiya ilə müşayiət olunur ki, bu da düşük riski yaradır.   

Qalan hallarda həkimlər ana və uşağın vəziyyətinin müşahidə taktikasını seçirlər. Həm də iş ondadır ki, hepatit C zamanı təyin edilən əsas virus əleyhinə preparatlar yan təsirlərinə görə hamiləliyə əks-göstərişdir.     

Bəzi həkimlər  parenteral qrup interferonlardan istifadə etməkdən də imtina edirlər, belə ki, onlar da çoxsaylı yan təsirlərinə görə hamiləlik dövründə əks-göstərişdir.

Hepatit C-dən əziyyət çəkən əksər qadınlar hamiləlik və uşaq dünyaya gətirməkdən qorxurlar. Qeyd etmək lazımdır ki, bu xəstəlik normal  hamiləlik və doğuşa əks-göstəriş deyil. Hepatitin müasir müalicə və profilaktika metodları kəskin proses və ağırlaşma riskini əhəmiyyətli dərəcədə aşağı salır. Ən əsası odur ki, hamiləlik dövründə sağlamlığınıza diqqətlə nəzarət edib, vaxtında lazımi müayinələrdən keçəsiniz. Bu, hepatit C-nin aktivliyini müəyyən etməyə və adekvat terapiya təyin etməyə şərait yaradır. Nəticədə qadın xəstəliyi daha asan keçirir və virusun uşağa keçmək ehtimalının qarşısı alınır.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.