diz ağrısı hər yaşda görülə bilər

Diz ağrısının səbəbi nədir?

3063
Müəllif: Travmatoloq-ortoped uzman dr. Şəhriyar Fətullayev

Paylaşıldı: 25.06.2018
Şəhriyar Fətullayev

Diz ağrısı hər yaşda görülə bilər

Dizlər aşırı dərəcədə yükləndikdə oynağın qığırdaqlarında yumşalma və incəlmə kimi degenerativ dəyişikliklər meydana gəlir – xalq arasında buna kirəclənmə də deyilir. Bununla yanaşı dizin əsas strukturlarından olan menisklərdə də eyni proses inkişaf edir. Bütün bunlar gecə yuxudan oyandıran ağrılar, istirahət vəziyyətindəykən ağrılara səbəb olur. Hərəkət məhdudluğu da digər problemlərdən biri sayılır. Bunlar daha çox irəli yaşlı insanlarda, xüsusən 55 yaşdan yuxarı qadınlarda daha tez-tez rastlanan şikayətlərdir. Bu xəstələr arasında eyni zamanda morbid obezlikdən (şişmanlıqdan) əziyyət çəkən insanlar da vardır. Dizlərimizdən biomexaniki olaraq çəkimizin 10 misli qədər yük keçir. Ona görə bədən - kütlə indeksindəki pozuntular dizin bu tipli degenerativ dəyişikliklərini sürətləndirir.

Gənc insanlarda isə daha çox diz ağrısının səbəbi qığırdaq degenerasiyalarından (kirəclənmə) daha çox meniskial problemlərə bağlı meydana gəlir. Xüsusən futbol oynadıqdan sonra, ağırlıq qaldırdıqdan sonra menisklərə minən yük artdığı üçün onlarda degenerasiya və yırtılmalara səbəb olur. Bunlar isə gələcəkdə dizlərdəki qığırdaqların zədələnməsinə gətirib çıxarır.

Uzun müddət dizi bükük oturmaq olmaz

Anatomik xüsusiyyətlərindən asılı olaraq uzun müddət dizlərin bükülərək üzərində oturulmasını məsləhət görmürük. Bu tipli hərəkətlər daha çox inşaat işçilərində və ev xanımlarında rastlanır. Diz önündə və arxasındakı ağrıların yaranmasına səbəb olur.

Bundan başqa sərt zəmində idman məqsədilə uzun müddət hərəkət etmək dizin yüklənməsini artırır. Bunlar da gələcəkdə dizlərdə ağrıya səbəb olan dəyişikliklər yaradır.

Mümkünsə yerimək və ya qaçmaq üçün uygun zəmin seçmək lazımdır, parklarda otlar üzərində, əsnəyə bilən zəminlərdə.

Həyatı asanlaşdırmaq sizin əlinizdədir.

Diz ağrısının qarşısını almaq çox zaman insanların öz əlindədir. Dərmanlar – fizioterapiya – əməliyyat yerinə həyat tərzini dəyişdirmək lazımdır.

Diz ağrısının qarşısını almaq üçün aşağıda göstərilənlərə əməl edin

  • Oturaq tualetlər yerinə tualet stullar seçmək;
  • Yerdə yemək yemə vərdişlərini masada oturmaqla əvəzləmək;
  • Dizləri bükərək üzərinə oturmaq vərdişlərini tərgitmək;
  • Xüsusən yaşlı insanların pilləkan istifadəsi yerinə liftlərdən istifadə etmək;
  • Mümkün olduğu qədər yoxuşlu yollar yerinə düz yollardan istifadə etmək lazımdır.

Diz ağrısında ən son seçim cərrahi müdaxilədir

 Xəstələr diz ağrıları ilə həkimə müraciət etdikdə öncə ağrının səbəbi araşdırılır. Əgər ağrıya səbəb olan anatomik strukturda kobud mexaniki dəyişiklər yoxdursa, konservativ müalicə üsulları – həyat şəklini dəyişdirmək – fizioterapiya – dərman müalicəsi aparırılır. Bütün bunlara rəğmən ağrılar getdikcə şiddətlənirsə və ya keçmirsə yenə də əməliyyatın tenikası xəstənin həyat şəklinə – məsləyinə – aktivlik səviyyəsinə – ağrının səbəbinə görə dəyişilik göstərir.

Gənc xəstələrdə meniskial problemlərə bağlı ağrılarda daha çox qapalı artroskopik əməliyyat – irəli yaşlı xəstələrdə isə açıq əməliyyatlar – endoprotezləşdirmə texnikası seçilir.

Diz qapağı çıxıqlarına – ön və arxa çarpaz bağ yaralanmalarına və s. bağlı meydana gələn diz ağrıları varsa bağ rekonstruksiyaları artroskopik və mini açıq əməliyyatlar icra edilir.

Həkimə nə vaxt getmək lazımdır?

  • Dizə yüklənərkən ağrılarınız artırsa;
  • Hərəkət məhdudluğunuz varsa;
  • Diziniz qarşı dizlə müqayisədə şiş isə;
  • Dizinizdə deformasiya (əyilmələr) hiss etdiyinizdə;
  • Travma sonrası "boşluğa basma hissi" kimi daha əvvəl olmayan şikayətlər olduqda;
  • Pilləkən enərkən və çıxarkən, gecə yuxudan oyandıran diz ağrılarınız olduqda ortoped - travmatoloq həkiminə müayinəyə getməyi məsləhət edirik.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az