dişlərin fissurlarının hermetizasiyası

Dişlərin fissurlarının hermetizasiyası

834
Müəllif: Rəsul Tağıyev

Paylaşıldı: 04.12.2017
Rəsul Tağıyev

Kiçik və böyük azı dişlərinin çeynəmə səthində fissurlar adlanan təbii şırımlar və yarıqlar mövcuddur. Fissurlarin dərinliyi 0.25 mm-dən 3 mm-dək olur.

Dishlər çıxan anda fissurlar dərin və ensiz olur. Bu zaman dişin mina qatı fissurlarda hələ tam yetişməmiş halda olur. Dərin və ensiz fissurlar diş firçası ilə çox çətin təmizlənir. Qida qalıqları fissurlarda ilişib qalır və həmin andan etibarən orada bakteriyalar toplaşır. Ağız boşluğunda 50 milyard bakteriya yaşayır. Bu bakteriyalar ağız boşluğunun təbii sakinləridir.

Əgər bakteriyalar tez-tez şəkər və şəkər tərkibli qida və içkilər, habelə nişastalı qidalar qəbul edirlərsə, onlar sürətlə çoxalır və yapışqan kütlə halına gəlirlər. Bu bakteriyalar çoxaldıqlarından onların ifraz etdikləri turşunu ağız suyu yuyub apara bilmir. Bu turşular mina qatını əridir və nəticədə kariyes inkişaf edir.

Səthində fissurlar olan bütün dişlərin kariyeslə zədələnmə təhlükəsi vardır. Çünki dərin fissurlarda bakteriyalarin yapışıb qalması üçün yaxşı şərait olur.

Dişlərin fissurlarında kariyesogen mikroorqanizmlərin çoxalmasınin qarşısını almaq üçün fissurların hermetizasiyası aparılmalıdır. Bu prosedura uzun muddət ərzində dişləri fissur kariyesi ilə zədələnmədən qoruyur.

Fissurun hermetizasiyasi nədir?

Hermetizasiya - dişin fissurlarının maye şəkilli axıcı plomblar olan hermetiklərlə doldurulmasıdır. Hermetiklər xüsusi təyinatlı plomb  materialları olub dişlərin səthindəki fissurları doldurmaq üçündür. Onlar fissurların dibinə doğru axaraq oranı doldurur və bununla da bakteriyalar üçün fiziki baryer yaradırlar. Hermetiklərin tərkibinə diş minasını möhkəmlədən flüor daxildir. Dişlərin çeynəmə səthindəki fissurların hermetizasiyası kariyesin qarşısının alınmasında yaxşı nəticə verən üsuldur. Bu üsul fissurlardakı mina qatı ilə karbohidrat və mikroorqanizmlərin təmasınıa yol verilməməsinə əsaslanır.

Yaxşı ifadə olunmamış fissurların, yəni açıq fissurların hermetizasiyasina ehtiyac olmur.

Hermetizasiyanı nə vaxt həyata keçirməli?

Daha çox effektə nail olmaq üçün fissurların hermetizasiyası diş çıxan kimi və ya çıxandan sonra 1 il ərzində həyata keçirilir. Ən effektiv vaxt - diş çıxdıqdan sonra ilk 6 ay ərzində olan dövr hesab olunur.

 – 6-8 yaşda birinci daimi molyarların (6-cı dişlərin) hermetizasiyası həyata keçirilir.
 – 10-11 yaşda premolyarlar (4-cü və 5-ci dişlər) hermetizasiya edilir.
 – 12-13 yaşda ikinci daimi molyarlar (7-ci dişlər) hermetizasiya edilir.

Süd dişlərini  və həmçinin 13 yaşdan sonrakı dövr ərzində daimi dişləri də hermetizasiya etmək olar. Belə hallarda fissurlarda kariyesin başlanğıc formalarıının olub-olmaması yoxlanılmalıdır. Fissurda kariyes müəyyən edilərsə, karioz sahə təmizlənərək fissurun dibi əvvəlcə şüşə-ionomer sementlə örtülür, bundan sonra isə üstü hermetiklə bağlanır.

Hermetizasiya necə həyata keçirilir?

Bu prosedur tamamilə ağrısız olub keyidici iynə vurulmadan və diş yonulmadan həyata keçirilir. Dişin səthi təmizlənir, sonra fissur işıqla bərkiyən hermetiklə örtülür. Prosedur bir neçə dəqiqə ərzində həyata keçirildiyindən bir gəlişə bir neçə dişin hermetizasiyası mümkündür. Fissurların hermetizasiyasından sonra ildə 2 dəfə dişin sərt toxumalarına nəzarət məqsədi ilə həkim-stomatoloqa müraciət etmək tövsiyyə olunur. Siz fissurların vaxtında edilmiş hermetizasiyası sayəsində dişlərin zədələnərək dağılmasından və daha yüksək maddi vəsait tələb edən diş müalicələrindən qurtula bilərsiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.