dodaq dolğusu

Dodaq dolğusu

21462
Müəllif: Kosmetoloq Nüşabə Ağayeva

Paylaşıldı: 16.08.2019
/papers/dodaq-dol%C4%9Fusu-44455?locale=az

Dodaq dolğusu nədir?

Sosial sorğuların nəticələrinə  görə hər ikinci xanım dodaqlarının quruluş formasından və ölçüsündən narazıdır, hər üçüncü xanım isə dodaqlarını daha konturlu və dolğun etmek istəyir. Sevindirici haldır ki, artıq    dodaqlarda hiperhəcm dəbi keçir və təbii görüntülü dolğun dodaqlar trendi yaranır. Dodaqların formasını korreksiya etmək və dolğunlaşdırmaq üçün dolğulardan istifadə olunur.

Dodaq dolğusu proseduruna göstərişlər:

-Anadangəlmə və qazanılmış  dodaq assimetriyası
-Çox nazik dodaqlar
-Anadangəlmə və posttravmatik çatışmazlıqların korreksiyası
-Ağız ətrafı əmələ gələn mimik qırışların hamarlaşdırılması
-Ağız bucaqlarının düşməsi , dərin qırışlar ,
 ağız ətrafı dərinin sallanması.

Dodaq dolğusu proseduruna əksgöstərişlər:

-onkoloji xəstəliklər
-xroniki birləşdirici toxuma və qan xəstəlikləri
-epileptik tutmalar
-yeni keçirilmiş infeksion xəstəliklər
-ağızda və ağız ətrafı nahiyədə iltihab əlamətləri ( herpes, sizanaq və.s )
-hamiləlik və laktasiya dövrü
-dodaqda çapıqlaşmış yaralar

Siz de dodaqlarınızı dolğu vasitəsilə korreksiya etmək qərarına gəlmisinizsə, dolğular haqqında bir-neçə məlumatı bilməlisiniz:

1.Ən əsas düzgün dolğunun seçilməsidir.

Dolğunun seçilməsi əsasən onu hansı məqsədlə etməyinizdən asılıdır. Dodaq üçün ən yaxşı dolğular hialuron turşusu əsasında hazırlanır. Hialuron turşusu orqanizmin özündə də hazırlanır. Bu maddə dərinin nəmliyinə, möhkəmliyinə, elastikliyinə cavabdehlik daşıyır, dəri hüceyrələri tərəfindən kollagenin istehsal edilməsinə kömək edir. Hialuron turşusu orqanizm üçün “doğma” olduğu üçün ondan istifadə edilməsi zamanı allergik reaksiyanın əmələ gəlməsi ehtimalı az olur.

2. Dodaq dolğusunun effekti nə qədər qalır?

Dodaq həcmləndirmə və formalaşdırmaqda istifadə edilən dermal dolğu inyeksiyası qalıcı deyil. Bu dolğular orqanizm tərəfindən tədricən sorulur. İnsanın həyat tərzi və fiziki quruluşu, xarici şərtlər dodaq doldurulmasının müddətini müəyyən edir.Hialuron turşusu əsaslı dodaq dolğularının effekti  həmçinin istifadə olunan preparatdan asılı olaraq da dəyişir və 6-8-10-12 ay davam edir. Ilk dəfə vurulan dolğunun 30%-i daha tez sorulur. Sorulma prosesi həmçinin pasientin orqanizminin individual xüsusiyyətlərindən asılıdır.

3. Dodaq dolğusu proseduruna hazırlıq.

Prosedurdan 1 həftə öncə aspirin, ibuprofen, balıq yağı, vitamin E preparatlarının  və alkoqol qəbulu dayandırılmalıdır. Həmçinin menstural siklin ilk günlərində də prosedur olmaz.Bu prosedur sonrasi göyərmə hallarını minimallaşdırmağa kömək edir.

4. Dodaq dolğusu necə olunur ?

Prosedurdan əvvəl həkim-kosmetoloq pasientin özü ilə müzakirə etməklə “dodaqların formasını” seçir. Daha sonra həkim dodaq nahiyələrini iynə vurmaqla və ya xüsusi anestetik kremlərdən istifadə etməklə ağrısızlaşdıraraq, nazik iynələrlə hazır olan preparatı dəri altına yeridir. Dodaq ölçülərinin artırılması proseduru orta hesabla 30-dəqiqəyədək davam edir.
Prosedur icra olunduqdan dərhal sonra nəticə verir, güzgüyə baxanda dəyişiklik dərhal fərq edilə bilər. İnyeksiya ilə bağlı bir miqdar şişkinlik yarana bilər və maksimum 2-3 gün davam edə bilər .

Prosedurun nəticəsini yalnız bir neçə gündən - dodaq nahiyəsindəki şişkinlik keçdikdən sonra, tam şəkildə qiymətləndirmək olar.

Dodaq dolğusu prosedurundan sonra tövsiyyələr :

-Prosedurdan sonra 3-4 saat ərzində isti və kəskin qida qəbul etməmək;
-Dodağa toxunmamaq;
-Aktiv mimik hərəkətlər etməmək;
-12 saat ərzində dekorativ kosmetikadan istifadə etməmək;
-5 gün ərzində sauna, basseyn , aktiv idman hərəkətləri etməmək;
-Göyərmə və şişkinlik hallarında xüsusi məlhəmlərdən istifadə etmək;
-Prosedurdan 2 həftə sonra təkrar müayinəyə gəlmək.