EXOKARDİOQRAFİYA

EXOKARDİOQRAFİYA

2703
Müəllif: Kardioloq Günay Novruzova, Əlaqə: (+994) 50 628-68-97

Paylaşıldı: 09.05.2020
Günay Novruzova

Exokardioqrafiya – ultrasəs diaqnostika üsulu olub, ürəyin və onun qapaq aparatının morfoloji və funksional dəyişikliklərini öyrənir.

Exokardioqrafiyanın növləri 

Exokardioqrafiyanın bir neçə növü vardır. Ən geniş yayılmış metod transtorakal, yəni döş qəfəsi üzərindən aparılan müayinədir. Bu, qeyri-invaziv (yəni damar daxilinə müdaxilə etmədən) metod olduğu üçün aparılması çox sərfəli və asandır. Portativ (daşınıla bilən) aparatlar vasitəsilə transtorakal exokardioqrafiya xəstənin yatağı başında da aparıla bilər. 

Digər metod tranezofagial (qida borusundan keçməklə) exokardioqrafiyadır. Bu, yarıminvaziv üsuldur, belə ki, xəstənin qida borusuna ürək səviyyəsinə qədər ucunda exokardioqrafik datçik olan xüsusi zond yeridilir və yalnız stasionar şəraitdə yoxlanılır. Bəzən xüsusi göstərişlər olduqda və ya xəstə zondu udmaqda çətinlik çəkdikdə müayinə xəstənin qısamüddətli səthi yatırılması (sedasiya) ilə aparılır. Transezofagial exokardoqrafiya xüsusi göstərişlər zamanı, məsələn səyrici aritmiyada, bəzi qapaq xəstəliklərində və s. həyata keçirilir.

Ürəyin damardaxili ultrasəs müayinəsi invaziv üsuldur, ucunda xüsusi miniatür datçik olan koronar kateter periferik arteriya və ya venalardan keçərək ürək kameralarına, koronar arteriya və venalara, ağciyər arteriyasına daxil edilir. Aydındır ki, bu müayinə yalnız stasionar şəraitdə, xüsusi təchizatlı laboratoriyada və müəyyən göstərişlər olduqda aparılır.

Transtorakal exokardioqrafiya necə aparılır

Müayinə alaqaranlıq otaqda aparıldıqda görüntü daha aydın olur. Pasiyent sol böyrü üstə uzanır, sol dirsəyini başının altına qoyur, sağ qol sərbəstdir. Həkim xəstənin sağ tərəfində oturur (sol tərəf də olar). Bir əllə datçik pasiyentin döş qəfəsi üzərində, ürəyin exokardioqrafik görüntüləmə nöqtələrində gəzdirilir, digər əllə cihazın üzərindəki düymələr tənzimlənir. Həkimin diqqəti monitordakı ürək görüntüsündə olur. Datçikin yerini, bucaq ölçüsünü dəyişməklə lazım olan görüntü alınır. 

Bəzi hallarda görüntünün keyfiyyəti aşağı ola bilər. Məsələn xronik obstruktiv ağciyər xəstəliyi zamanı və ya süni ventilyasiya aparatına bağlı xəstələrdə, piylənmə və döş qəfəsinin deformasiyalarında müayinənin aparılması çox çətinləşir. Müayinənin müddəti görüntünün keyfiyyətindən və patologiyanın ağırlığından asılı olaraq 20-30 dəqiqə arasında dəyişir, bəzi hallarda 45 dəqiqəyə qədər uzana bilər. 

Doppler exokardioqrafiya

Exokardioqrafiya ürək strukturlarının morfologiyasını görüntüləməklə yanaşı, onların hərəkəti və parametrləri haqqında da məlumat verir. Qan dövranı sürətinin doppler müayinəsi qapaq və anadangəlmə qüsurlar haqqında çox vacib informasiya verir. Doppler ölçmələri əks olunan siqnalın tezliyinin dəyişilməsinə görə obyektin hərəkət sürətinin hesablanmasına əsaslanır. Adətən dopplerdə tezlik dəyişməsi insanın eşidə biləcəyi səs diapazonunda olduğu üçün exokardioqraf bunları səsə çevirib təqdim edə bilir. Doppler rejimin 3 növü vardır: impuls, daimi dalğa və rəngli rejimlər. 

Toxuma doppleroqrafiyası - ürək toxumalarından alınan yüksək amplitudlu və aşağı sürətli ultrasəs impulslarının analizidir. Bu metod əsasən miokard funksiyasını qiymətləndirmək üçün istifadə olunur. Sol mədəciyin zirvədən ürəyin əsasına doğru ölçülən toxuma doppleri onun sistolik və diastolik funksiyası haqqında ümumi məlumat verir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az